MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycan NATO-nun logistik planlarında: iqtisadi maraqlar və gözlənilən təhdidlər

“Manevr”Jurnalist Araşdırmaları Mərkəzi

 

Ötən gün Bakıda Əfqanıstandakı Hərbi Əməliyyatlara dəstək üçün Nəqliyyat Dəhlizlərinin Əlaqələndirilməsi mövzusunda keçirilən konfrans Azərbaycanın NATO-nun şərqə doğru genişlənməsində mühüm yer tutduğunu bir daha göstərdi. Son günlər Əfqanıstanda vəziyyətin kritikləşməsi və oradakı qüvvələrin təchizatı ilə bağlı məsələnin aktuallaşması bəzi Avropa ölkələrinin əvvəllər birmənalı yanaşmadığı, TRACECA dəhlizinin (Azərbaycan və Gürcüstandan keçir) rolunu artırmaqdadır. Lazımi infrastruktrun mövcudluğu, həmçinin təhlükəsizlik baxımından etibarlılığı TRACECA dəhlizinin effektliliyini sübuta yetirir.

 

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) təchizatını həyata keçirən NATO-nun Logistik Qüvvələrinin nəqliyyat karvanlarının bu ölkənin Pakistanla sərhədində Taliban yaraqlıları tərəfindən atəşə tutulması və çoxsaylı itkilər, həmçinin Qırğızıstanın «Manas» hərbi bazasını bağlaması NATo və ABŞ-ı yeni təchizat marşrutları seçməyə vadar edib.

 

Rəsmi məlumatlara görə, 2001-ci ildə Əfqanıstan əməliyyatları başlayandan Azərbaycan Alyansın logistik planlarında yer tutub. 2002-ci ildən başlayaraq Əfqanıstana uçan NATO təyyarələri Azərbaycanın iki hava limanında – Heydər Əliyev Beynəlxalq Hava Limanı və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodromundan istifadə edib. Əfqanıstana uçan hərbi və nəqliyyat təyyarələrinin hərəkətini asanlaşdırmaq məqsədi ilə NATO o zaman Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodromunun modernləşdirilməsinə kömək edib. Hazırda bu aerodromdan NATO-nun hərbi nəqliyyat təyyarələri istifadə edirlər. Bundan başqa, Əfqanıstandakı beynəlxalq sülhyaratma qüvvələri üçün Azərbaycanın neftayırma müəssisələrində benzin və dizel yanacağı tədarük olunub.   

 

İqtisadi maraqlar

 

Hazırkı dövrdə Çindən Avropaya və əks istiqamətə göndərilən yüklərin bir qismini TRACECA dəhlizinə cəlb etməyə çalışan ölkələr NATO-nun hazır və «alyansın özünün təklif etdiyi» yüklərini ötürməklə durduqları yerdə gəlir əldə etmiş olurlar. Eyni zamanda alyansın etibarını qazanılır.

 

Hazırda üzərində müzakirələrin aparıldığı Poti-Bakı-Aktau-Özbəkistan-Əfqanıstan marşrutunun Azərbaycan üçün bir sıra iqtisadi üstünlükləri var. Bunlar aşağıdakılardır:

 

- Azərbaycanın tranzit potensialı artacaq;

 

- Hazır yüklərin daşınmasına Azərbaycanın nəqliyyat vasitələri (dəmir yolu, hava və dəniz nəqliyyatı) cəlb edilməklə gəlirlər əldə olunacaq;

 

- Poti-Bakı-Aktau konteyner qatarı layihəsi reallaşacaq;

 

- TRACECA dəhlizinin rolu artacaq və bu dəhliz iqtisadi əhəmiyyəti ilə yanaşı hərbi və humanitar əhəmiyyətini nümayiş etdirmiş olacaq;

 

- Azərbaycan şirkətləri Əfqanıstandakı koalisiya qüvvələrinin təchizatına qatılmaqla öz məhsullarını yeni bazara çıxarmış olacaqlar;

 

- Azərbaycan tranzit ölkə olmaqla yanaşı müttəfiqlərdən istifadə etməklə nəqliyyat infrastruktrunda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına nail olacaq.

 

TRACECA dəhlizinin təhlükəsizlik problemi

 

Peşavər (Pakistan)-Kabil marşrutunda son yaşantılar, eləcə də «Manas» aviabazasının icarəsinə dair müqavilənin ləğvi bir daha göstərdi ki, hərbi əməliyyatların təchizatında rol oynayan nəqliyyat infrastrukturları bu və digər qüvvələr tərəfindən təhdidlərlə istənilən zaman üzləşə bilir. Xüsusilə də Mərkəzi Asiya kimi həssas bölgədə.

 

Bu baxımdan da seçilmiş nəqliyyat dəhlizlərinin təhlükəsizliyi qarşıda duran bir nömrəli məsələlərdəndir və bildiyimiz qədər NATO-nun da diqqətindədir.

 

TRACECA-nın 10 illik tarixinə nəzər saldıqda bu dəhlizlə bağlı bir sıra problemlərin öz həllini tapmadığını görmüş oluruq. Bu proqramda iştirak edən 12 dövlətin hər hansı bir məsələdə konsesusa gələnə qədər Rusiyanın çıxardığı qərarlar dəhlizin işinə təsir göstərib. Məlum olduğu kimi Rusiya açıq şəkildə TRACECA dəhlizinə qarşı olduğunu bildirməsə də müəyyən məsələlərlə bağlı verdiyi qərarlar rəsmi Moskvanın bu layihəni maksimum şəkildə əngəlləyib sıradan çıxarmaq marağında olduğunu açıq-aydın göstərir.

 

Şübhəsiz ki, ABŞ-ın uzaq və səmərəsiz Latviya-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutundan fərqli olaraq TRACECA dəhlizini seçməsi rəsmi Moskvanı qıcıqlandırmış olacaq. Rusiya və addımlarını Moskvanın marşına uyğunlaşdıran İranın TRACECA-da gerçəkləşdiriləcək bu logistik layihəyə qarşı çıxışlar etməsi mümkün variantlardandır. Bu da öz növbəsində NATO-nu və ABŞ-ı TRACECA dəhlizində təhlükəsizliin daha da yüksək səviyyədə təşkilinə diqqət yönəltməyə məcbur edəcək.

 

NATO-nun öz hərbi-humanitar yüklərini iqtisadi məramlı TRACECA dəhlizinə yönəltməsi yaxın perspektivdə aşağıdakı təhdidləri meydana çıxaracaq:

 

- Regionda siyasi-hərbi vəziyyətin daha da kəskinləşməsi;

- Rusiya və İranın açıq və dolayısı dəstəyi ilə yeni münaqişə ocaqlarının yaranması;

- Maraqlı dövlətlərin xüsusi xidmət orqanlarının dəstəklədiyi terrorçu qrupların aktivləşməsi;

- Rusiya tərəfindən iqtisadi təzyiq rıçaqlarının işə salınması;

 

Nə etməli?

 

Fikrimizcə, sadalanan bu təhdidlər nəinki logistik səmərəliliyi heçə endirəcək, hətta regiondakı təhlükəsizlik situasiyasını dəyişə biləcək. Bu konteksdə onsuz da həssas bölgə olan Cənubi Qafqazda vəziyyətin yaxşı olmayacağını düşünmək olar. Bu baxımdan, TRACECA dəhlizini seçən NATO və müttəfiqlərinin aşağıdakı məsələlərə diqqət yetirmələri vacibdir:

 

A) Regiondakı münaqişələri həlli istiqamətində səylərin aktivləşdirilməsi və separatçı rejimlərə təzyiqin gücləndirilməsi;

 

B) Rusiyanın mümkün qədər neytrallaşdırılması və Moskva ilə dialoqun aktivləşdirilməsi;

 

V) TRACECA dövlətlərinin (NATO-üzv dövlətlər istisna olmaqla) arasında siyasi və təhlükəsizlik sahəsində əlaqələrin sıxlaşdırılması;

 

Q) Dəhlizdə nəqliyyat təhlükəsizliyinin təmin olunması, iştirakçı dövlətlər arasında bu sahədə əlaqələrin koordinasiyası;

 

D) Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistana hərbi və təhlükəsizlik sahəsində birbaşa və dolayısı yardımların artırılması, bəzi zəruri avadanlıq və məmulatların satışına qoyulan qadağanın götürülməsi;

 

E) Xəzər və Qara dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, terror təhdidlərinin minimuma endirilməsi üçün hərbi dəniz və sərhəd qüvvələrinin gücləndirilməsi;

 

J) NATO-nun bilavasitə iştirakı ilə İranın radikal hərəkətlərinə və mümkün hədələrinə cavab vermə imkanının yaradılması (bura güclü hava hücumundan müdafiə sisteminin qurulması daxildir);

 

F) Türkiyənin regionda rolunun gücləndirilməsi və NATO tərəfindən Ankaraya regional təhlükəsizliyə cavabdeh dövlət mandatının verilməsi.

 

Xatırladaq ki, «Manevr» Jurnalist Araşdırmalar Mərkəzi hələ ötən il NATO mənbələrinə istinadən alyansın Azərbaycan da daxil olmaqla region dövlətləri ilə təhlükəsizlik sektoruna bağlı bir sıra yeni layihələr, proqramlar reallaşdırmaq niyyətində olması barədə məlumatlar vermişdi. Xatırladaq ki, bu sıraya regional və beynəlxalq əhəmiyyətli infrastrukturların və obyektlərin mühafizəsinin təşkili ilə bağlıdır. Bura neft-qaz infrastrukturu, yol və nəqliyyat sektoru, hava və dəniz limanları, terminallar, su anbarları, elektrik stansiyaları və s. etibarlı mühafizəsinin təşkili və s. daxildir.

 

 

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74087 ziyaretçi (119883 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol