MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Şəhid qanı axan torpaq...
Tez-tez cəbhə xəttində düşmənlə döyüşdə, eləcə də mina partlayışları zamanı şəhid olan əsgər və zabitlərin dəfni heç də bu gün qüvvədə olan nizamnamələrə uyğun təşkil olunmur. Döyüşdə qəhrəmanlıq göstərərək şəhid olmuş hərbçilərin tabutu ən yaxşı halda Azərbaycan bayrağına bükülür. Tabut, şəhid olmuş hərbçinin dəfni üçün dövlətin ayırdığı birdəfəlik pul müavinəti hərbi hissənin “zampolit”i, rayon hərbi komissarlığının kiçik rütbəli zabitlərindən və gizirlərdən ibarət “dəfn qrupu”, 2-3 polis əməkdaşının müşayiəti ilə ailəsinə verilir. Vəssalam....

Hələ döyüşdə dünyasını dəyişmiş hərbçilərə şəhid statusunun verilməməsini demirik. Atəşkəs imzalanandan indiyədək ötən 15 ildə cəbhə xəttində şəhid olmuş çox az hərbçiyə şəhid statusu verilib.

Müdafiə Nazirliyi düşmənlə döyüşdə həlak olmuş hərbçilərə şəhid statusu verilməməsinin səbəblərini də açıqlamır. Lent.az-ın əldə etdiyi məlumatlara görə, nə ötən ilin mart ayında Tərtər rayonu istiqamətində düşmənlə döyüşdə həlak olmuş 4 hərbçi, nə də noyabr ayında Füzuli rayonu istiqamətində 2 erməni əsgərini öldürərək həlak olmuş Orxan Şəmilov şəhid statusu ala bilməyib.

SSRİ-nin tanınmış generalı Jukovun məşhur bir kəlamı keçmiş sovet imperiyasında əsgərin dəyərsiz bir varlıq olduğunu göstərirdi. “Bir əsgərin qiyməti 72 qəpikdir”, - deyən general fikrini də əsaslandırırdı. Bu 72 qəpik hərbi hissədən həlak olmuş əsgərin ailəsinə göndərilən bir başsağlığı məktubu və bu məktuba vurulan poçt markasının qiyməti idi.

Azərbaycan ictimaiyyəti döyüş zamanı şəhid olmuş hərbçinin hərbi nizamnaməyə uyğun dəfnini son 15 ildə ilk dəfə ötən ilin yanvar ayında gördü. Dövlət sərhədlərinin mühafizəsi zamanı silahlı quldurlarla döyüşdə həlak olmuş zabitin dəfnində Silahlı Qüvvələrin tarixində ilk dəfə olaraq yuxarı komandanlıq iştirak edirdi. Sumqayıt Şəhidlər Xiyabanında təşkil olunmuş dəfn mərasiminə Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev və Dövlət Sərhəd Xidməti mərkəzi aparatının bütün yüksək rütbəli rəsmiləri dəfn mərasiminə qatılmışdı. Dəfndən sonra havaya yaylım atəşinin açılması da diqqətdən kənarda qalmadı.

Vətən mənə oğul desə....

Xatırladaq ki, son illər həlak olmuş əsgərlər və zabitlər rayon və şəhərlərdəki Şəhidlər Xiyabanında dəfn olunmur. Bu da çox zaman Şəhidlər Xiyabanında yalnız birinci Qarabağ müharibəsində şəhid olan şəxslərin dəfn edilmələri ilə əlaqələndirilir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov hesab edir ki, bu gün hərbi nizamnamədə dəfnlə bağlı bəzi qeydlər olsa da hərbi qulluqçuların dəfnini özündə əks etdirən vahid qaydalar yoxdur: “Bu da öz növbəsində düşmənlə döyüşdə həlak olmuş hərbçinin dəfninin çox bəsit keçməsinə, onun ailəsinin dövlətdən narazı qalmasına səbəb olur. Qeyd edim ki, hərbi büdcənin kəskin artırılmasına baxmayaraq, həlak olan hərbi qulluqçuların dəfni üçün verilən birdəfəlik pul müavinətinin həcmi neçə illərdir ki, 60 manat olaraq qalır”.

Qeyd edək ki, DSX-dan sonra, 2008-ci il mart ayının 4-də Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş 4 əsgərin dəfnində müdafiə nazirinin müavinləri və idarə rəisləri iştirak etdilər.

2008-ci ilin avqust ayında terrorçularla döyüşdə şəhid olmuş Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçusunun dəfn mərasimində rəhbərlik də daxil olmaqla bütün yüksək rütbəli zabitlər, o cümlədən Daxili Qoşunlar komandanının Türkiyə Jandarma Baş Komandanlığından olan müşaviri də qatıldı.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, hərbi xidmət zamanı dünyasını dəyişən hərbçilərin dəfn mərasimlərinin təşkili ilə bağlı qaydalar hazırlanır. Qaydalarda hərbi xidmət keçdiyi dövrdə xəstəlikdən, müxtəlif hadisələrdən, qəzalardan dünyasını dəyişənlər, eləcə də əməliyyat zamanı düşmən gülləsindən həlak olan hərbçilərin mərasimlərinin təşkili məsələləri əksini tapacaq. Burada təsbit olunan qaydalar uzun müddət Silahlı Qüvvələrdə xidmət etmiş, dövlət mükafatları, orden-medallarla təltif olunmuş, ehtiyatda və istefada olan zabitlərə, Milli Qəhrəmanlara da şamil ediləcək.

Əgər bu qaydalara əməl olunarsa, hərbçilərin dəfn mərasimlərində yerli icra hakimiyyətləri, dövlət və hökumət qurumları rəsmilərinin, hərbi hissə, birlik və birləşmələrin komandirlərinin, yüksək rütbəli zabitlərinin iştirakı, hərbi qarovulun düzülməsi, mərhumu son mənzilə yola salarkən yaylım atəşinin açılması və s. həyata keçiriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin qüvvədə olan Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə görə, vəfat etmiş hərbçilərin (vəfatın hansı səbəbdən baş verdiyi göstərilmir) dəfni üçün hərbi hissə komandirinin əmri ilə bir manqa, tağım və ya bölük həcmində fəxri mühafizə və dəfn dəstəsi təşkil olunmalıdır. Bu fəxri mühafizə dəstələri eyni zamanda həqiqi hərbi xidmət dövründə vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgər, çavuş və gizirlərin, hərbi geyimi daşımaq hüququnu daşıyan istefada olan generalların, baş zabitlərin, Milli Qəhrəmanların, “Şöhrət” ordeninin bütün dərəcələri (üç dərəcədir) təltif olunmuş digər şəxslərin dəfn mərasimlərində də təşkil oluna bilər. Bundan başqa, hərbi qulluqçuların dəfni üçün orkestr, fəxri qarovul təyin edilməli, cənazəni məzara qoymaq üçün çavuşun komandası altında 8-10 əsgər, cənazəni aparmaq üçünsə xüsusi avtomobil və ya top lafeti ayrılmalıdır. Hərbi qulluqçular hərbi hissədən kənarda – başqa şəhər və ya kənddə dəfn edilərsə, cənazə fəxri mühafizə dəstəsi və orkestrin müşayiəti ilə şəhərin (qarnizonun) kənarınadək müşayiət olunmalı, mərhumun cənazəsini yolda müşayiət etmək üçün hərbi hissə və ya qarnizon rəisinin əmri ilə 2 və ya 4 nəfər ayrılmalıdır. Nizamnaməyə əsasən hərbi qulluqçunun dəfni zamanı döyüş bayrağı endirilir, avtomatdan üç yaylım atəşi açılır.

Ekspertlərin fikrincə, Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində əksini tapmış dəfn qaydaları keçmiş sovet ordusunda mövcud olanlardır və bunun yeniləşdirilməsinə ehtiyac var. Yeniləşmədə müsəlman ölkəsi olan Türkiyədə, eləcə də İranda hərbçilərin dəfn mərasimlərinin təşkili nümunəsindən istifadə oluna bilər. Bu çərçivədə Azərbaycan xalqının qədim hərbi ənənələrinə söykənərək müsəlman adətlərinə, türkçülük və hərbi qaydalara önəm verilməlidir.

Məlumat üçün bildirək ki, İran və Türkiyədə şəhid olan hər bir əsgər və zabitin dəfn mərasimi yuxarı komandanlığın iştirakı ilə keçirilir. Generallar, qoşun komandanları cənazə namazına dayanır və tabutu son mənzilə daşıyırlar.

lent.az
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74087 ziyaretçi (119885 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol