MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Əsgərimiz geyimini dəyişir

Aprelin 20-dən sonra yaz geyim formasına keçəcək Azərbaycan Silahlı Qüvvələri kamuflyajını yeniləşdirməyi planlaşdırır.

Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumatlara görə, yeni kamuflyaja kütləvi şəkildə keçid gələn ilin sonlarınadək yekunlaşacaq. Bu kamuflyajın gələcəkdə üzərində təkmilləşmələr nəzərə alınmaqla Quru Qoşunlarının daimi səhra geyimi olacağı gözlənilir. Artıq ötən ilin aprel ayında sınaq olaraq Quru Qoşunlarının şəxsi heyətinin bir hissəsinə bu paltarlar paylanıb və hazırda geyimin üzərində bir sıra təkmilləşdirmələr aparılır. Yeni kamuflyaj rənginə görə hazırda geyilən yay uniformasına bənzəsə də ümumilikdə yeni geyimin rəngi bir qədər fərqli olacaq.

Qeyd edək ki, bu geyimdə olan əsgərlər hərbi paradda keçid ediblər. Yeni kamuflyajın rəngləri arasında diqqəti əsasən yaşıl və palıd-qonur rənglər çəkəcək. Bununla bərabər, Quru Qoşunlarının bəzi bölmələri kiçik rəng çalarları olan “rəqəmsal” adlanan geyimlərlə təchiz olunacaq. Bəzi məlumatlara görə, yalnız xüsusi təyinatlı qüvvələrə məxsus olacaq bu kamuflyajın digər hərbçilər tərəfindən geyinilməsinə icazə verilməyəcək.

Hərb elmində kamuflyajlar tək geyim hesab edilmir. Eyni zamanda əsgərləri şəraitə uyğun maskalanması məqsədi daşıyır. Ən əsası isə orduların bir-birindən fərqləndirilməsində rol oynayır.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Azərbaycanda Milli Qvardiyanın Fəxri Qarovulunun geyimi də dəyişdirilib. Əvvəlkindən fərqli olaraq Fəxri Qarovul tünd göy rəngli geyimə keçib. Fəxri Qarovulda botinka uzunboğaz – dizə qədər, keçmiş Sovet ordusunun “sapoq”ları ilə əvəzlənib.

Azərbaycan ordusu yarandığı gündən indiyədək geyim forması ən azı on dəfə dəyişdirilib. 1990-cı illərin əvvəllərində sovet ordusunun “əfqanka”sı ilə yanaşı Milli Ordu o dövrdə keçmiş Volodarski adına fabrikdə tikilmiş ilk milli formasını geyinib. Atəşkəsdən sonra hər il bu geyimlər yeniləşməyə başlayıb. Bir neçə il əvvəl Sərhəd Qoşunları özünün ayrıca geyimini müəyyənləşdirib. Məlum olduğu kimi, digər qoşunlardan Hərbi Dəniz, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının məxsusi geyimləri var.

Ekspertlərin fikrincə, Azərbaycanda da digər ölkələrdə olduğu kimi hərbi uniformaların rənglərinin müəyyən institutlar, həmçinin Hərbi Elmi Mərkəz tərəfindən müəyyənləşdirilməsinə ehtiyac var. Hərbi Elmi Mərkəzin adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşının sözlərinə görə, bu gün Azərbaycan ordusunda kamuflyajların nə rəngləri, nə də hazırlandığı parçalar hansısa elmi araşdırmalarla müəyyənləşdirilmir. Tenderdə iştirak edən şirkətlər çox zaman ucuz parçalardan istifadəyə üstünlük verirlər ki, son nəticədə bu geyim tez bir zamanda sıradan çıxır. Günəşin və yağışın təsirindən yararsız hala düşür, nəhayət bir dəfə yuyulandan sonra onun hansı rəngdə olmasını müəyyənləşdirmək müşkülə çevrilir.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Silahlı Qüvvələri bu il yeni kamuflyaja keçəcəyini bəyan edib. Yeni paltarların hazırlanmasına düz 6 il əvvəl başlanıb. TÜBİTAK tərəfindən Türkiyənin 7 vilayətinin peykdən çəkilmiş şəklinə görə uniformanın rəngləri təyin olunub. Daha sonra uniforma hərbçilərin müzakirəsinə təqdim olunub və onların rəngləri nəzərə alınmaqla yenidən işlənib. Geyimin orijinalı da var. Soyuqda bədəni isti, istidə isə sərin saxlayır.

Bu yeni geyimin ABŞ-da Pentaqonun təchizat araşdırmaları üzrə institutlarının apardığı araşdırmaların nəticəsi olaraq hazırlandığı açıqlanıb. Nanotexnologiyalar əsasında hazırlanmış bu kamuflyajlar nə çirklənəcək, nə də su saxlayacaq. Digər üstünlükləri isə geyimin “buqələmun” olması, yəni rənginin şəraitə uyğunlaşmasıdır. Belə ki, əsgər səhra şəraitinə düşdükdə, geyim səhra rəngi, meşə şəraitində yaşıl rəng və s. alaraq hərbçiləri maskalayacaq.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, Azərbaycanda da səhra geyimlərinin müəyyənləşdirilməsi sahəsində elmi tədqiqatlara, həmçinin hərbçilərin rəylərinə ehtiyac var: “Bu gün Azərbaycan ordusunun səhra və nümayiş geyiminin müəyyənləşdirilməsində problemlər mövcuddur. Ümumilikdə qoşunlar arasında sıravi və zabit heyətin, Fəxri Qarovulun geyimi hələ tam müəyyənləşməyib. Əsas problem isə döyüş bölgəsindədir. Məlum olduğu kimi Azərbaycan ordusunun səhra geyimi yaşıl-göy rənglidir. Haramı düzündə, heç bir yaşıllığın olmadığı ərazidə yaşıl rəng nə deməkdir? Əsgər şəraitə uyğun maskalanmaq əvəzinə yaşıl-göy rəngdə açıq hədəfdə dayanır”, - deyə ekspert vurğulayıb.

Ekspert analoji vəziyyətlə 1979-1989-cu illərdə Əfqanıstanda sovet qoşunlarının da üzləşdiyini və nəticədə böyük sayda itkilər verdiklərini deyir. “Əfqanka” adlı sarı kamuflyaj dağlıq ərazidə əsgərlərin maskalanmasına yardımçı olmaq əvəzinə, onları əfqan snayperlərinin hədəfinə çevirib. Buna görə də əsgərlər kamuflyajın rənglərini özünəməxsus qaydada dəyişib. Bunun üçün onlar paltarı benzində yuyur və ya qara tüstüyə verirdilər.

Ekspert deyib ki, Fəxri Qarovul dövlətin hərb tarixinə, hərb peşəsinə, dövlətçiliyinə diqqətini göstərir. İngiltərə, Yunanıstan, ABŞ, Hindistan, İran, Gürcüstan elə Rusiyanın özündə Fəxri Qarovul milli geyimdə dayanır. Bu kontekstdə Azərbaycanda hərbi qarovulun da milli hərbi geyimdə olması daha diqqətçəkicidir.

İ.Məmmədov hesab edir ki, kamuflyajın rənglərinin müəyyənləşdirilməsində hərbi heyətin və ictimaiyyətin rəyi nəzərə alınmalıdır. Ekspertin fikrincə, geyim ilk növbədə hərbçiyə yaraşmalıdır: “Nəzərə almaq lazımdır ki, hərbçilər öz geyimləri, hərəkətləri ilə digər insanların, xüsusilə də gənc nəslin hərbi peşəyə marağında rol oynayırlar. Yaxşı geyinmiş, müəyyənləşdirilmiş geyim qaydalara riayət edən hərbçilər şübhəsiz ki, kənardan baxanda ordu haqqında müsbət fikir formalaşdırırlar”.

Ekspert araşdırmalarına görə, Azərbaycan sülhməramlı bölmələrinin kamuflyajının rəngləri bir qədər dəyişikliklər aparılarsa, Azərbaycan şəraitinə daha münasib hesab oluna bilər. Xüsusilə də Azərbaycanın işğal olunmuş ərazilərinin relyef rənginə uyğundur və maskalanmaya kömək edir.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73890 ziyaretçi (119640 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol