Son illər Azərbaycanda ov silahlarının satış həcmi 2 dəfə artıb. Təxmini hesablamalara görə, Azərbaycanda əvvəllər il ərzində ilkin bazarda 100-150 ədəd müxtəlif markalı ov tüfəngləri satılırdısa, artıq bu göstərici 250-300-ə çatıb.
Qeyd edək ki, əgər əvvəllər ov silahı almaq üçün Ovçular Birliyində üzvlük mütləq idisə, bu tələb artıq götürülüb. Bu da öz növbəsində ölkədə ov silahlarının satış məntəqələri şəbəkəsinin genişlənməsinə və satış həcminin artmasına təsir göstərib. Hazırda təkcə Bakı şəhərində ov silahlarının satışını həyata keçirən 12 mağaza fəaliyyət göstərir. Mövcud qanunvericiliyə və «Silah haqqında» qanuna əsasən, 18 yaşına çatmış hər bir vətəndaş istənilən markalı ov silahını ala bilər. Silahın alınmasına xüsusi icazəni əldə etmək üçün isə vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunmalıdır: ərizə (polis orqanından alınmış blankda), Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında tibbi arayış, 3x4 sm ölçüdə iki ədəd fotoşəkil. Həmçinin, ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Hüquq-mühafizə sistemində çalışan şəxslər barədə belə yoxlamalar aparılmır. Mülki silahın əldə edilməsinə xüsusi icazənin verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir. Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır. Araşdırmalar göstərir ki, Azərbaycanda ov silahları bazarı müstəqillik illərində müəyyən dərəcədə inkişaf etsə də, yerli istehsalın olmaması, eləcə də silah və sursatın digər ölkələrdən gətirilməsi böyük tələbatın müşahidə edildiyi bu bazarda müəyyən problemləri üzə çıxarıb. Qeyd edək ki, Azərbaycanda döyüş və odlu fərdi mühafizə silahlarının satışı olmadığından, ov silahları həm də bu məqsədlər üçün istifadə olunur. Aparılan araşdırmaların nəticələrinə görə, Azərbaycanın silah bazarı inkişafına və aktivliyinə görə, qonşu Gürcüstandan xeyli geri qalır. Burada digər maneələr silah almaq üçün qoyulan tələblərin və lazımtələb edilən sənədlərin çoxluğudur. Mağazalardan bildirilib ki, avtomatik ov tüfəngləri üçün artıq DİN-in qeydiyyatı lazımdır. Qeyd edək Ki, qonşu Gürcüstanda istər ov tüfənglərinin, istərsə də avtomatik döyüş tüfənglərini (AK-74-dən M-16-dək) silah mağazalarından əldə etmək mümkündür. Bunun üçün heç polisdə də qeydiyyata düşməyə ehtiyac yoxdur. Silah satan mağaza silahın nömrəsi və pasportu təqdim etməklə alıcını qeydiyyata alır. Araşdırmalarımıza görə, Azərbaycana ov tüfəngləri əsasən Rusiya və Türkiyədən, həmçinin, qismən bəzi Avropa ölkələrindən gətirilir. Son illər Rusiyadan silah gətirilməsi bir qədər çətinləşdiyindən RF istehsalı olan tüfənglərin qiymətində 15-20% bahalaşma baş verib.
Satış həcminə görə silahların ilk beşliyi:
Tüfəngin markası
Tüfəngin növü
Kalibri
İstehsalçı ölkə
İj-27
qoşalülə
12
Rusiya
İj-43
qoşalülə
12
Rusiya
Vinchester
yarımavtomatik
12
ABŞ, ABŞ-Türkiyə
«Sarsılmaz»
qoşalülə
12 və 20
Türkiyə
Cherchill
yarımavtomatik
12
İngiltərə
Azərbaycan Ovçular Birliyinin sədr müavini Füzuli Əşrəfovun sözlərinə görə, bu gün Azərbaycanda ən geniş yayılmış ov silahları Rusiyanın İjevsk və Tula zavodlarının istehsalı olan 12, 16 və 20 kalibrli qoşalülə ov tüfəngləridir. Uzun illər sınaqdan yaxşı çıxdığından hazırda ov həvəskarları tərəfindən ən çox alınan da məhz bu silahlardır. Bununla yanaşı, Azərbaycandakı silah həvəskarları Rusiyanın avtomatik beşaçılanlarına, İngiltərənin «Cherchill» və ABŞ-ın «Vinçestr» tüfənglərinə də böyük maraq göstərirlər.
Ən çox satılan ov silahlarının qiyməti:
Silahın adı və kalibri
Silahın növü
İstehsalçı ölkə
Qiyməti (manatla)
İJ-27 – 12 k
Qoşalülə - 1 çaxmaqlı
Rusiya
900-1100
İJ-27 – 20 k
Qoşalülə - 1 çaxmaqlı
Rusiya
1000-1200
İJ-27 – 28 k
Qoşalülə - 1 çaxmaqlı
Rusiya
1100-1250
İJ-43 – 12 k
Qoşalülə - 2 çaxmaqlı
Rusiya
800-1000
İJ-43 – 20 k
Qoşalülə - 1 çaxmaqlı
Rusiya
1000-1150
Cherchill – 12 k
Yarımavtomatik beşaçılan
İngiltərə
550-700
Vinchester – 12 k
Yarımavtomatik
ABŞ
1000-1200
SAYQA–410K
Avtomatik
Rusiya
1400-1800
Sarsılmaz - 12 k
Qoşalülə
Türkiyə
300-450
Monitorinqin nəticələri göstərir ki, 2007-ci ilin əvvəli ilə müqayisədə güllələrin qiymətində də təxminən 15-30% bahalaşma baş verib. Hazırda Azərbaycanda ov tüfəngləri üçün 12 kalibrli güllələrin 1 ədədinin qiyməti 1 manat, 16 kalibrli güllələrin 1 ədədinin qiyməti isə 1,4 manatdır. Güllə üçün pistonun 1 ədədi 6 qəpik, barıtın 250 qramlıq qutusu isə 20 manatdır. Son yarım il ərzində Rusiyadan ov tüfənglərinin gətirilməsinin çətinləşməsi və 16 kalibr tüfənglərin istehsalının dayanması bu sursata tələbatı artırıb. Bu səbəblərdən 16 kalibr gilizlərin qiymətində təxminən 40%-lik bahalaşma olub. Silah üzrə mütəxəssis Tamerlan Tuayevin sözlərinə görə, ov tüfənglərinin qiymətinə bir sıra amillər təsir göstərir. Bura tüfəngin markası, keyfiyyəti, satışda sursatının çox və ya az olması və s. aiddir. Məsələn, «Cherchil» tüfəngləri İngiltərə istehsalı olmasına baxmayaraq, davamlılığının az olması onun qiymətinin digər silahlarla müqayisədə aşağı olmasına müəyyən təsir göstərir. Mütəxəssis bildirib ki, ən keyfiyyətli ov silahları İngiltərə, Rusiya, Belçika, Almaniya və İtaliyanın istehsalı olanlardır. T.Tuayevin sözlərinə görə, Rusiyanın istehsal etdiyi silahlar bir sıra üstünlüklərə malikdir. Məsələn, Rusiya istehsalı olan ov tüfənglərinin materialları keyfiyyətli olmaqla yanaşı davamlılığı yüksəkdir. Türkiyə istehsalı olan silahların lüləsi keyfiyyətli olsa da, silahın digər mexanizmləri Rusiya silahları ilə müqayisədə keyfiyyətsiz hesab olunur. Həmçinin, tez sıradan çıxır. Eyni zamanda, atış imkanları Rusiya istehsalı olan silahlardan 2 dəfə aşağıdır. «Bunu eyni zamanda «Vinchester» və «Cherchill» yarımavtomatik silahlarına da aid etmək olar. Bu silahların sistemi gözəl olsa da, bir sıra nöqsanları var və onlar davamsız hesab edilir», - deyə T.Tuayev qeyd edib. Avropa ölkələrinin istehsalı olan silahlar arasında isə ən keyfiyyətliləri İtaliya istehsalı olan «Beretta» və «Browning» tüfəngləri sayılır. Araşdırmalar göstərir ki, son bir neçə ildə avtomatik və yarımavtomatik ov tüfənglərinin satışında da müəyyən irəlləyişlər var. Ümumiyyətlə, bu tüfənglər ov məqsədləri üçün deyil, reallıqda daha çox fərdi mühafizə vasitəsi üçün alınır. Mütəxəssislərin sözlərinə görə, xarici görünüşü və daxili sistemi Kalaşnikov avtomatları ilə uyğun olan SAYQA tüfənglərinin bir neçə modeli var. Onlardan bəzilərinin qundağı AKS və AKSU avtomatlarında olduğu kimi qatlandığından, bu tüfəngləri hətta maşında və çantada belə gəzdirmək, asanlıqla harasa daşımaq mümkündür. Lakin SAYQA-lar ov üçün o qədər də əlverişli silah sayılmır. Ekspertlər Azərbaycanda ov tüfəngləri bazarının genişlənməsi üçün yerli istehsalın qurulmasının vacibliyini önə çəkirlər. Mütəxəssislərin fikrincə, ölkənin müdafiə təyinatlı məhsullar istehsal edən müəssisələrində ov silahlarının, o cümlədən, piston və gilizlərin istehsalını həyata keçirmək mümkündür. Bu sahəni lisenziyalaşdırmaqla Türkiyədə olduğu kimi özəl şirkətlərə də həvalə etmək olar. Əks halda isə xarici ölkələrin məhsullarından tam şəkildə asılı qalan bu bazarın yaxın illərdə inkişafından danışmağa dəyməz. Xatırladaq ki, bu gün ölkədə yalnız ov tüfəngləri üçün qırma (saçma) istehsal edilir.
APA-Economics
Bugün 78167 ziyaretçi (125477 klik) kişi burdaydı!