MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Hərbi xidmətə çağırış: islahatlar və dünya təcrübəsi

Həqiqi hərbi xidmətə çağırış qaydalarının dəyişdirilməsi və Respublika Hərbi Komissarlığının səlahiyyətlərinin məhdudlaşdırılması Azərbaycanın müdafiə sektorunda islahatların aktiv fazaya qədəm qoyduğunu deməyə əsas verir. Lent.az-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu il müdafiə sektorunda ciddi dəyişikliklər gözlənilir. Əsasən Müdafiə Nazirliyi sektorunu əhatə edəcək bu dəyişikliklər nəticəsində MN-də bir sıra strukturların birləşdirilməsi, bəzi qurumlara isə yarımmüstəqilliyin verilməsi, ən əsası isə Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyinin tabeliyindən çıxarılması ilə nəticələnəcək.

 

Tarix

 

Son 18 ildə Azərbaycanda orduya çağırışla bağlı qanunvericiliyə bir neçə dəfə dəyişikliklər edilib. 1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi yaradılarkən ordunun hansı formada komplektləşdirilməsi düz bir aydan artıq Ali Sovetdə və hökumətdə müzakirə edilib. Sabiq müdafiə naziri general-leytenant Valeh Bərşadlı, sabiq Respublika Hərbi Komissarı və sonradan müdafiə naziri olmuş general-mayor Tacəddin Mehdiyev, general-mayor Dadaş Rzayev ordunun müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olduqları halda bir sıra generallar və hökumət rəsmiləri hərbi qüvvələrin çağırış əsasında formalaşdırılmasına tərəfdar idi. Sonradan çoxluğun fikri nəzərə alınmaqla bu məsələ qanunvericilikdə öz əksini tapdı. Xatırladaq ki, 1991-ci ilin oktyabr ayında yaradılmış ilk hərbi hissənin taborları tam olaraq könüllülərdən təşkil olunmuşdu. General V.Bərşadlı sonrakı mərhələlərdə könüllülərdən ibarət bu briqadaların müqavilə ilə təşkilini istəyirdi.

 

Atəşkəsdən sonra ordudan vətəndaşların ordudan tərxis edilməsi müharibə şəraiti nəzərə alınmaqla bir neçə il ləngidi. 1991-ci və 1992-ci illərdə hərbi xidmətə başlayan insanlar 1996-cı illərin sonlarından ordudan ehtiyata buraxıldılar. Atəşkəsdən sonra döyüşdə iştirak etmiş və yaşlı insanların orduda saxlanılması gənc Azərbaycan ordusunda “dedovşina” kimi halların əsasını qoydu.

 

Atəşkəsdən sonra, 1999-cu ilə qədər həqiqi hərbi xidmət 2 il, ali təhsillilər üçün 18 ay olduğu halda, 1999-cu ildən isə ümumi hərbi xidmət 18 aya, ali təhsillilər üçünsə 12 aya endirildi.

 

2001-ci ildə dövlət başçısının təşəbbüsü ilə parlament hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə dəyişikliklər etdi. Yeni dəyişikliklə hərbi xidmətə çağırılmanın maksimum həddi 27-dən 35-ə artırıldı. Bu dəyişiklikdən sonra, 2002-ci ilin yanvar ayından 2005-ci ilin sonlarınadək orduda “qocalma” prosesi getdi. Bəzi məlumatlara görə, bu maksimum həddin gənclik üçün müəyyənləşdirilmiş 29 yaşa endirilməsinə dair müzakirələr aparılır.

 

Hazırda Azərbaycanda hərbi xidmət vətəndaşlar üçün məcburidir. Azərbaycan Avropa Şurası qarşısında “Alternativ xidmət haqqında” qanunun qəbuluna dair öhdəlik götürsə də bu məsələ hələ öz həllini tapmayıb. Azərbaycan ordusu hərbi xidmətə məcburi çağırış əsasında 18-35 yaşlı vətəndaşlardan formalaşdırılır və şəxsi heyətin sayına görə görə regionda ən böyük ordudur.

 

Dünya əsgərliyə necə gedir?

 

Məcburi əsgərlik tarixini qədim Misirdən götürüb. Hələ eramızdan əvvəl qədim Misirdə əyanlar da daxil olmaqla hər bir kişi orduda müəyyən dövr üçün məcburi şəkildə xidmət etməli idi. Avropada isə məcburi hərbi xidmət geniş şəkildə Napoleon tərəfindən həyata keçirilib və o zaman Fransada bütün sağlam kişilər əsgərə alınıb. Türkiyədə 19-cu əsrin ortalarından məcburi həqiqi hərbi xidmət tətbiq olunub. İlk dövrlər həqiqi hərbi xidmətin müddəti 4, daha sonra isə 6 il olub. ABŞ-da 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı tərəflər məcburi əsgərlik üsuluna müraciət ediblər. 1930-cu illərdə Almaniya və Yaponiya məcburi hərbi xidmət sistemini tətbiq edərək böyük ordu yaratmağa nail olublar.

 

II Dünya Müharibəsi bütün ölkələrdə Silahlı Qüvvələri formalaşdırma üsullarını dəyişdirdi. İngiltərə də daxil olmaqla əksər ölkələr gəncləri 2 illik, SSRİ isə 3 illik müddətə əsgəri xidmətə çağıraraq itkilər vermiş ordunun gücünü bərpa etdilər. İngiltərədə məcburi əsgərliyə cəlb etmə 1960-cı ilədək davam edib. Hazırda İngiltərənin quru, hava və dəniz qüvvələri müqavilə əsasında formalaşdırılır. ABŞ isə vətəndaşların məcburi qaydada hərbi xidmətə cəlbinə Vyetnam savaşından sonra son qoyuldu.

 

Nizami ordusu olmayan İsveçrədə hərbi xidmət tam fərqli formada həyata keçirilir. Vətəndaşlar hərbi xidməti hər il bir neçə həftə olmaqla keçirlər.

 

1 milyard 200 milyon əhalisi olan və dünyada ən böyük səfərbərlik resursuna malik Çin Xalq Respublikasında məcburi xidmət qanunda əksini tapsa da ordu daha çox könüllülərdən formalaşdırılır. Çin hökuməti açıq şəkildə bəyan edir ki, ölkədə məcburi həqiqi hərbi xidmətə çağırış olarsa, bu qədər ordunun, hər şey bir yana, qidasını çatdırmaqda belə çətinlik çəkəcək.

 

Dünyada ən qəribə hərbi xidmət növlərindən biri İsraildə həyata keçirilir. İsraildə 18 yaşı tamam olmuş, yaxud 12-ci sinfi bitirmiş kişilər və qadınlar məcburi olaraq hərbi xidmət keçməlidir. İsrailli ərəblər, hamilə və evli qadınlar üçün əsgərlik məcburi deyil. Əsgərlik xidməti qadınlar üçün 2, kişilər üçün 3 ildir.

 

Keçmiş Varşava Paktına, indisə NATO-ya daxil olan Bolqarıstanda 18-27 yaşlı vətəndaşlar xidmətə çağırılır və 9 aylıq həqiqi hərbi xidmət keçirlər. Bolqarıstan hazırda mükəlləfiyyətli ordunu müqaviləli ordu ilə əvəzləməyə başlayıb. 2006-cı ilin məlumatlarına görə, ordunun 67%-i çağırışçılardır. Hava və dəniz qüvvələri, hava hücumundan müdafiə qoşunları isə müqaviləli heyətdən formalaşdırılıb.

 

Ən güclü orduya malik dövlətlərdən olan Türkiyədə çağırış sisteminin tam fərqlidir. Hazırda Türkiyədə əsgərlik yaşı 20-dir. Vətəndaşlar 15 ay həqiqi hərbi xidmət keçir və 40 yaşınadək ehtiyatda olurlar. Xatırladaq ki, hazırda dünyada məcburi həqiqi hərbi xidmət üçün minimum yaşın 20 olduğu 2 ölkə var: Türkiyə və İspaniya.

Braziliya, İsveç, Tayvanda vətəndaşlar 19, ABŞ, Almaniya, İtaliya, Fransa, Çin, Rusiya, Yaponiya, Argentina, İran, Yunanıstan, Cənubi Koreya, Tayvan, Suriya, Filipin, Ukrayna, Norveç, İraq, Venesuela, Livan, Nepal, Bolqarıstanda 18, Hindistan, Səudiyyə Ərəbistanı, Polşa və Liviyada 17, Pakistan və Avstraliyada isə 16 yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılır və ya çağırışa hazır hesab olunurlar.

 

Dünyada əsgərə alma yaşının ən yuxarı olduğu ölkələr Əfqanıstan və Tailanddır. Əfqanıstanda 22 yaşlı, Tailandda isə 21 yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılır.

 

Qonşu Gürcüstan isə artıq iki ildir çağırışçılardan ibarət ordudan imtina edərək, Silahlı Qüvvələri müqavilə əsasında formalaşdırır. Ümumilikdə Gürcüstanda hərbi xidmət üçün yaş senzi 18-34-dür. Gürcü çağırışçılar hər il 18 gün hərbi hazırlıq keçməklə ehtiyata buraxılırlar. MDB-də ən çevik səfərbərlik sisteminə malik olan Gürcüstanda ehtiyatda olan vətəndaşlar səfərbərlik elan ediləndə ştatında olduqları briqadanın harada toplanacağını və formalaşdırılacağını, silah və təchizatın haradan alınacağını bilirlər.

 

Qonşu İranda 19 yaşına çatmış vətəndaşlar silahlı qüvvələrdə hərbi xidmətə çağırılsalar da mövcud qanunvericilik vətəndaşların könüllü şəkildə 16 yaşında belə orduda xidmət etməsinə icazə verir. 15 yaşlı vətəndaşlar isə Bəsic Qüvvələrində xidmət edə bilərlər. İranda hərbi xidməti öhdəçiliyi 18 aydır.

 

MDB ölkələrindən Türkmənistanda çağırış senzi 18-30, hərbi mükəlləfiyyət 2 il, Ukrayna çağırış senzi 18-25, çağırışçıların xidmət öhdəçiliyi Hava Qüvvələri və donanma üçün 24 ay, Quru Qoşunları, Sərhəd və Daxili Qoşunlar üçün 18 aydır.

 

www.yestravel.ru saytında dünya ölkələrinin səfərbərlik resursları ilə bağlı dərc olunmuş məlumatlara görə, Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 2 ildir. Ermənistanda 16-49 yaşlı, səfərbərliyə cəlb oluna biləcək kişilərin 637 776 nəfər, qadınların isə 729 846 nəfər, Azərbaycanda səfərbərliyə cəlb oluna biləcək 16-49 yaşlı kişilərin 1 696 167, qadınların 1 923 556 nəfər, Gürcüstanda isə müvafiq olaraq 910 720 və 967 566 nəfər olduğu bildirilir.

 

Hərbi mənbələrin məlumatına görə, həqiqi hərbi xidmətin 2 il olduğu Ermənistan ildə 2 dəfə – may və oktyabr aylarında vətəndaşların orduya çağırışını və tərxisini elan edir. Hər “otpravka”da Silahlı Qüvvələrə təxminən 15-17 min çağırışçı göndərilir. 2004-cü ildən çağırışçı çatışmazlığı ilə üzləşən rəsmi İrəvan bunun qarşısını almaq üçün çağırışa paralel olaraq tərxis olunmanı aparmır. Nəticədə 2 il xidmət etmiş vətəndaşlar məcburi şəkildə ordada daha 6 ay xidmətə məhkum olunurlar. Bu da Ermənistan ordusunda “dedovşina”, nizamnamədənkənar hallar, intiharlar və s. formasında özünü göstərir.

 

“Voenkomat”lar və bələdiyyələr

 

Keçmiş SSRİ-də və hazırda MDB-yə daxil olan bir sıra ölkələrdə hərbi xidmətə çağırış prosesinin Hərbi Komissarlıqlar tərəfindən həyata keçirilməsi faktı mövcuddur. Baltik ölkələri və Gürcüstan bu sistemdən imtina etsələr də, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr bu sistemi qoruyub saxlayıblar. Yarımmüstəqil qurum olan Hərbi Komissarlıqlar ordunun komplektləşdirilməsində iştirak edir, çağırışçıların uçotunu aparır, hərbi həkim komissiyalarını təşkil edir, ordudan ehtiyata buraxılmış vətəndaşları səfərbərlik ehtiyatı kimi uçota alır və s.

 

Azərbaycan Silahlı Qüvvələrinin model seçdiyi Türkiyədə və bir sıra Avropa ölkələrində vətəndaşların uçotu, onların hərbi xidmətə çağırışı ilə bağlı sənədlərin tərtibi və onların sonradan müvafiq ərazidə qeydiyyatı bələdiyyələr vasitəsi ilə aparılır. Orduya çağırış Müdafiə Nazirliyinin Əsgərə Alma idarəsi tərəfindən həyata keçirilir. Bəzi məlumatlara görə, yaxın perspektivdə Azərbaycanda da bu modelin tətbiqi nəzərdə tutulur. Belə ki, səfərbərlik resurslarına və çağırışçılara dair məlumatların bələdiyyələr tərəfindən hazırlanaraq müvafiq quruma təqdim olunması, vətəndaşlara çağırış məlumatlarının da bələdiyyələr tərəfindən paylanılması, ordudan ehtiyata buraxılanların bələdiyyələrdə təkrar uçota alınması həyata keçiriləcək. Hökumətdə bu prosesin bir neçə ildən sonra bələdiyyələrə həvalə olunmasını məqsədəuyğun hesab edirlər ki, bu da öz növbəsində bələdiyyənin Azərbaycanda hələ bir institut kimi təşəkkül tapmaması ilə bağlıdır.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74206 ziyaretçi (120081 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol