MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycan-Türkiyə Hərbi Dialoqu: masada nə var?

Dekabrın 22-dən 24-dək Bakıda keçiriləcək Azərbaycan-Türkiyə yüksək səviyyəli Hərbi Dialoqunda Türkiyə nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahının ikinci rəisi, ordu generalı Hasan İğsız rəhbərlik edəcək. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. H.İğsızın başçılıq etdiyi nümayəndə heyətində Türkiyənin Milli Müdafiə Nazirliyi, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Jandarma Baş Komandanlığı, Hərbi Məktəblər Komandanlığı və s. qurumların, həmçinin Müdafiə Sənayesi Müştəşarlığının yüksək rütbəli rəsmiləri təmsil olunacaqlar.

Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, iclasda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlərin, o cümlədən hərbi sənaye sahəsində işbirliyi, Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarına yardımlar və s. müzakirəsi planlaşdırılır.

Türkiyə Milli Müdafiə Nazirliyinin bu günlərdə açıqladığı məlumata görə, 1997-ci ildən indiyədək müxtəlif formalarda Azərbaycana 170 mln. ABŞ dollarına yaxın hərbi yardımlar göstərilib. Azərbaycan Silahlı Qüvvələrinin V ordu birləşməsi Türkiyənin yardımı ilə NATO standartlarına uyğun olaraq modernləşdirilib. Naxçıvanda yerləşən bu hərbi birləşməyə 2004-2005-ci illərdə təmənnasız olaraq 2,7 mln. dollar dəyərində rabitə avadanlıqları və tibbi ləvazimatlar verilib.

Ümumilikdə Türkiyə Silahlı Qüvvələri Azərbaycanın tək Quru Qoşunlarına deyil, Hərbi Hava Qüvvələri (HHQ), Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri (HDQ), Daxili Qoşunlar, Milli Qvardiyaya müxtəlif formalarda yardımlar göstərir. Türkiyə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də kadr hazırlığında mühüm rol oynayır. Belə ki, bir neçə il əvvəl Türkiyə Azərbaycan HDQ-nə “AV-34” (Türk tipli) patrul kateri, həmçinin ötən il daha bir kater bağışlayıb. Türkiyə Jandarma Baş Komandanlığının köməyi ilə Daxili Qoşunların Qala Tədris Mərkəzi yaradılıb.

Türkiyə Azərbaycanın HHQ və Hava Hücumundan Müdafiə Qoşunlarına da yardımlarını davam etdirir. Bu yaxınlarda ölkələrin hərbi qurumları arasında Azərbaycan Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin modernləşdirilməsinə dair razılıq əldə olunub.

Türkiyənin “
ASELSAN” şirkəti isə Azərbaycanın T-72 tanklarının atış-kontrol sistemlərinin modernləşdirəcək. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cari ilin may ayında Azərbaycan Müdafiə Nazirliyinin Tank Təmiri Zavodunun modernləşdirilməsinə dair Türkiyənin Müdafiə Sənayesi Müştəşarlığının xətti ilə bir sıra şirkətlərlə danışıqlar aparılıb. Türkiyənin hərbi dərgilərinin yazdığına görə, müzakirələrin nəticəsi olaraq Azərbaycanın T-72 tanklarında “ASELSAN”ın “Volkan” atış kontrol sistemləri quraşdırılacaq.

Azərbaycan Türkiyə ilə kadr hazırlığı və hərbi təhsil sahəsində də sıx əməkdaşlıq edir. Hər il yüzdən artıq Azərbaycan hərbçisi Türkiyənin hərbi məktəblərində, akademiyalarında təhsil alır, kurslarda iştirak edir. Türkiyənin Quru Qoşunları Məktəbi, Dəniz Hərb Məktəbi, İzmirdəki Hava Qüvvələri Məktəbi, Foçadakı xüsusi təyinatlılar məktəbində azərbaycanlı hərbçilər təhsil alırlar. Hər il onlarla azərbaycanlı zabit Türkiyə Silahlı Qüvvələri akademiyasını və Strateji Akademiyasını bitirir.

Azərbaycanda da daxil olmaqla Türkiyənin çox az ölkələrdə hərbi attaşesi general rütbəlidir. Türkiyə Azərbaycanın müdafiə sektorunda aparılan islahatlara, Silahlı Qüvvələrin NATO standartlarına transformasiyasına nəzarət funksiyasını həyata keçirməklə yanaşı, bu ölkənin zabitləri həm də Azərbaycan Silahlı Qüvvələrində məsləhətçi kimi çalışırlar. Bu gün Bakıdakı Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşeliyində bütün qoşun birləşmələrini təmsil edən zabitlər çalışırlar. Bundan başqa, hazırda Azərbaycan silahlı qüvvələrinin bütün birlik və birləşmələrində müxtəlif rütbələrdə türk zabitlər müşavir vəzifələri tutur. O cümlədən, müdafiə nazirinin və Daxili Qoşunlar komandanının türk müşavirləri var. Türkiyəli müşavirlər hər 6 aydan bir rotasiya qaydasında əvəzlənirlər.

Azərbaycan ordusunda türk silahları

Hazırda Azərbaycan Silahlı Qüvvələrində az sayda olsa da Türkiyə istehsalı olan silah və hərbi texnikalar mövcuddur. Belə ki, 2005-ci ildə müdafiə naziri Səfər Əbiyevin Ankaraya səfəri zamanı “Roketsan” şirkətinin istehsalı olan bir sıra raket sistemlərinə Azərbaycanın marağı ifadə edilmişdi. Hətta Türkiyə mətbuatının o vaxt yazdığına görə, Azərbaycan “Roketsan”ın istehsalı olan “Qasırğa” raket sistemi, UMTAS və “Crit” lazer başlıqlı raketlərinin alınması və birgə istehsalına dair razılıq əldə olunub. Bu ilin may ayının 24-də isə Müdafiə Nazirliyi ilə “
ASELSAN” şirkəti arasında dəyəri 2 mln. dollar təşkil edən rabitə cihazlarının alınmasına dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində şirkət Azərbaycana ASELSAN 5712 markalı manqa radiostansiyası tədarük edib. Qeyd edək ki, ASELSAN 5712 markalı manqa radiostansiyaları 380-400MHz tezlikdə tam dupleks xəbərləşmə imkanına malikdir. Rabitə vasitəsinin 4 nəfərlə eyni zamanda əlaqə yaratmaq, səslə göndərmən (VOX) imkanları mövcuddur. Cihazın digər özəllikləri də var - səslərin kriptoqrafiyası, frekans yönləndirmə və s. Bu rabitə vasitələri açıq ərazilərdə 1 kilometrə qədər məsafədə xəbərləşməni təmin etməyə qadirdir. Türkiyə şirkətləri əməkdaşlıq çərçivəsində Azərbaycan ordusunun arsenalında olan BTR-80 transportyorlarının atış sisteminin və qülləsinin modernləşdirilməsini həyata keçiriblər. Gələcəkdə Bakıda Azərbaycan Silahlı Qüvvələri üçün Türkiyə şirkətlərinin avadanlıqları əsasında qurulmuş “Şahin gözü” elektro-optik sensor sisteminin yaradılması da planlaşdırılır.


Türkiyə Silahlı Qüvvələri 1992-2008-ci illərdə Azərbaycan da daxil olmaqla, dünyanın 16 ölkəsinə 487 milyon ABŞ dolları dəyərində hərbi yardım göstərib. Lent.az-ın bildirdiyinə görə, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Türkiyə ötən müddət ərzində Mərkəzi Asiyadakı türkdilli ölkələrə də hərbi yardımlarını davam etdirib. Bu dövrdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) çərçivəsində Türkiyə Silahlı Qüvvələri 43 ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlıq, 51 ölkə ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb. NATO-nun proqramları çərçivəsində Türkiyə indiyədək 125 İraq general və zabitinə təlim keçib.

Türkiyənin 1997-ci ildən bəri Azərbaycana göstərdiyi hərbi yardımlar 170 milyon dolları keçib.

Milli Müdafiə Nazirliyinin açıqladığı hesabata görə, ötən 17 il ərzində Türkiyənin ən çox hərbi yardım göstərdiyi ölkə Azərbaycan olub. Türkiyə Azərbaycana maddi-texniki yardımlarla yanaşı hərbi təhsil, təlimlərin verilməsi, tibb, rabitə, hava hücumundan müdafiə sahəsində yardımlarını davam etdirib.

Türkiyə, Azərbaycan da daxil olmaqla, 38 ölkə ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir. Hazırda Türkiyənin “Roketsan” şirkəti Azərbaycanın İqlim,
ASELSAN şirkəti “Radioquraşdırma”, ÖZTEK və SELEX şirkətləri Azərbaycanın “Cihazqayırma”, Makina və Kimya Sənaye Qurumu (MKEK) “Telemexanika”, FNSS şirkəti “Maşınqayırma” və “Alov” zavodları ilə birgə məhsul istehsalı proqramlarını nəzərdən keçirir.

Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlu Lent.az-a açıqlamasında artıq rabitə vasitələrinin istehsalı ilə məşğul olan tanınmış türk şirkəti SELEX-in Azərbaycan müəssisələri ilə əməkdaşlığa maraq göstərdiyini deyib. L. Varoğlunun sözlərinə görə, hazırda SELEX Azərbaycanın “Cihazqayırma” zavodu ilə birgə məhsul istehsalına dair danışıqlar aparır. Müzakirələr müsbət nəticə verərsə, “Cihazqayırma” zavodu SELEX-ə daşınar və stasionar radiostansiyalar üçün müəyyən detallar və gövdələr hazırlayacaq.

 

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74116 ziyaretçi (119934 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol