MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Minalanmış yollarda

Uşaqlığımız cəbhə xəttində keçdiyindən mina probleminin ağrı-acısını da hamıdan çox duyan bəlkə də bizlər olmuşuq. Mina və partlamamış hərbi sursatların insanlara vurduğu ağır zərbələr gözümüzün önündə olub.

1994-cü ilin may ayında kəndimizə qayıtmışdıq. Atəşkəs yenicə imzalandığından kəndlərdə yerli sakinlər çox az idi. Evlər yanıb-dağılmışdı. Kəndin üç-dörd yerində minaya düşmüş, vurulmuş hərbi texnikalar qalmışdı. Kəndlərdə mülki əhalidən çox hərbçilərə rast gəlinirdi.

Hər addımda minaya və atılıb qalmış digər döyüş sursatlarına rast gəlmək olurdu. Xüsusilə də vaxtı ilə Azərbaycan və Ermənistan silahlı birləşmələrinin mövqeləri arasında qalmış ərazilər, əsas hərəkət yollarından kənar cığırlar minalandığından çox təhlükəli hesab olunurdu. Atəşkəsdən sonra hərbçilər minaaxtaran cihazların qeydə almadığı, İtaliya istehsalı olan bir neçə mina da tapmışdılar.

Amma buralarda minanın olduğunu göstərən heç bir işarə qoyulmamışdı. Valideynlər uşaqlarına bərk-bərk tapşırırdılar ki, “tanımadığınız əşyaları götürməyin!”.

Gördüyümüz mənzərələr dəhşət doğururdu. Minaya düşmüş birayaq insanlar, üçayaq heyvanlar, hansısa mina qurbanının koldan-kosdan asılıb yellənən qurumuş bədən hissələri…

Bir gün içində iki mina partlayışı baş vermişdi. İndiyədək unuda bilmədiyim bu hadisələr zamanı 4 nəfər elə hadisə yerindəcə həlak olmuşdu.

OMON adlandırdığımız xüsusi təyinatlı polis dəstəsinin 2 əsgəri yolun kənarında minaya düşmüşdü. Hadisə yeri qan içindəydi. OMON-çulardan biri həlak olmuş, digəri isə hər iki qıçını itirmişdi. Hələ də huşu özündə olan yaralı polis silahını alnına dirəyib “belə yaşamaqdansa ölmək yaxşıdır”,-deyib atəş açdı.

Gözümüz önündə baş verən hadisənin şokundan çıxmamış digər bir hadisə baş verdi. Bizimlə paralel oxuyan Şahin və Zaur adlı iki gənc məktəbin həyətində tapdıqları minanı götürərkən həlak olmuşdular.

Ölümdən qurtarıb ölümə cəhd etdi

Füzuli rayonunun Böyük Bəhmənli kəndi işğaldan azad olunandan sonra geri qayıdan ilk sakinlərdən biri də Əbdül Məmmədovdur. Dediyinə görə, o, minaya gözləmədiyi bir ərazidə - həmişə istifadə etdiyi cığırda düşüb. Təsadüfən cığırdan kənara çıxan Əbdül mina qurbanı olub. Partlayış nəticəsində bir ayağını dizdən aşağı itirən Ə.Məmmədov hərbçilərin köməyi nəticəsində hospitala çatdırıldığından salamat qalıb.

Ə.Məmmədov deyir ki, partlayış baş verib və o, huşunu itirib. Nə baş verdiyini isə hospitalda özünə gələndə anlayıb.

“Bu gün də o partlayışın səsi qulağımdadır”, - deyən mina qurbanının sözlərinə görə, hadisədən sonra 4-5 il düşdüyü stressdən çıxa bilməyib.

“Minalar Əleyhinə Kampaniya” İctimai Birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, Ə.Məmmədov kimi mina qurbanlarının əksəriyyətinin ilk dövrlərdə psixoloji yardıma ehtiyacları var: “Apardığımız tədqiqatlar göstərir ki, nə əvvəllər, nə də indi mina qurbanlarının böyük əksəriyyətinə psixoloji yardımlar göstərilmir. Nəzərə almaq lazımdır ki, mina partlayışı zamanı həmin şəxs əzasını itirməkdən əlavə partlayış təsirindən beynin travması da alır. Bu da mina qurbanlarının hərəkətlərinə, davaranışlarına təsir göstərir”.

“Bəzən bədənimin bir hissəsini itirdiyimi düşünə bilmirdim. Protezə öyrəşməkdə çətinlik çəkirdim. Elə bildirdim ki, kənardan mənə daha çox baxır, məni düşünürlər. Əlil olduğumu, ömrüm boyu belə yaşayacağımı düşündükcə öz halıma acıyırdım”, - deyə Ə.Məmmədov qeyd edib.

Müsahibimiz deyir ki, bu fikrlə bir neçə dəfə intihar etməyə cəhd göstərib. Lakin sonradan hər iki qıçını, bədəninin bir çox hissələrini itirmiş insanları gördükdən sonra fikrindən daşınıb.

Ə.Məmmədov kimi mina qurbanlarının üzləşdiyi problemlərlə tanış olan psixoloqların fikrincə, bu cür şəxslərin depressiyadan çıxmaları üçün mütləq şəkildə əvvəllər anoloji hadisələrlə qarşılaşmış insanlarla təması yaradılmalıdır. Bu təmas, daha əvvəl eyni problemi yaşamış şəxsin məsləhətləri mina qurbanının həyatında mühüm rol oynaya bilər.

Aparılan tədqiqatlar göstərir ki, mina qurbanları arasında hadisədən sonra intihar edənlər də xeyli saydadır.

Mina insanların genetikasına da təsir göstərir

Minaya düşəndən sonra digər mina qurbanları kimi Ə.Məmmədovun da davranışlarında müəyyən dəyişikliklər baş verib. Onun özü bu dəyişiklikləri bir neçə səbəblə, xüsusilə də cəmiyyətdə mina qurbanlarına fərqli baxışın olması ilə izah edir. Belə ki, müsahibimiz minaya düşəndən bir neçə il sonra ailə qurmaq istəyərkən çətin problemlə üzləşib: “Müxtəlif vaxtlarda ailə qurmaq üçün müraciət etdiyim qızların bəziləri açıq dedilər ki, şikəstsən, əlilsən. Səninlə evlənə bilmərik. Bəzi valideynlər tərəfindən də bu fikirləri eşitdim. Anlaya bilmirəm, məgər əlil insan deyil?… Bu cür qeyri-insani münasibətlərə dözə bilməyib özümü öldürmək, bəzən də baş götürüb məni anlaya biləcək bir yerə getmək istəmişəm”.

Qeyd edək ki, mina problemi artıq insanlara fiziki zərbələr vurmaqla kifayətlənmir. Bir müddət keçəndən sonra onların həyatında, genetikasında öz təsirini göstərir.

Mina partlayışından sonra Tərtər rayonunun Hüsənli kəndinin sakini Bəxtiyar Əliyev də belə bir problemlə üzləşib. 2001-ci ilin fevralında mina kapsulunun partlaması nəticəsində B.Əliyev əl barmaqlarını itirib. Hadisənin şahidi olan həyat yoldaşı güclü qorxu keçirib. Hadisədən sonra - 2001-ci ilin sentyabrında doğulan övladının partlayışdan sonra atasının əlində olduğu kimi barmaqları yoxdur.

Həkimlərin fikrincə, bu cür hadisələrin baş verməsi mümkündür. Erkən hamiləlik dövründə gördüyü dəhşətli hadisə, düşdüyü depressiya ana bətnində övladın formalaşmasına təsir göstərib.

Mina təmizləməyə 15 il və 600 milyon dollar

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təqdim etdiyi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə və cəbhə xəttində mina və partlamış hərbi sursatlara ən çox döyüşlərin aktiv getdiyi Füzuli rayonunda rast gəlinir. Bu sırada sonrakı yerləri tutan Ağdam və Tərtər rayonları da “təhlükəli rayonlar” sayılır. Ymumilikdə baş vermiş mina hadisələrinin təxminən 255-i Füzuli rayonunun payına düşüb.

ANAMA-nın Dünya Bankının mütəxəssisləri ilə birlikdə apardığı hesablamalara görə, hazırda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin təxminən 500-600 mln. kvadratmetri mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu ərazini təmizləmək üçün 600 mln. ABŞ dollarından çox vəsait və 15 ilə yaxın vaxt lazımdır.


Sayı bilinməyən qurbanlar


Minalı ərazilərdən fərqli olaraq mina qurbanlarının statistikasının aparılmasında bir sıra problemlər mövcuddur. Müxtəlif mənbələrin məlumatlarına görə, ötən il Azərbaycanda 32 nəfər mina və PHS qurbanı olub. Azərbaycanda 1991-ci ildən indiyədək 3 min nəfərin mina partlayışlarının qurbanı olması barədə məlumatlar toplanıb. Bunlardan 500 nəfər hadisə zamanı və ya bundan sonra eyni səbəbdən dünyasın dəyişib. Minadan zərər çəkən mülki şəxslər əsasən cəbhə bölgəsində yaşayan əhalidir. Onlar kənd təsərrüfatı işləri apararkən, mal-qara otararkən minaya düşüblər.

Mina hadisələrinin illər üzrə statistikasında müəyyən azalma və artmalar müşahidə edilir. Belə ki, 1992-ci ildə 144 hadisədə 23 nəfər ölüb, 121 nəfər isə yaralanıb. 1993-cü ildə bu göstərici müvafiq olaraq 123 hadisə 15 ölü, 108 yaralı, 1994-cü ildə isə 189 hadisə 23 ölü, 166 yaralı olub. Atəşkəs dövründə isə ən çox mina və PHS hadisəsi 2003-cü ildə olub. Baş verən 39 hadisə zamanı 14 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Aparılan araşdırmalar göstərir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda mina qurbanları arasında hərbçilər çoxluq təşkil edir.

Qeyd edək ki, ötən ilin noyabr-dekabr aylarında cəbhə xəttində xidmət edən Azərbaycan Silahlı Qüvvəələrinin 3 hərbçisi minaya düşmüşdü. Məlumatlara görə, əsgərlərin düşdüyü minalar indiyədək Azərbaycan istehkamçılarına rast gəlinməyib. Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisinin sözlərinə görə, ilkin araşdırmalar zamanı bu partlayıcı sursatların Ermənistandakı hərbi zavodlarda istehsal edildiyi məlum olub. Ehtimallara görə, özlərinin ənənəvi ziyankalarlıq vərdişləri davam etdirən ermənilər bu minaları Azərbaycanın işğal olunmuş ərazilərində sınaqdan çıxarırlar.

ANAMA-dan verilən məlmata görə, indiyədək cəbhə xəttinə yaxın ərazilərdə ermənilər tərəfindən müxtəlif tipli minaların basdırılması faktları aşkar edilib. Ermənilər minaaxtaran cihazların qeydə almadığı plastik minalardan, hətta mina “lavuşki”lərdən istifadə edirlər.


Əsgərlər niyə minaya düşür?


Hər il döyüş bölgəsində xidmət edən 10-dək Azərbaycan hərbçisi mina partlayışlarının qurbanı olur. Təhlillər göstərir ki, hərbçilərlə əlaqəli mina hadisələri bir neçə səbəbdən baş verir.

Bunlardan birincisi əməliyyat şəraiti ilə bağlıdır. Hərbi rəhbərliyin fikrincə, müxtəlif əməliyyat şəraitində hərbçilərin minaya düşməsi mümkündür və bu cür faktlar var. Döyüş bölgəsində müxtəlif istiqamətlərə hərəkət edən qrupların heç biri, hətta istehkamçılar belə mina təhlükəsindən sığortalanmayıblar.

Apardığımız araşdırmalara göstərir ki, minaya düşən gənc əsgərlər bəzi hallarda mina barəsində məlumatsız olurlar. Cəbhə xəttində döyüş növbətçiliyini yerinə yetirən əsgərlər ərazidəki mina təhlükəsi barədə yetərincə məlumatlandırılmır. Bu səbəbdən də onlar minalı ərazilərə çıxır və partlayışların qurbanı olurlar.

Yçüncü səbəb - döyüş bölgəsində müdafiə nöqteyi-nəzərindən bəzi amilləri nəzərə alaraq minasız ərazilərə işarələrin qoyulmamasıdır. Bu da son nəticədə bu da qarşı tərəfin əsgərlərindən çox öz əsgərlərimizin minaya düşməsi ilə nəticələnir.

Dördüncü səbəb - Müdafiə Nazirliyinin bəyan etdiyi kimi, birinci Qarabağ müharibəsi dövründə bəzi yerlərdə minaların qaydasız şəkildə, necə gəldi basdırılmasıdır. Sonradan bəzi ərazilərin xəritəsi itdiyindən hər iki tərəf bunun əziyyətini çəkməli olur.

Son 3 ildə orduda mina itkilərinin baş vermə səbəblərinin təhlili göstərir ki, bəzi hallarda əsgərlər tam fərqli stiuasyada mina qurbanı olublar. Bura hərbçilərin məsuliyyətsizliyindən tutmuş, komandir və rəislərin xidmətə heç bir aidiyyatı olmayan tapşırıqlarının (minalı ərazidə boruların və tikililərin sökülməsi və s.) verilməsi və s. var. Xatırladaq ki, ötən ilin aprelində Naxçıvanda 2 əsgər özlərinə aid olmayan ərazidə qazıntı apararkən minaya düşmüşdü.

Ekspress qəzeti







Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:

 
Reklam
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 55548 ziyaretçi (89611 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Kataloq
placebo Pepsi center