MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Kəlbəcərin müdafiəsi – XRONİKA
Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. Lent.az-ın məlumatına görə, Kəlbəcərin işğalı ilə bağlı indiyədək müxtəlif versiyalar irəli sürülür, bəzən isə rayonu müdafiə edən hərbi birləşmələrin başıpozuqluğu, müdafiəni təşkil edə bilməmələri kimi versiyalar üzərində dayanılır. Amma Kəlbəcərin oradakı hərbi birliklər tərəfindən son anadək müdafiə olunduğunu deyən hərbçilər bu fikrlərlə qətiyyən razı deyillər. Kəlbəcərin işğalından 19 il ötməsinə baxmayaraq, oradakı Azərbaycan ordusu bölmələrinin döyüşləri bir dərslik şəklində hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədris olunmaqdadır.

Bəs Kəlbəcər uğrunda döyüşlər necə olub? 1993-cü ildə Kəlbəcərin müdafiəsini təşkil etmiş 701 saylı briqadanın komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin qeydlərində və Müdafiə Nazirliyinin məlumatlarında bununla bağlı indiyədək ictimaiyyətə məlum olmayan bir sıra məlumatlar əksini tapmaqdadır.

İşğal öncəsi vəziyyət

Polkovnik Ə. Qənizadənin sözlərinə görə, 701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il matın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirib. 1992-ci il fevral ayının 15-ində Ağdərə rayonunun işğalı nəticəsində birqadan blokada vəziyyətinə düşüb. O vaxt 3-cü taborun tərkibində yalnız atıcı silahlarla silahlanmış 400 nəfərlik heyətinin briqadanın tabeliyindən çıxarılarıldığını deyən Ə. Qənizadənin sözlərinə görə, həmin tabor Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirib. 110 km-lik Ermənistanla dövlət sərhədində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşib. Onlara kiçik təxribat dəstələrini zərərləşdirmək həvalə olunub. Kəlbəcər rayonunun Müdafiə Şurası tərəfindən yerli çağrışçılardan özünümüdafiə taboru təşkil edilsə də orada hərbi mütəxəsislər olmayıb. Tez formalaşdırılmış tabor, tanklardan, artileriya və minaatanlardan istifadə edən düşmənin hərbi hissəsinin hücumunu dəf etmək imkanına qadir olmayıb: «Müdafiə Nazirliyi tərəfindən Kəlbəcər rayonunun müdafiəsini təşkil olunana qədər, baxmayaraq ki, 701-ci briqada Laçın rayonunun şimal-qərb hissəsində döyüş tapşırığı yerinə yetirirdi. Biz müdafiəsiz qalan Kəlbəcər rayonuna köməklik göstərməyi və düşmən tərəfindən Kəlbəcər rayonunun işğalının, əhalisinin girov götürülməsinin qarşısını almağı özümüzə borc bildik. Buna gorədə mən əmir verərək fevralın 14-də briqadanın 1-ci taborunu (130 nəfər) Kəlbəcər rayonunun girişində Çərəkdar kəndi yaxınlığında əlverişli mövqeydə yerləşdirdim. Bu qüvvələrdən başqa biz Laçından döyüş mövqelərindən qüvvələri çıxardıb Kəlbəcər rayonuna gondərə bilməzdik».

Düşmənin hücumları

Martın 26-da düşmən 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlıgından sonra Getavan-Çərəkdar istiqamətində hücuma keçib. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) düşmənin coxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf edib. Bu döyüşdə düşmənin bir tankı, iki PDM, bir Mİ-24 vertolyotu, 50 nəfərə qədər şəxsi heyəti məhv edilib. Birinci taborun 5 döyüşcüsü həlak olub, 6 nəfəri yaralanıb.

27 mart 1993

Səhər saat 09:00 -  Düşmənin iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artileriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-cı bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış məntəqəsini işğal etdi.
Saat 11:00 - Geri çəkilən 1-cı özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi.
Saat 12:00 - Düşmən Mİ-24 vertolyotlarının atəş ilə 1-ci MAT müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabor düşmənin hücumunu ikinci dəfə dəf etdi. Zenit batareyasının topçularıdan 3 nəfər həlak oldu, 2 nəfər yaralandı.
Saat 17:00 - Düşmən 1-ci taborun müdafiə rayonuna yenə də həmlə etdi. 1-ci Tabor mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı. Lakin düşmən açıq cinahı müəyyənləşdirdi. 701-ci briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədi ilə müdafiənin dərinliyinə irəllədi. Yaranmış əməliyyət durumu ilə əlaqədər olaraq, Ə. Qənizadənin əmri ilə bir zirehli dəstə Laçında gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcərə göndərildi.

28 mart 1993

Saat 15:00 - Düşmən Bağlıpəyə yaşayış məntəqəsinin simalından 1-ci ozünümüdafiə bolüyünün mövqelərinə hücuma kecdi və onları darmadağın etdi. Kəlbəcər rayonu 1-ci özünümüdafiə bölüyü öz fəaliyətini bitirdi.
Saat 17:30 - Düşmən, Lacın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstəsinin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi. Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi.
Saat 19:00 - 2-tank, 3-PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi. Düşmən 1-ci MAT-un arxasına çıxdı, onu əsas qüvvələrdən ayırdı. Tabor mühasirəyə düşməmək məqsədi ilə Ağqaya-Tunel istiqamətində geri çəlikmək əmri aldı.

29 mart 1993

Saat 15:00 - Düşmən Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqləri istiqamətində hücuma keçərək,  Kəlbəcər fədailərin 2-ci və 3-ci hazırlıqsız özünümüdafiə bölüklərini darmadağın etdi.
Saat 11:00 - vəziyyət kritik həddə çatır.
1-ci Ordu korpusunun komandiri general Nəcməddin Sadıqov cəbhənin yarılmış sahəsinə, “Tunel” mövqelərinə gələrək vəziyyətlə yerində tanış oldu.
Saat 13:00 - Bakı şəhərindən məcburi toplanmış 75 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi. Bunlar təlim görməmiş, komandirləri olmayan, bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan, silahları və sursatları paylanmamış və əsgərlərə təhkim edilməmişdi. Briqadanın komandanlığı əsgərlərə silahları paylanmasını, onlardan istifadə etməyin öyrədilməsini, kicik komandirləri təyin edilməsini, 15 dəqiqə ərzində döyüş hazırlığı keçməyi və Mərcimək yaşayış məntəqəsinin mövqelərdə yerləşdirilməsini təmin etdi.      
Saat 15:00 - 1-ci Taborun 30 əsgəri mühasirədən çıxıb, Tunel sahəsinə gəldi.
Saat 16:00 - Vəng yaşayış məntəqəsi istiqamətində irəliləmək və əlverişli mövqedə pusqu qurmaq barədə general N.Sadıqov şəxsən sərancam verir. Mühasirədən çıxan 1-ci taborun 30 əsgəridə bu tapşırığı yerinə yetirlməsinə cəlb edildi.
Saat 16:00 - Bakı şəhərindən toplanmış, 50 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi.
Döyüşə hazırlıq düşmənin minaatanların və topların atəşi altında gedirdi, artıq bir neçə əsgər, o cümlədən N. Sadıqovun yanında durmuş rabitəçisi də yaralanmışdı.
Saat 20:00 - Düşmən Vəng yaşayış məntəqəsi daxil olmaqla Tərtər cayının cənub sahili boyu köməyə qöndərilən qüvvələri mühasirəyə aldı və onları darmadağın etdi.
29.03.1993-cü il günün sonuna Taxtabaşı-Keçiliqaya-Mərcimək-Ağqaya-Bağlıpəyə-Çayqovuşan-Qaragöl hüdudunu ələ keçirdi və 701-ci briqadanın 1-ci Taborunu əsas qüvvələrini geri çəkilməyə macal vermədən mühasirəyə aldı.

Ə. Qənizadə deyir ki, artıq martın 30-da Kəlbəcərdə vəziyyət öz böhranlı mərhələsinə çatıb. Müdafiəni yarmış düşmənin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununla da briqadanın yeganə təminat və hərəkət marşurutunu kəsməsinin qarşısını almaq məqsədi ilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborlara Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın maruşrutunu düşməndən təmizləmək tapşırığını verib: «Həmin vaxt artıq düşmən Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılınclı-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətdə canlı qüvvə və texnika toplayaraq hücuma keçməyə hazırlaşırdı. Bu qüvvələrə qarşı bir- birindən uzaq olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilməzdi. Düşmən 40 nəfərlik Söyüdlü və Dikyurd sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir necə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1/12 idi. Kəlbəcər doyüşündə 701-ci briqadaya qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq ( 6 hərbi alayı, 1 tank taboru və vertolyotları) doyüşürdü. Erməni və rus birləşmələri, Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqləri istiqamətində hücuma keçərək, Kəlbəcər rayonu sakinlərindən təşkil edilmiş 2-ci və 3-cü özünümüdafiə bölüklərini darmadağın etmiş, briqadanın 1-cü taboru faktiki mühasirə vəziyyətinə düşmüşdü.  Kəlbəcər və Laçında yerlşən briqada və başqa bölmələr sağ cinahdan Ermənistan sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan Qarabağ erməni ordusu və erməni birləşmələri, arxada isə keçilməz Murovdağ silsiləsi əhatəsində idi».

30 mart 1993

Saat 10:00 – Ermənistan ordusu Ermənistan Respublikası ərazisindən 2–ci cəbhəni açıb və dövlət sərhəddini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə biri- birinə qarşılıqlı yardım edə bilmirdi.
Saat 11:00 - Müdafiə Nazirliyi tərəfindən Kəlbəcərə göndərilən tabor 80 nəfər itirərək, Tunel sahəsində darmadağın edilmişdi. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələri, hakim yüksəkliklər və Tunel ermənilər tərəfindən tutulmuşdu.
Saat 12:00 - Söyüdlü sərhəd zastavası Ermənistan ərazisindən tabora qədər qüvvə tərəfindən hücuma məruz qaldı. Zastavanın heyəti sərhəddən çəkilib əlverişli mövqelərdə mövqeləndi.
Saat 16:00  - Düşmən Ağdərə-Kəlbəcər istiqamətində Keçiliqaya-Comərd-Bağrlı-Qannıgöl hüdüdunu ələ kecirmişdi. Mühasirəyə düşən 1-ci taborun bir hissəsi düşmən tərəfindən işğal olunmuş Ağdərə rayonunun ərazisi ilə Tərtər rayonuna tərəf irəliləyib mühasirədən çıxırdı.

Ə. Qənizadə deyir: «Həmin gün “Kəlbəcər rayonunun əhalisinin təxliyyə edilməsi (köcürülməsi) haqqında” sabiq prezident Əbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyyəsi başlandı. Təxliyyəyə Kəlbəcər özünümüdafiə taborunun əsgərləri də cəlb olundular və daha müdafiə döyüşlərində iştirak edə bilmədilər. Bütün kommunikasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi. Bakı şəhərindən rayonuna vertolyotla Kəlbəcərə döyüşmək üçün gətirilən, hazırlıqsız dəstələr darmadağın edilərək yoxa çıxmışdı. Martın 30-da 701-ci briqadanın bölmələri müdafiə nazirinin əmri ilə Laçın rayonunun mövqeləri tərk edib, onu təqib edən düşmənin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna qeri çəkilməyə başladı. Lakin düşmən geriçəkilməni aşkar edib, geri çəkilən bölmələri özünə cəlb edərək iflic etmək və ləngitmək məqsədi ilə Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində təqibə başladı. Eyni zamanda Vardenis-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq, Tunel - Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yol bağlantıları ələ keçirmək, geri çəkilən briqadanın geri çəkilmə yollarını kəsmək, bir-birindən ayırıb parcalamaq və məhv etmək məqsədi ilə hücuma keçdi».

30 mart tarixində Kəlbəcər-Ağdərə istiqamətində Azərbaycan Milli Ordusunun müdafiə üçün tərkibində 2 tank, 3 PDM və 20 əsgər olan zirehli dəstəsi qalmışdı.

31 mart 1993

Saat 16:00 - 701-ci Briqadanın bölmələri Laçın rayonunun şimalındakı  mövqeləri tərk edib, onu təqib edən düşmənin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna qeri çəkilirdi. Özləri ilə apara bilmədiyi döyüş sürsatları və texnika məhv edildi.

31.03.1993 - günün sonuna düşmən Kəlbəcər rayon inzibati mərkəzi ətrafdakı hakim yüksəklikləri, Keçiliqaya -  Comərd-Bağrlı-Qanlıgöl hüdüdunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi.
«Artıq bu şəraitdə 701-ci briqada mühasirəni yararaq əlverişli vəziyətdə olan hakim yüksəkliklərdə mövqelənmiş düşmənlə, qeyri bərabər döyüşlər apararaq, döyüşün gedişini dəyişə bilməzdi. Bizim bir yeganə çıxış yolumuz var idi: özünü qurban verərək düşmənin irəlləməsini ləngidərək, əhalini evakuasiyası üçün vaxt qazanmaq. Bu variant döyüşün nəticəsini dəyişməyəcəkdi. Fərq yalnız itkilərin sayı ola bilərdi. Briqada bacardığını elədi».

1 aprel 1993

Saat 10:00 - Dikyurd sərhəd zastavası düşmənin tabora qədər qüvvəsi tərəfindən hücuma məruz qaldı. Zastavanın şəxsi heyəti rayon mərkəzinə geri çəkilərək mövqeləndilər.
Saat 14:00 - Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü Taboru tərkibində 100 nəfər əsgərlə  mühasirəni döyüşlərlə daxildən yararaq, Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çıxdı. Nəyin bahasına olursa olsun «Qamışlı» körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsi ələ saxlanmalı idi. Vacib yol bağlantısını müdafiə etmək üçün 701-ci briqadanın tərkibində zirehli qrupun 1-tank, 2-PDM, 15 nəfər əsgəri və 4-cü taborun 100 nəfərlik yüngül silahlarla silahlanmış şəxsi heyəti vardı. 4-cü tabor 75 əsgərlə “Qamışlı” körpüsü üzərindəki hakim “Cicəkli” yüksəkliyində, 1-tank, 10 əsgər körpünün Zod-Qamışlı körpüsü istiqamətində, 2-PDM, 30 əsgər Kəlbəcər-Qamışlı körpüsü istiqamətində müdafiə mövqelərində mövqeləndi.
Düşmən Tunel-Qamışlı, Zod-Qamışlı, Qılınclı-Qamışlı istiqamətlərində hücuma keçdi.
Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən ələ keçdi. Düşmən 1-tank, 1-PDM və çoxsaylı itkilər verərək əldə etdiyi mövqelərdə dayandırıldı. 701-ci briqadanın bölmələri  7 şəhid 12 nəfər yaralı verdi.

2 aprel 1993

Saat 10:30 - Düşmən səsucaldan və radio rabitəsi vasitəsilə saat 16:00-dək müqavimətə son qoymaq və təslim olmaq tələbinin səsləndirdi. Təslim olanlara həyatını saxlamağa, müqavimət göstərənləri hamısını qüllələməyə söz verirdilər.  
Saat 11:30 - Briqada komandiri son dururmu 1-ci ordunun komandiri general N.Sadıqova məruzə edərək ultimatum barədə bildirir. N.Sadıqov panikaya düşməməyə göstəriş verdi.
Saat 12:30 - Düşmənin kəşfiyyat-diversiya qrupu müdafiənin dərinliyində 1815 yüksəkliyinin şimal-qərb ətəklərində, Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı və Qamışlı yaşayış məntəqələri arası yol üzərində əlverişli mövqelərdə pusqu quraraq yol ilə hərəkəti iflic etdi.
Saat 16:00 - Düşmən 4-cü taborun bölmələrini darmadağın edib, yol üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək, 701-ci briqadanın 1-tank və 10 əsgər qədər qalmış, körpünü müdafə edən qüvvəsinə hücum etdi.
Saat 18:00 - 701-ci briqada komandirinin sərancamımda 14 nəfərdən ibarət şəxsi heyyət qalmışdı və Qamışlı körpüsünü müdafiə etməyə çalışırdı. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu sərhədçi vəzifələrini yerinə yetirən və sərhəddi müdafiə edən 3-cü taborun iki zastavası: Zəylik və Yellicə mühasirədə qalmışdı.
02.04.1993-cü il günün sonuna 701-ci briqadanın Qamışlı körpüsünü müdafiə edən 14 nəfərlik dəstəni darmadağın edildi və briqadanın, düşmənin dərinliyində mühasirədə qalmış bölmələri nəzarətsiz ərazilərlə düşmən ərazisindən sızıb Murovdağ silsiləsini keçdi və Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplanmağa başladı.

3 aprel 1992

Düşmən Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal etdi. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan Ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi.

4 aprel 1993

Saat 03:00 - 701-ci briqadanın bölmələri hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralananlar itki verməklə «Ömər» aşırımı düşməndən azad etdi.
Saaat 13:00 - Ömər aşırımının ətəyinə Müdafiyə Nazirliyinin tərəfindən iki briqada gətirildi.

5 aprel 1993

Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərinin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən susduruldu.

7 aprel 1993

Zəylik və Yellicə  zastavalarının şəxsi heyyəti “Ömər” aşrımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.

Rəşad Süleymanov





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Zaur Babashov, 03.04.2013, 07:37 (UTC):
Qardas Allah xeyirli,uqurlu etsin.




Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:

 
Reklam
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 55548 ziyaretçi (89631 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Kataloq
placebo Pepsi center