MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycan Hərbi Hava Qüvvələri modernləşdirilir

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviaparkının modernləşdirilməsi yaxın 2 il ərzində tam şəkildə başa çatdırılacaq. 2009-cu ilin sonlarına qədər HHQ-nin aviaparkı təxminən 50%-dək müasir döyüş təyyarələri hesabına yeniləşdiriləcək. Artıq bu məqsədlə Rusiya, Ukrayna və Pakistanla müxtəlif təyyarələrin alınması istiqamətində danışıqlar aparılır. Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə, HHQ-nin aviaparkının yeniləşdirilməsi dövlət başçısının bilavasitə tapşırığı və diqqəti altında həyata keçirilir. Paralel olaraq HHQ-nin mövcud təyyarələrinin bəzilərinin modernləşdirilməsi proqramının da həyata keçirilməsi nəzərdə tutulur. 

Məlumatlara görə, 2007-2009-cu illərdə HHQ-nin aviaparkı əlavə olaraq 29 ədəd «dördüncü nəsil» «MiQ-29» (Fulcrum), 20 ədəd «Tu-16» (bombadaşıyıcı) təyyarəsi və 25 ədəd «Mi-24» zərbə helikopterləri ilə gücləndiriləcək. Eyni zamanda Pakistan və Çinin birgə istehsalı olan «JF-17» (Thunder) döyüş təyyarələrinin alınması da planlaşdırılır ki, bu təyyarələr indiyədək Azərbaycanda istifadə olunmayıb. Pakistan Müdafiə Nazirliyinin bir müddət əvvəl yaydığı məlumata görə, artıq «JF-17» təyyarələrinin Azərbaycana satışı məqsədi ilə tərəflər danışıqlara başlayıblar. Azərbaycan HHQ-nin yüksək rütbəli rəsmisinin bildirdiyinə görə, rəsmi Bakı İslamabaddan 24 ədəd «JF-17» qırıcısını almaq niyyətindədir. hər birinin qiyməti təxminən 16-20 milyon dollar təşkil edən bu təyyarələr Azərbaycana 2009-cu ilin sonunadək gətiriləcək.

Kəmiyyət və keyfiyyət baxımından bu gün Cənubi Qafqazda Azərbaycan HHQ-i mühüm üstünlüyə malikdir. Ekspertlərin fikrincə, bunun əsas səbəbi Cənubi Qafqazda keçmiş Sovet ordusuna məxsus əsas aviabazaların Azərbaycanda yerləşməsidir. Müstəqillik əldə edəndən sonra Azərbaycanda Silahlı Qüvvələrin  bu növünün inkişafına böyük diqqət yetirilib. Ötən dövrdə aviabazaların rekonstruksiyası ilə yanaşı yeni təyyarələr və helikopterlər alınıb. Xatırladaq ki, Azərbaycan hava qüvvələrinin imkanlarından hələ birinci Qarabağ müharibəsində müəyyən qədər yararlana bilib. 1992-ci ilin yay-payız ekspansiyalarında Dağlıq Qarabağdakı separatçı qüvvələrin əsas dayaq məntəqələrinin bombalanması, 1994-cü ilin yanvar-may aylarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin hücumlarının qarşısının alınması, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək verilməsində HHQ-nin rolu böyük olub. bu da ermənilərin çoxlu sayda canlı qüvvə və texnika itirməsi ilə nəticələnib. Qeyd edək ki, bu döyüşlərdə Azərbaycan HHQ-i 7-dək müxtəlif təyinatlı təyyarə və helikopter itirib.

«Hərbi Hava Qüvvələrimizin bu günkü vəziyyəti, inkişaf tendensiyası müsbət qiymətləndirilməlidir. Bu gün Azərbaycan Cənubi Qafqazın hava məkanında şəriksiz üstünlüyə malikdir. Ötən ilin sonunda yeni təyyarələrin alınması bu inkişafın əyani göstəricisidir», - deyə hərbi ekspert, polkovnik İldırım Məmmədov qeyd edib.

Ekspertin fikrincə, Azərbaycanın bu gün hərbi aviaparkını yeniləşdirmək, hətta «F-22» və «F-35» kimi «beşinci nəisl» döyüş təyyarələrini almaq imkanı var: «Ermənistanın hava hücumundan müdafiə sistemlərini ciddi-cəhdlə gücləndirməsi vdə bu narahatçılıqdan irəli gəlir. Çünki ermənilər bir dəfə Azərbaycan aviasiyasının zərbəsini duyublar».

Ekspertin fikrincə, Qarabağda aparılacaq növbəti əməliyyatlarda HHQ-nin üzərinə böyük tapşırıqlar düşəcək. hücuma keçən Quru Qoşunlarına dəstək, düşmənin əsas bazalarının, strateji obyektlərinin və kommunikasiyalarının məhvi HHQ-nin əsas tapşırıqlarına daxildir. Eyni zamanda HHQ hərbi əməliyyatlar zamanı böyük psixoloji təsir yaratmaq imkanına malikdir.

Rəsmi məlumatlara görə, hazırda Azərbaycan HHQ-də 7900 nəfər xidmət edir. Bəzi məlumatlara görə, Azərbaycanın hərbi  avaiparkına 61 ədəd döyüş təyyarəsi və zərbə helikopteri, 46 ədəd yardımçı təyyarə və helikopter daxildir.

Hazırda Azərbaycanın hava qüvvələri 2 ədəd «Su-25», 4 ədəd «Su-24», 2 ədəd «Su-17», 48 ədəd müxtəlif modifikasiyada «MiQ-29», 3 ədəd «MiQ-21», 3 ədəd «An-2», 12 ədəd «L-39», 18-24 ədəd «L-29» döyüş və təlim təyyarəsi, həmçinin 1 ədəd «Tu-134A», 1 ədəd «An-12», 1 ədəd «An-24», 3 ədəd «İl-76» nəqliyyat təyyarəsi, 15 ədəd «Mi-24», 13 ədəd «Mi-8», 9 ədəd «Mi-6», 7 ədəd «Mi-2» kimi müxtəlif təyinatlı helikopterlərə malikdir. Bundan başqa, Azərbaycan Sərhəd Qoşunlarının aviadəstəsi də mövcuddur ki, bura əsasən kiçik ölçülü, desant və nəqliyyat üçün istifadə oluna bilən «Yak»lar və helikopterlər daxildir. Ekspertlərin fikrincə, Sərhəd Qoşunlarının aviadəstəsinin imkanlarından Qarabağ şəraitdə hərbi əməliyyatlarda istifadə etmək mümkündür.

Qeyd edək ki, ötən ilin noyabrında Ukraynadan 4 ədəd «MiQ-29» təyyarəsi alınaraq Azərbaycana gətirilib. Hazırda yeni «MiQ-29»ların gətirilməsinə dair istehsalçı müəssisə ilə danışıqlar  davam etdirilir.

Yeri gəlmişkən xatırladaq ki,Ukraynadan alınmış «MiQ-29» təyyarələrinin cəbhə xətti üzərində tez-tez uçuşlar etməsi Ermənistanın hərbi siyasi rəhbərliyi və Dağlıq Qarabağ separatçıları tərəfindən təşvişlə qarşılanır.

«Azərbaycan təyyarələrinin cəbhə xəttində, xüsusilə də işğal olunmuş ərazilər üzərindən uçuşları böyük psixoloji təsirə malikdir. Bu bir tərəfdən yerli əhalidə öz ordusuna inam yaradır, qarşı tərəfdə isə qorxu hissi formalaşdırır. Bu gün Ermənistanın hərbi hava qüvvələri olduqca zəifdir və düşməni də qorxudan məhz budur»,-polkovnik İ.Məmmədov vurğulayıb.

«Manevr» Araşdırmalar Mərkəzinin məlumatına görə, Ermənistan HHQ-də 700 nəfər xidmət edir. Ermənistan HHQ-i 6 ədəd «Su-25», 1 ədəd «MiQ-25» təyyarəsi, 12 zərbə helikopteri (7 ədəd «Mi-24», 3 ədəd «Mi-24K» və 2 ədəd «Mi-24R»), 25 yardımçı təyyarə, həmçinin Qarabağda saxlanılan 2 ədəd «Su-25» təyyarəsi və 4 ədəd «Mi-24» helikopterinə malikdirlər.

2000-ci ildən HHQ-nin bazalarının modernləşdirilməsinə başlanılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq Hacı Zeynalabdin Tağıyev (Nasosnı) və Qala qəsəbələrindəki hərbi aerodromlar müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulub. Uçuş-eniş zolaqları, uçuşları idarəetmə və izləmə mərkəzləri ən yeni avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, Tağıyev qəsəbəsində Birləşmiş Ştatların yardımı ilə rekonstruksiya olunmuş aerodromdan müttəfiq qüvvələrinin aviasiyası 2001-ci ildə Əfqanıstana uçuşlar zamanı istifadə edib. NATO ilə Azərbaycan hökuməti arasında imzalanmış Fərdi Tərəfdaşlığın Əməliyyat Planına (İPAP) uyğun olaraq daha bir aerodromun (Kürdəmir) modernləşdirilməsi həyata keçirilməlidir. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henikin sözlərinə görə, ikinci aerodrom ABŞ-ın yardımı ilə yenidən qurulacaq. NATO-nun dəstəyi ilə HHQ və HHMQ-nin Salyandakı bazasının rekonstruksiyası da nəzərdə tutulur.

Birləşmiş Ştatların yardımı ilə həmçinin, HHQ-nin Dəllərdəki bazasında regionda anoloqu olmayan uçuşları izləmə və idarəetmə mərkəzinin yaradılıb. ABŞ tərəfindən Azərbaycana hava sərhədlərini mühafizə etmək məqsədi ilə TRML-3D tipli iki radiolokasiya stansiyası verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, ötən dövrdə hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib.

Əvvəlki illərdən fərqli olaraq artıq Azərbaycan HHQ-nin kadr təminatı əsasən yerli hərbi məktəblər, xüsusilə də Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantları hesabına həyata keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, HHQ üçün pilot hazırlığında həmçinin Ukrayna, Türkiyə və ABŞ-ın köməyindən də istifadə olunur.

«Azərbaycan və Ukrayna Müdafiə Nazirlikləri arasında əldə olunmuş razılaşmaya əsasən Ukrayna Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzində azərbaycanlı pilotların hazırlanması və təkmilləşdirilməsi həyata keçiriləcək. Azərbaycanlı pilotlar burada öz bilik və bacarıqlarını artırmaqla yanaşı yeni texnologiyaları da mənimsəyəcəklər». Bu fikrləri açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri İvan Androsenko bildirib. İ.Androsenko həmçinin əlavə edib ki, hazırda ölkələr arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq, digər sahələrdə olduğu kimi, pilot hazırlığı sahəsində sıx əməkdaşlıq edilir.

 
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74116 ziyaretçi (119933 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol