MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Zərif cinsin əsgərləri - I YAZI
İkinci Dünya Müharibəsində sovet və alman cəbhəsində qadınların dəniz donanmasından hərbi aviasiyaya qədər müxtəlif qoşun birləşmələrində xidmət etməsi faktları mövcuddur. Müharibədən sonrakı dövrdə müxtəlif ölkələrin ordularında qadınlar həm döyüşən hərbi birləşmələrdə, həm də qərargah sistemlərində müəyyən hərbi vəzifələr tutmağa başladılar. Bir sıra dövlətlərdə qadınlar ordunun komplektləşdirilməsi üçün əlavə qüvvə sayılmaqla yanaşı, hətta müdafiə naziri vəzifəsinə çəkilməyə başladı. Bu gün dünya ölkələrinin əksəriyyətinin ordularında zərif cinsin nümayəndələrinə rast gəlmək olur.

Avropa ordularında qadınların sayının artması nəticəsində NATO-nun tərkibində Qadın Hərbi Komitəsi yaradıldı. Bu komitə NATO ordularında hərbi xidmət keçən qadınların işləri, onların hüquqlarının qorunması, problemlərinin həlli ilə məşğul olur.
NATO-da ən böyük hərbi qüvvəyə malik olan ABŞ ordusunun şəxsi heyətinin tərkibində qadınların çəkisi 14% və ya 198 min 452 nəfərdir. NATO-ya üzv olan 26 ölkə arasında qadın əsgərlərinin sayına görə sonuncu yerdə Türkiyədir - 1000 nəfər.
NATO ölkələri arasında qadın əsgərlərinin sayına görə birinci üçlükdə ABŞ-dan sonrakı yerləri 11,4%-lə Kanada (6 558 nəfər), 9,6%-lə Macarıstan tutur. Ordusunda 27 516 qadının xidmət etdiyi Fransa isə faiz göstəricisinə görə (8,5%) dördüncü yerdə dayanır. Son üçlüyə isə Türkiyə ilə yanaşı 0,1% göstərici ilə İtaliya (3500 nəfər) və Polşa düşüb.
NATO ölkələrindən Böyük Britaniya ordusunda qadınların çəkisi 8,1% (16 623 nəfər), Belçikada 7,6%, Yunanıstanda 3,8%, Almaniyada isə 2,8% təşkil edir.
NATO-nun üzvü olmayan İsrail, Çin, Şimali Koreya, İran, Rusiya kimi dövlətlərin Silahlı Qüvvələrində də çağırış və müqavilə əsasında çoxlu sayda qadın xidmət keçir.



                                 

                                                          

Müsəlman ölkələrindən isə ən çox qadın İran ordusundadır. İran ordusundakı qadınlar da kişilər kimi ağır təlimlər keçirlər. İran ordusunda qadın xüsusi təyinatlı dəstələri, qadın snayper bölükləri mövcuddur. İran qadınların kişilərə nisbətən daha sərrast atəş aça bilməsi bacarıqlarından müvəffəqiyyətlə yararlanır.

Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə 20 yaşı çatmış qadınlar hərbi xidmətə çağrılır, çətin təlimlərdən sonra xüsusi taborların tərkibində cəbhəyə göndərilirlər. İsrail ordusunda qadın və kişilərin xidmətində fərq yoxdur.

Dünya ordularında bu gün qadınların böyük qismi əsasən arxa təminat və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edirlər.

“Macəra dolu Amerika”

Bu gün ABŞ Silahlı Qüvvələrinin bütün qoşun birləşmələrində qadınlara rast gəlmək mümkündür. Alyaskadan, Havay adalarından tutmuş xaricdəki hərbi bazalara, İraq və Əfqanıstanda döyüşən birliklərə qədər.

Bu il ABŞ tarixində ilk dəfə olaraq qadın hərbçi Enn Danvudiyə ordu generalı rütbəsi verilib. Danvudinin hərbi rütbəsinin artırılmasını gələcəkdə ordunun maddi-texniki təminatının idərə edilməsinin ona həvalə olunması ilə əlaqələndirirlər. İndiyə kimi ABŞ tarixində heç bir qadın hərbi xidmətinə görə bu cür rütbə əldə etməyib.

Pentaqonun yaydığı məlumatlara görə, 2002-ci ildən indiyədək Əfqanıstan, İraq və Yaxın Şərqdə aparılan hərbi əməliyyatlarda 160 mindən artıq qadın hərbçi iştirak edib. Bura logistik qoşunlardan, hərbi aviasiya, reyncer birlikləri, həmçinin dəniz piyadalarında xidmət edən qadın hərbçilər də daxildir.

Birləşmiş Ştatların ən elitar qoşun növü sayılan dəniz piyadasında xidmət etmək çoxlarının arzusudur. Tapşırıqları heç də asan olmayan dəniz piyadası ABŞ ordusunun zərbə qüvvəsi hesab edilir. Bu gün adıçəkilən qoşunlarda kişilərlə yanaşı yüzlərlə qadının xidmət etməsi maraq doğurur.


Dəniz piyadası olmaq istəyən qadınlar Cənubi Karolina ştatındakı Parris adasında yerləşən hərbi bazada təlimlər keçirir. Son məlumata görə, adıçəkilən hərbi bazada dəniz piyadası olmaq üçün təlimlər keçən 45 min əsgərdən 600-ü qadındır. Burada orduya yenicə qədəm qoymuş qadınlar kişilərdən ayrı təlim keçsələr də, onların 12 həftəlik təlim məşqləri kişilərin təlimindən fərqlənmir.

“Defencmagazine” dərgisi yazır ki, Parris adasındakı hərbi bazada dəniz piyadası olmağı qarşısına məqsəd qoymuş zərif cinsin nümayəndələri olduqca ağır sınaqlardan keçməli olurlar. Dərginin yazdığına görə, burada xidmətə başlamış 19 yaşlı Hope Quintana təlimlərinin onun düşündüyündən daha ağır olduğunu qeyd edib. Qadın dəniz piyadası deyir ki, keçdikləri təlimlər fiziki cəhətdən çox ağırdır. Onlar yüklə uzun məsafəyə qaçmalı, çətin maneələri dəf etməli, həmçinin, uniforma və əsgər çantası ilə üzməli və s. tapşırıqları yerinə yetirməlidirlər.

Bazada qadın kursantlar eyni zamanda M-16 tüfəngindən sərrast atəş açmağı öyrənir, həmçinin müharibədə dayanıqlılığı müəyyənləşdirən 54 saatlıq dözüm imtahanı verirlər. Bu cür çətinliklər səbəbindən hərbi bazaya gələn qadınların orta hesabla 20%-ə yaxını təlimləri tamamlaya bilmir.

Maraqlıdır ki, hazırda Amerika qanunvericiliyi qadınların müharibə zonalarında əldə silah bilavasitə döyüşə göndərilməsini qadağan edir. Amma qadınlar hərbi əməliyyat zonasında sürücü vəzifəsindən tutmuş hərbi təyyarələrin pilotu olmaq kimi yardımçı vəzifələri icra edirlər.

Rəsmi məlumatlara görə, 2001-2006-cı illərdə İraq və Əfqanıstanda gedən hərbi əməliyyatlarda ABŞ-ın 70-dək qadın hərbçisi həlak olub. ABŞ Silahlı Qüvvələri Hərbi Hazırlıq Mərkəzinin məruzəsində qeyd olunur ki, qadınlardan 62 nəfəri İraqda, 8 nəfəri isə Əfqanıstanda həlak olub. Onlardan 7 nəfəri 18 yaşındadır. Mərkəzin məruzəsində qeyd olunur ki, qadınlar əvvəlki savaşlarda daha çox tibbi heyət olaraq çalışdıqları halda, son savaşlarda pilot, avtomobil sürücüsü, hərbi polis kimi iştirak edirlər.

Başqa ordularda nə var, nə yox...

Böyük Britaniya Silahlı Qüvvələrinin tərkibində münaqişə zonalarında yüzlərlə qadın xidmət edir. Qadınların hərbi xidmət keçməsi ilə əlaqədar yaranmış bəzi çətinlikləri araşdıran Baş Qərargah bir neçə il əvvəl cəbhədə döyüşən qadın əsgərləri geri çağıracağını bəyan etmişdi. Ekspertlərin apardıqları araşdırmalardan sonra belə bir fikr yaranıb ki, qadın əsgərlər fiziki cəhətdən düşmənlə qarşı-qarşıya gəlməyə uyğun deyil.

Şəxsi heyəti 140 min nəfər olan İngiltərə silahlı qüvvələrində xidmət edən qadınların sayı 16 mindən çoxdur. Ötən ildən etibarən Britaniyanın ordu rəhbərliyi qadınların xidmət zamanı qarşılaşdığı problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirməyə başlayıb. Diqqəti çəkən ilk fakt budur ki, ordusunda qadınlar xidmət edən ölkələr arasında İngiltərə ilk olaraq qadın əsgərlər üçün xüsusi botinkaların istehsalına başlayıb. Müdafiə Nazirliyi tərəfindən istehsal edilən bu botinkalar qadınların ayaq quruluşuna uyğunlaşdırılıb. Topuq hissəsi digər botinkalarla müqayisədə daha dar olan botinkaların 1 cütünün qiyməti 160 dollardır.

İsraildə isə artıq ictimaiyyət qadınların hərbi xidmət keçməsinə qarşı çıxmağa başlayıb. Xatırladaq ki, mart ayında bir qrup israilli din adamları (hahamlar) qadınların orduda məcburi hərbi xidmət keçməsinə qarşı çıxış etmişdilər. Din xadimlərindən ibarət Yəhudi xalqının Ali İstintaq Məhkəməsi (Sanhedrin) təşkilatı fətva yayınlayaraq, qadınların hərbi xidmətə çağırılmaması tələbini irəli sürüb. “Yedioth Ahranot” qəzetinin yazdığına görə, təşkilat hazırda xidmət keçən qadınların ordudan uzaqlaşdırılmasını istəyir.

Qadın hərbçilər üçün ən yaxşı şəraitin İtaliya ordusunda yaradıldığı bildirir. Maraqlı bir faktı qeyd edək ki, italyan ordusunda xidmət edən qadınlardan biri müsəlmandır. Aosta regionunun Castello Cantore məntəqəsində xidmət edən Nabila əl Habakinin 18 yaşı var. Habaki jurnalistlərə müsahibəsində maraqlı bir məqama toxunub: “Donuz əti yemədiyim üçün hərbi hissədə mənə ayrıca yemək hazırlayırlar. Bu zaman müsəlman adətləri diqqətə alınır”. Nabilanın xidmət etdiyi Alpinist Təlim Mərkəzinin komandanı, general Klaudio Berto isə deyir ki, xidmət zamanı müsəlman qadın hərbçinin bütün şəxsi ehtiyacları diqqətə alınır.

Şəxsi heyətinin sayına görə dünyanın ən böyük ordularından sayılan Rusiya silahlı qüvvələrində qadınlar, digər ölkələrdən fərqli olaraq, “seks simvol” sayılırlar. Moskvada təşkil olunan hərbi paradlarda qadın hərbçilər xüsusi olaraq keçid edirlər. Xüsusilə mini geyimli, yaraşıqlı rus hərbçi qadınlarının keçidini izləmək üçün Moskvaya axışan əcnəbi turistlərin sayı ilbəil artmaqdadır.

Maraqlı bir faktı da qeyd etmək yerinə düşər. Ötən il qadın ordu mənsublarının etirazına səbəb olduğundan Şimali Avropa ölkələrinin Hərbi Qüvvələrinin emblemi dəyişdirilib. 1809-cu ildə İsveç tərəfindən yaradılmış, hazırda Avropa Birliyinin egidası altında olan hərbi birlikdə Norveç, İrlandiya, Finlandiya və Estoniya hərbçiləri təmsil olunurlar. Uzun illər hərbi birləşmənin emblemində əlində qılınc, cinsi orqanı görünən bir erkək aslan əksi olub. 2800 nəfərlik bu qüvvələrin tərkibində xidmət keçən qadın hərbçilər emblemin dəyişdirilməsi məqsədi ilə imza toplayaraq, Avropa Ədalət Məhkəməsinə müraciət etdi. Məhkəmə qadınların iddiasını qəbul elədi və 2007-ci ildə hərbi birləşmənin emblemindən aslanın cinsi orqanın “çıxarıldı”.

Digər maraqlı bir olaysa bu il Avstraliya ordusunda yaşandı. Orduya yeni əsgərlər toplamaq üçün Müdafiə Nazirliyinin üzərində hərbçi qadın şəkli olan broşür nəşr etdirməsi silahlı qüvvələrdəki qadın hərbçiləri ayağa qaldırdı. Qiyməti 100 min dollar olan, Müdafiə Nazirliyinin reklam kampaniyası çərçivəsində nəşr etdirilmiş broşürdə əynində dar şalvar geymiş, göbəyi açıq bir qadın əsgərin mətbəxdə, hospitalda, vertolyotda və s. yerlərdə müxtəlif pozalarda şəkilləri dərc olunmuş, üzərində isə “Səni istəyirik” sözü yazılmışdı. Kampaniya başlamazdan əvvəlki həftə ərzində orduya 35 nəfər yazıldığı halda, reklamdan sonra bu say birdən-birə artaraq, 450-yə çıxıb. Avstrailiya ordusunda xidmət edən qadın zabitlər mətbuata açıqlama verərək, nazirliyin bu reklam kampaniyasını sərt tənqid etdilər.

Qadın əsgərlərin ən böyük problemi - təcavüz

Hərbi xidmət keçməsinə, silah götürməsinə, hətta adam öldürməsinə baxmayaraq, qadın hərbçi zərif cinsin nümayəndəsi olaraq qalır. Hüquq-müdafiə təşkilatlarının təqdim etdiyi məlumatlara görə, “zərif əsgərlər”in ən çox qarşılaşdıqları problem onlara silahdaşları tərəfindən edilən təcavüzlərlə bağlıdır. Adıçəkilən problem özünü daha çox ABŞ və İngilis ordusunda göstərir.

“Independent on Sunday” qəzetinin yazdığına görə, İngiltərə Krallığının Hava Qüvvələri üçün hazırlanmış məruzədə orduda cinsi təzyiqlərə məruz qalan qadınların yalnız yarısının şikayət etdikləri bildirilir.

Krallığın Hava Qüvvələri üçün hazırlanan bir məruzəyə görə, 2005-ci il ərzində 1000-dən çox qadın əsgərə yuxarı rütbəli həmkarları tərəfindən təcavüz edilib. Məruzədə Hərbi Hava Qüvvələrində xidmət müddətində qadın hərbçilərin yarısının ən azı bir dəfə təcavüzə məruz qaldığı bəyan olunur.

İraqdakı ABŞ ordusunda xidmət keçmiş çavuş Kayla Williams “Silahımı səndən çox sevirəm” adlı kitabında uzaq, hərbi əməliyyatların getdiyi bir ölkədə kişilərin arasında qadın əsgərlərin üzləşdiyi çətinlikləri anladır. K. Williams yazır ki, qadın hərbçilərə orduda yalnız seks simvol kimi baxırlar. İraqdakı amerikan əsgərlərini “seks düşgünü” adlandıran çavuş Kayla Williams bu orduda xidmət edən qadın hərbçilərin daha güclü olmasının vacibliyini qeyd edir: “Qadın əsgərlər tək düşmən qarşısında deyil, aylarla aralarında yalqız qaldığı kişilər qarşısında da güclü olmalıdır. Mən İraqda olarkən çox zaman özümü bir parça ət kimi hiss etdim”. Kayla yazır ki, İraqda zabitlər gecə çadırlara gələrək, qadın əsgərlərə təcavüz edirdilər.

Bir neçə il əvvəl Kərbala yaxınlığındakı hərbi bazada xidmət keçən baş çavuş Suzanne Swift komandiri tərəfindən zorla cinsi əlaqəyə cəlb olunub. Düz 4 ay zabitinin təcavüzünə məruz qalan baş çavuş buna etiraz etdikdə şəxsi heyət qarşısında alçaldılıb. Məzuniyyətini başa vurandan sonra orduya qayıtmaq istəməyən qadın çavuş fərari olaraq tribunala verilib. Tribunal onun rütbəsini azaldıb.

K.Williamsın kitabında qeyd olunan məsələ Nümayəndələr Palatasında hazırlanmış məruzədə də öz əksini tapır. Ötən il ABŞ ictimaiyyəti arasında səs-küyə səbəb olmuş məruzədə Amerika ordusunda xidmət edən qadınların 41%-nin cinsi basqılara və təcavüzlərə məruz qaldığı qeyd olunub.

Məruzənin müəllifi, senator Jane Harman qeyd edib ki, “ABŞ ordusunda xidmət edən qadın hərbçilər İraqda güllərdən daha çox silahdaşlarının cinsi basqılarına hədəf olurlar”.

J.Harman bir xəstəxanada müalicə alan 10 qadın əsgərdən 4-nün təcavüzə uğrayaraq bura düşdüyünü qeyd edib.

J.Harman ABŞ ordusunda təcavüzə uğrayan qadınların sayının İraqda ölənlərdən çox olduğunu bəyan edib. Pentaqonun açıqladığı məlumata görəsə, 2007-ci ilin ortalarınadək İraqda 100 qadın əsgər həlak olub. Amma ötən il ərzində cinsi təcavüzlə bağlı Pentaqona 2121 müraciət daxil olub. Bunlardan yalnız 181 hadisə ilə bağlı iş açılıb,

ABŞ-ın “Salon” xəbər saytının yazdığına görə, daha çox İraqda xidmət edən qadın əsgərlər öz kişi silahdaşlarının təcavüzü ilə üzləşir: “Vəziyyət elədir ki, qadınlar təkbaşına nə hamama, nə də ayaqyoluna gedə bilmirlər. Gecələr təkbaşına kazarmalarından bayıra çıxmağa qorxurlar. 2004-cü ildən bu yana təcavüz hallarının sayı artmaqdadır. Təcavüzə məruz qalan qadın əsgərlərin sayının artmasına baxmayaraq Pentaqon bunun qarşısını almaq üçün heç bir tədbir görmür”.

Ümumiyyətlə, təcrübə göstərir ki, hərbçi peşəsini seçmiş qadınlar ən çox ailə problemləri ilə qarşılaşırlar. Bu, demək olar ki, dünyanın bütün ordularında mövcuddur. Yeri gəlmişkən, aparılan sorğular zamanı məlum olub ki, ABŞ ordusunda qadın hərbçilərin 55%-i, Böyük Britaniyada 40-45%-i, Almaniyada 57-60%-i, Fransa və İtaliyada isə 80%-i ailə qurub.
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74169 ziyaretçi (120018 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol