MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycan 2015-ci ilədək hərbi sənaye imkanlarına görə regionda lider olacaq

Aprelin 27-dən 30-dək İstanbulda keçiriləcək İDEF-2009 hərbi sərgisində Azərbaycan tarixində ilk dəfə müstəqil şəkildə təmsil olunacaq. Artıq bu sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrinin iştirakı dəqiqləşib. Sərginin təşkilat komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan üçün sərgidə 30 kvadratmetrlik stend ayrılıb. Azərbaycanın bu stendlərində müxtəlif atıcı silah, müdafiə təyinatlı vasitələr, həmçinin bəzi texnikalarla bağlı məlumatlar yerləşdiriləcək.

 

Azərbaycan bu günədək – İDEX, İDEAS, MİLEX, İNTERPOLITEX, “Kompleks Təhlükəsizlik” və s. beynəlxalq kimi müxtəlif beynəlxalq hərbi sənaye sərgilərində daha çox ziyarətçi qismində iştirak edib. Rusiya və Belarusda keçirilən sərgilərdə isə bu ölkənin müəssisələri ilə müştərək istehsal olunmuş bəzi məmulatlar qarşı tərəfin stendlərində nümayiş etdirilib.

 

Azərbaycan ötən ilin noyabr ayında Pakistanda keçirilən İDEAS-2008 sərgisinə qatılıb. Türkiyə ilə imzalanmış protokola uyğun olaraq Azərbaycanın hərbi məhsulu (“İstiqlal” snayper tüfəngi) Türkiyə pavilyonunda ayrılmış xüsusi stenddə nümayiş etdirilib. Türkiyə nümayəndə heyətinin verdiyi bilgilərə görə, bir sıra dövlətlərdən olan hərbçilər “İstiqlal”la maraqlanmağa başlayıb.

 

MSN-dən İDEF-2009 sərgisində Azərbaycanın hansı məhsulları nümayiş etdirəcəyini dəqiqləşdirmək mümkün olmasa da hərbi mənbələrdən Lent.az-a daxil olan məlumata görə, Azərbaycan İDEF-də əsasən “İstiqlal” snayper tüfəngini, avtomat tüfəngi, matador və marauder tipli zirehli texnikaların nümunələri, həmçinin hərbi və mülki sənayedə istifadə olunan elektron çap lövhələrini, kiçik çaplı minaatanları sərgiləyəcək.

 

Maraqlıdır ki, fevral ayında Əbu-Dabidə keçirilən İDEX-2009 hərbi sərgisinə Azərbaycan dəvət olunsa da Müdafiə Sənayesi Nazirliyindən rəsmi nümayəndə heyəti təmsil olunmayıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycan tarixində ilk dəfə olaraq istehsal edilmiş silah, sursat, hərbi ləvazimatlar və texnikalar nümayiş etdirilib. Dövlət başçısının iştirakı ilə “Radioquraşdırma”, Elektron Hesablayıcı Maşınlar və MSN-in Elmi Tədqiqat İnstitutunun açılışında müdafiə sənayesinin ötən dövrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. İstehsal edilmiş kiçik çaplı minaatanlar, tank əleyhinə minalar, mərmilər, qoruyucu vasitələr, artilleriya sistemi, rabitə vasitələri, həmçinin avtomat tüfəng, matador və marauder tipli texnikalar nümayiş olunub.

 

Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin hesablamalarına görə, Azərbaycan 2015-ci ilədək Cənubi Qafqaz regionunda hərbi sənaye imkanlarına görə lider olacaq. Bu dövrdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda hərbi sənayenin xüsusi çəkisinin 15-17% təşkil edəcəyi gözlənilir.

 

“Bura təkcə hər hansı hərbi texnikanın, yaxud silahın və onların hissələrinin istehsalı deyil, ordunun təchizatı üçün ərzaq, tekstil məhsulları istehsalı da daxil edilərsə, 20%-dən danışmaq mümkündür. Azərbaycan Rusiya, Belarus və Ukraynadan sonra iqtisadiyyatın bu sektoruna ən çox büdcə vəsaiti ayıran dövlətdir”, - deyə mərkəzin hərbi sənaye üzrə eksperti, əvvəllər Pakistanın aviasiya müəssisələrində çalışmış Rehan İqbal bildirib.

 

Mərkəzin 2008-2015-ci illər üçün proqnozlarına görə, Azərbaycan hərbi sənayesi ilk 5 ildə iqtisadi böhrana baxmayaraq inkişaf prosesi keçməklə öz məhsullarını Mərkəzi Asiya, həmçinin Cənub Şərqi Asiya bazarlarına çıxarmağı bacaracaq. Eyni zamanda keçmiş sovet texnologiyalı sənayenin müasirləşməsi və Avropa hərbi sənaye kompleksinə inteqrasiyası həyata keçiriləcək.

 

“Hərbi sənayenin inkişaf etdirilməsi üçün Azərbaycanın qonşu Gürcüstan, Ermənistan və Mərkəzi Asiya ölkələrindən fərqli olaraq həm maddi, həm də texniki imkanları mövcuddur. Bu istiqamətdə Bakının addımları Türkiyə, İsrail, Ukrayna və Pakistan kimi dövlətlər tərəfindən dəstəklənir”, - deyən ekspert son 3 ildə dövlət büdcəsindən qurulmaqda olan hərbi sənaye sektoruna 1 milyard dollara yaxın investisiya yatırımına diqqət çəkib.

 

Mərkəzin təhlillərinə əsasən Gürcüstan hərbi sənayesində əsas yeri aviasiya istehsalı, zirehli texnikanın təmiri, Ermənistanda kosmik, elektron və rabitə sistemlərinin istehsalı tutur. Azərbaycanda isə hərbi sənaye kompleksi geniş sahəlidir. Bura elektrooptik vasitələrin, rabitə sistemlərinin, atıcı silahların, zirehli transportyorların, artilleriya sistemlərinin istehsalından tutmuş kosmik sənayeyə qədər sahələr daxildir.

 

R.İqbal hesab edir ki, Azərbaycan nəhəng dövlətlərin təsiri altında olan bazara girmək üçün İsrail kimi, hərbi sənaye sektorunda yeniliklər etməyə çalışır. Həmçinin bir sıra ölkələrin təcrübəsindən yararlanaraq birgə istehsalın təşkili istiqamətində tədbirlər həyata keçirir: “Azərbaycan Cənubi Afrikanın “Paramount Group” şirkətinin postsovet məkanında yeganə istehsalçı tərəfdaşıdır. Türkiyənin ROKETSAN və ASELSAN kimi nəhəng şirkətləri, Pakistanın qabaqcıl müəssisələrinin birgə istehsala cəlb olunması bu baxımdan maraqlıdır. Hazırkı dövrdə müstəqil, dövlətdən asılı olmayan hərbi müəssislərin yaradılması həyata keçirilərsə, bu sahəni perspektivli sektora çevirmək mümkün olacaq”.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74212 ziyaretçi (120089 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol