MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Hərbi nizamnamə, yoxsa milli mentalitet?

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən qadınların iki seçimi var

 

Demokratik dəyərlərin təşəkkülü, cinsi diskriminasiyanın tədricən aradan qalxması cəmiyyətin tərkib hissəsi olan Silahlı Qüvvələrdən də təsirsiz ötüşməyib. Məhz bu prosesin təzahürü olaraq dünya ordularında son 15 ildə «zərif cins»in nümayəndələrinin sayı sürətlə artmaqdadır. Artıq bir sıra Avropa ölkələri qadınların hərbi xidmət keçməsi üçün öz hərbi qanunvericiliklərinə dəyişikliklər edərək prosesi müəyyən  dərəcədə stimullaşdırmağa nail olublar.

Doğrudur bu dəyişikliklər «zərif cins»in hərbi xidmət keçməsini qanuniləşdirsə də, hələ də müəyyən məhdudiyyətləri özündə saxlayır.

Son 50 ildə qadınların Silahlı Qüvvələrə cəlbi istiqamətində müəyyən dəyişikliklərin baş verdiyini görürük. Belə ki, İkinci Dünya Müharibəsində sovet və alman cəbhələrində qadınların dəniz donanmasından hərbi aviasiyaya qədər müxtəlif qoşun birləşmələrində xidmət etməsi faktları mövcuddur. Müharibədən sonrakı dövrdə müxtəlif ölkələrin ordularında qadınlar həm döyüşən hərbi birləşmələrdə, həm də qərargah sistemlərində müəyyən hərbi vəzifələr tutmağa başladılar. Bir sıra dövlətlərin nizami ordularının kütləvi surətdə inkişafı ilə əlaqədar qadınlar ordunun komplektləşdirilməsi üçün əlavə qüvvə sayılıb. Hətta bəzi ölkələrdə müdafiə naziri vəzifəsini belə qadın icra edib. 

Sonradan sovetlər birliyinin qəbul etdiyi qanunvericilik aktlarında  qadınların hərbi xidmət keçməsini tənzimləyən müddəalar da nəzərdə tutulmuşdu. 1967-ci ildə qəbul edilmiş «Ümumi əsgəri vəzifə haqqında» qanunda bu məsələ tam detalları ilə əksini tapdı. Adıçəkilən qanuna əsasən 19 yaşından 40 yaşınadək tibbi və ya digər xüsusi hazırlığı olan qadınlar sülh dövründə qeydiyyata alınırdılar. Müharibə dövründə isə onlar köməkçi və yaxud xüsusi xidmət üçün çağrıla bilərdilər. Qadınların həqiqi hərbi xidməti ən çox halda 50 yaşadək idi.

Dünya ordularında müxtəlif dövrlərdə aparılan sorğular göstərir ki, qadınların hərbi xidmət keçmə şəraitləri həmin ölkənin mentaliteti, demoqrafik vəziyyəti, iqtisadi və hərbi imkanları ilə bilavasitə bağlıdır.

İsraildə qadınlar daha çox Quru Qoşunlarında xidmətə üstünlük verirlər. Xatırladaq ki, İsrail qanunvericiliyinə görə, qadınlar Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti keçməlidirlər.bunun üçün qadanlardan ibarət xüsusi taborlar yaradılıb.

Fransa və İtaliyada isə qadınlar digər ölkələrdən fərqli olaraq özlərinin seçib-sevdikləri qoşun birləşmələrində xidmət edə bilərlər. Silahlı Qüvvələrini müqaviləli heyət əsasında komplektləşdirən fransız ordusunda 30 min nəfərə yaxın qadının xidmət etdiyi bildirilir. Hazırda Fransa Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Donanmasında xeyli sayda qadın yüksək hərbi vəzifələrdə (eskadriya və gəmi komandiri və s.) xidmət edir.  

ABŞ və Böyük Britaniya ordularında isə qadınların hərbi xidmətini müəyyən dərəcədə məhdudlaşdıran qanunlar hələ də qüvvədə qalır. Bu ölkələrin qadınları piyada qoşunları, sualtı donanma, tank və xüsusi təyinatlı birləşmələrdə xidmət edə bilməzlər.

Məlumat üçün bildirək ki, hazırda Rusiya Silahlı Qüvvələrində 28 min qadın müqavilə əsasında əsgər və serjant vəzifələrində xidmət edir. Qadınlar Silahlı Qüvvələrə mülkidən könüllü olaraq gəlirlər. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi qadın hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra tədbirlərpn həyata keçirilməsinə dair sərəncam da imzalayıb.

                        

                   Azərbaycanın qadınları da «hərbçi» peşəsini seçir

 

Bu gün cinsi diskriminasiya aradan qaldırıldığından Azərbaycan Silahlı Qüvvələrində xeyli sayda qadının müxtəlif rütbə və vəzifələrdə xidmət etdiyi  bildirilsə də onların konkret sayı və yaxud ümumi şəxsi heyətin tərkibində çəkisi barədə konkret rəqəm açıqlanmır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, mayor İlqar Verdiyevin verdiyi məlumata görə, Silahlı Qüvvələrdə xidmət edən «zərif cins»in nümayəndələri arasında sırf hərbi peşəni seçmiş kadr zabitlər də var. Hazırda Azərbaycan Silahlı Qüvvələrində Azərbaycan Ali Hərbi, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərini bitirmiş onlarla qadın zabit müxtəlif vəzifələrdə xidmət edirlər.

Xatırladaq ki, Azərbaycanda qadınların hərbi təhsil müəssisələrinə qəbuluna 2001-ci ildən başlanıb. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə 23 qız qəbul olunmuşdu. Sonrakı illərdə bu göstəricidə müəyyən azalmalar baş verib. Bununla belə hazırda həm ali hərbi məktəblərdə, həm də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 30-dan ırtıq hərbçi peşəsini seçmiş qadın təhsil alır.

                            

                                  «Zəriflər» hərb tariximizdə

 

Tarixə nəzər salsaq, Azərbaycan qadınlarının özlərini müxtəlif dövrlərdə hərb meydanlarında sınadıqlarını görərik. Miladdan öncə, Tomrisin Əhəməni hökmdarı Kirlə savaşda qalib gəlməsi tarixi hadisədir. Sonrakı dövrlərdə Azərbaycan tarixində müxtəlif sərkərdə-hökmdar qadınlar olub. İkinci Cahan Savaşında Züleyxa Seyidəhmədova, Ziba Qəniyava və digər azərbaycanlı qadınların savaş meydanlarında göstərdikləri qəhrəmanlıqlar da buna əyani misaldır. Yüzlərdə Azərbaycan qadını döyüşən divizyaların tərkibində Qafqazdan Berlinədək döyüş yolu keçib.

Birinci Qarabağ müharibəsində həm könüllü özünü müdafiə dəstələrində, həm də nizami birləşmələrdə qadınların əldə silah torpaqların müdafiəsində iştirakını da xatırlamaq yeriən düşər. Belə ki, Azərbaycan ordusunun ilk hərbi hissənin ilk döyüşçülərindən olan və bu gün də Silahlı Qüvvələrdə xidmətini davam etdirən Nurcahan Hüseynova Daşaltı, Qubadlı, Laçın, Zəngilan, Ağdərə, Füzuli və Murovdağda gedən döyüşlərdə fəal iştirak edib. Özünü qorxmaz və peşəkar hərbçi kimi tanıdıb. Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı olmuş oğlu ilə ilə bir yerdə döyüşən bu qadın övladını itirəndən sonra da ordudan ayrılmayıb. Üzbəüz gəldiyi düşmənin diri-diri ürəyini çıxarıb.

Qeyd edək ki, birinci Qarabağ müharibəsində 500-dən artıq azərbaycanlı qadın müxtəlif hərbi hissələrin tərkibində bilavasitə döyüş əməliyyatlarında iştirak edib.

Bu gün tək Müdafiə Nazirliyində deyil, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi təşkilatlarda çoxlu sayda «zərif cins»in nümayəndələrinə rast gəlmək mümkündür. Azərbaycanın dövlət sərhədlərindəki nəzarət buraxılış məntəqələrində müqavilə əsasında onlarla qadın hərbçi xidmət edir. Daxili Qoşunlarda isə qadın hərbçilərə daha çox qərargah xidmətlərində rast gəlinir. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polvkovnik leytenant Təranə Məmmədova bu gün Azərbaycan Silahlı Qüvvələrində polkovnik-leytenant və polkovnik rütbəsi almış az sayda qadın hərbçilərdəndir. Adı çəkilən qoşunlarda qadın hərbi qulluqçular əsasən mülkidən gələnlərdir və onlar müqavilə əsasında xidmət edirlər.

   

   Qadınların xidmətini məhdudlaşdıran nədir?

 

Bir neçə ay əvvəl bir qrup qadın millət vəkili tərəfindən qadınların Azərbaycan Silahlı Qüvvələrində xidmətinin zəruriliyi məsələsi gündəmə gətirilsə də bu məsələ cəmiyyətdə birmənalı şəkildə qarşılanmadı. İlk olaraq ona görə ki, milli mentaliteti özü üçün ali qanun hesab edən Azərbaycan cəmiyyətində kişilər dura-dura qadınların hərbi xidmət keçməsi doğru sayılmır. Yəni burada şərqlilərə məxsus olan «kişinin kişi yeri, qadının qadın yeri» prinsipi əsas götürülür. Məlum olduğu kimi  hələ qədim zamanlarda türk xalqlarında qadın ən ali varlıq- ana sayılıb. Ana isə vətən, bayraq və dinlə eyni səviyyədə tutulub. Ona görə də, hazırkı şəraitdə belə qadınların mükəlləfiyyətli hərbi xidmətə cəlbi Azərbaycan cəmiyyətində doğru hesab edilmir.

Bununla belə Azərbaycanın hərbi qanunvericiliyində qadınların hərbi xidmət keçmələri üçün yuxarıda qeyd etdiyimiz ölkələrdəki kimi müəyyən məhdudiyyətlərin olmaması onların könüllü olaraq istənilən qoşun birləşmələrində xidmət etmələrinə imkan verir. Lakin bu stimullara baxmayaraq şərqli mentaliteti öz təsirini saxlayır, hərbi xidməti seçən qadınların sayı hələ də azlıq təşkil edir. Ekspertlərin fikrincə, hazırda Azərbaycan Silahlı Qüvvələrində qadınların çəkisi 3%-dən bir qədər artıqdır. Bu da Rusiya və bir sıra Avropa ölkələri ilə müqayisədə çox azdır.

Qadınların Silahlı Qüvvələrdə xidmətini məhdudlaşdıran faktorları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Milli mentalitet;
  • Azərbaycan ailələrində kişilərin əsas söz sahibi olması;
  • Ölkənin kifayət qədər səfərbərlik resursunun olması;
  • Hərbçi qadınlara hərbçilər arasında və cəmiyyətdə ikili münasibətin varlığı;
  • Qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə hələ ki lazımi şəraitin olmaması;
  • Qanunverici bazada müəyyən boşluqların olması.

Ümumiyyətlə təcrübə göstərir ki, hərbçi peşəsini seçmiş qadınların ən çox ailə problemləri ilə qarşılaşırlar. Bu demək olar ki, dünyanın bütün ordularında mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, aparılan sorğular zamanı məlum olub ki, ABŞ ordusunda qadın hərbçilərin 55%-i, Böyük Britaniyada 40-45%-i, Almaniyada 57-60%-i, Fransa və İtaliyada isə 80%-i ailə qurub.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74229 ziyaretçi (120113 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol