MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Qəbələyə tuşlanmış siyasət raketləri

Obama administrasiyası Rusiya ilə müştərək Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin yaradılması istiqamətində müzakirələrə start verməyi planlaşdırır. Xarici hərbi KİV-in, xüsusilə də “Defens Nyus” dərgisinin məlumatına görə, yaxın vaxtlarda bununla bağlı çoxtərəfli danışıqlara start verilməsi gözlənilir. Bu kontekstdə cari ilin ortalarında hərbi mütəxəssislərin iştirakı ilə mümkün variantlar ətrafında fikir mübadiləsi aparılaraq Ağ Ev və Kreml üçün müvafiq təkliflər hazırlanacaq.

 

Müzakirə olunacaq variantlar arasında həm Qəbələ, həm də Armavir radiolokasiya stansiyaları var. Rusiya isə iki il əvvəlki mövqeyinin üzərində inadkar şəkildə durmaqla Qəbələ RLS-dən birgə istifadə təklifini qüvvədə saxlayır.

 

Hərbi mənbələrin məlumatına görə, “bir gülləyə iki dovşan vuran” Rusiya ABŞ-ın iştirakı ilə Qəbələ RLS-i modernləşdirməyi, həmçinin əməkdaşlığa cəlb etməklə Polşa və Çexiyada RƏM sistemlərinin qurulmasını dayandırmağı düşünür.

 

“Fikrimcə, uzun illərdir istismar olunan Qəbələdəki “Dəryal” tipli RLS artıq fiziki cəhətdən köhnəlib. Bu stansiya, Rusiyanın özünün etiraf etdiyi kimi, Armavirdəki analoqundan geri qalır. Eyni zamanda, Qəbələ RLS-də illərdir yığılıb qalmış bir sıra problemlər mövcuddur”, - deyə Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin eksperti Frenk Bell bildirib.

 

Ekspertin sözlərinə görə, fiziki cəhətdən aşınmış Qəbələ RLS-in hazırkı şəraitdə bərpası və bu stansiyanın ABŞ-ın istədiyi vəziyyətə gətirilməsi böyük maliyyə tələb edir. Halbuki Çexiyada qurulacaq radar mərkəzi bundan ən azı 3-4 dəfə ucuz başa gələcək.

 

“Qəbələyə iki il öncə təşkil olunmuş səfərdə iştirak edən jurnalistlərin təqdim etdiyi materiallardan da görünür ki, keçmiş sovet texnologiyaları ilə işləyən stansiyanın avadanlıqların yenilənməsinə ehtiyac var. Digər tərəfdən, Pentaqon bu stansiyanı seçdiyi təqdirdə belə, yaxın ölkələrdən birinə raketlərini yerləşdirməlidir”, - deyə ekspert əlavə edib.

 

F.Bellin fikrincə, belə olan təqdirdə, ABŞ-ın “raket əleyhinə raketləri”nin Ərəbistan yarımadasında və ya Gürcüstan, Bolqarıstan, Rumıniya kimi dövlətlərdə qurulması mümkündür.

 

Ötən gün Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündə də Qəbələ radiolokasiya stansiyası ilə bağlı müzakirələr aparılıb. Amma stansiyanın icarə müddətinin artırılmasına dair məsələ müzakirə olunmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Qəbələ RLS-in istifadəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə stansiyanın üçüncü ölkənin istifadəsinə verilməsi məsələsinin gündəlikdə durmadığını vurğulayıb.

Qəbələdəki “Dəryal” tipli RLS-in tikintisinə 1976-cı ildə başlanıb. Stansiya 1984-cü ildə ilk sınaqdan çıxarılıb və 1985—ci ilin fevral ayında döyüş növbətçiliyinə qəbul olunub. Rusiya Kosmik Qoşunları tərəfindən idarə olunan və Azərbaycanla imzalanmış müqavilədə adı Analitik Mərkəz kimi göstərilən stansiya əslində hərbi bazadır. Bu stansiya nüvə başlıqlı ballistik raketlərin hərəkətlərini izləməklə yanaşı həmçinin kosmos təhlükəsizliyini təmin edir. Ümumilikdə stansiyanın izləmə radiusu 6 min km-dir və İran, Türkiyə, Çin, Pakistan, Hindistan, İraq, Avstraliya, həmçinin Hind Okeanı akvatoriyası, Afrikanın böyük hissəsini əhatə edir. Hazırda stansiyanın dünyanın 20 bölgəsində 100 hədəfi müşahidə saxladığı bildirilir. Qəbələ stansiyasında hazırda 1400 hərbçi və 200 mülki şəxs çalışır.

RƏM nədir?

Avropada RƏM sisteminin yaradılması ABŞ-ın “Milli Raket Əleyhinə Müdafiə Proqramının” (National Missile Defence Programme) tərkib hissəsidir. Bu proqram keçmiş prezident Ronald Reyqan tərəfindən əsası qoyulmuş “Strateji Müdafiə Cəhdləri” (Strategic Defence Initiative-SDI) və “Ulduz Müharibələri” proqramlarının davamı olaraq görülür. RƏM sisteminin yaradılması ideyasının reallaşdırılmasına ötən əsrin 90-cı illərinin sonlarında start verilib.

 

Qlobal mənada proqramın ümumi məqsədi dünyanın istənilən regionundan ABŞ-a tuşlanmış raketləri start verildikdə kosmosdaca müəyyən olunaraq hədəfə çatmadan məhv edilməsidir.

 

Xatırladaq ki, ABŞ-ın 2002-ci ildə birtərəfli qaydada 1972-ci il tarixli Ballistik Raketlərin məhdudlaşdırılması Anlaşmasından (Anti-Balistic Missile Treaty) çıxmasından sonra Rusiya da bu müqavilədən çıxdığın elan edib.

 

Keçmiş prezident Corc Buşun rəhbərliyi ilə 2001-ci ilin əvvəllərində RƏM-in (Missile Defence) ABŞ-ın ərazilərindən kənarda, müttəfiq ölkələrdə qurulması ideyası gündəmə gəldi. Buşun RƏM ideyasının əsas məqsədi İran və Şimali Koreyanın raketlərini izləyib məhv etməyə yönəlmişdi. Buş administrasiyasının səyi ilə RƏM sisteminin yaradılması istiqamətində işlər 2007-ci ildə aktiv mərhələyə qədəm qoydu. Çexiya və Polşa ilə bu istiqamətdə danışıqlar aparan ABŞ rəsmiləri sistemin Rusiyaya qarşı olmadığını xüsusi olaraq qeyd etdilər.

 

Vaşinqtonun planına 2011-ci ilədək Polşada 10 RƏM sisteminin yerləşdirilməsi, Çexiyada Praqa şəhəri yaxınlığında qurulacaq radarlarla Asiya hava sahəsinə nəzarətin əldə olunması, layihənin bu dövrdə həmçinin Gürcüstan və Azərbaycan vasitəsi ilə genişləndirilməsi daxildir. ABŞ rəsmiləri İranın “Şahab-3” ballastik raketlərinin yaratdığı təhdidləri nəzərə alaraq RƏM layihəsinə Türkiyənin də daxil olmasını istəyirlər.

 

Qeyd edək ki, NATO mənbələri ABŞ-ın RƏM proqramı çərçivəsində Qrelandiya adasında qurulmuş radarın anoloqunun 4-5 il əvvəl Yaxın Şərqə təsis etməyi planlaşdırdığını yazır. Türkiyə ərazisində yaradılmalı olan bu stansiya eyni zamanda Bakı-Tiflis-Ceyhan neft kəmərinin hava hücumlarından mühafizəsini təşkil etməli idi.

 

Sistemin işləmə forması isə belədir: Qrelandiya, İngiltərə və Avropanın “X” ərazisində qurulan RLS hansısa ərazidən ABŞ-a tuşlanmış raketə start verildiyi barədə məlumatı anında mərkəzə ötürür. Bundan sonra RƏM sisteminə daxil olan «raket əleyhinə raketlər» məhvetmə funksiyasına başlayır. Hazırda ABŞ-ın Alyaskada 40, Kaliforniyada 4, Hərbi Dəniz Donanmasına mənsub gəmilərdə yerləşdirilmiş 130 raket əleyhinə sistemi mövcuddur. Bu sistem dərhal işə düşür və ballastik raketlər atmosferin üzərində kinetik enerjiylə məhv edəilcək. Balistik raketlər yerə endiyi təqdirdə belə xüsusi mərmilərlə məhvi həyata keçiriləcək. ABŞ-ın son 20 il ərzində 100 mlrd.dollar xərcləməklə yaratdığı önləyici raketlər ilə hədəf arasında fərq saniyədə 6,5 km, saatda isə 24 min kilometr olacaq.

 

RƏM-in nüvəsi – radarlar və “Kavkaznet”

 

2005-ci ilin ortalarında ABŞ Azərbaycana 2 ədəd TRML-4D tipli radiolokasiya stansiyasının verdiyini açıqladı. Astara və Xızıda qurulmuş bu mobil radarların əsas məqsədinin Azərbaycanın Xəzər üzərində hava məkanını mühafizəsini gücləndirmək olduğu bildirilir.

 

Ümumilikdə son danışıqlar və müzakirələr 2005-ci ildə Pentaqona yaxın mənbələrin gündəmə gətirdiyi “Kavkaznet” radar şəbəkəsinin yaradılması planının yaxında olduğunu deməyə əsas verir. Məlumatlara görə, Azərbaycan və Gürcüstanda radarlar şəbəkəsini “Kavkaznet” yaratmaqla ABŞ regionun havadan müdafiəsinə nəzarəti üzərinə götürür. Radarlar hər hansı bir hədəfi təyin etdikdə məlumatı ABŞ-ın Avropadakı Qoşunlarının müvafiq strukturuna ötürəcək və lazımi qərar qəbul ediləcək.

 

Hərbi ekspert İldırım Məmmədov hesab edir ki, artıq ABŞ Azərbaycan və Gürcüstanla hava hücumundan müdafiə sahəsində sıx əməkdaşlığa malikdir və istənilən məlumatları bu dövlətlərdən əldə edə bilir. Pentaqonun bu ölkələrə bağışladığı RLS-lər Qəbələ RLS gücünə malik olmasa da kiçik diapazona nəzarəti təmin edir: “Bizdə olan məlumatlara görə, bu il mövcud stansiyaların modernləşdirilməsinə ABŞ tərəfindən yardımların göstərilməsi gözlənilir”.

 

Hərbi ekspert reallıqda “Kavkaznet”ə bənzər şəbəkənin də artıq mövcud olduğunu düşünür. Onun sözlərinə görə, hələlik bu şəbəkənin ana stansiyalarını Azərbaycan və Gürcüstanın mövcud RLS-ləri təşkil edir. Bu sistemlərin tam dəyişdirilməsi və ya modernləşdirilməsi isə böyük proses olduğundan, həmçinin regiondakı həssas vəziyyət fonunda tədricən həyata keçirilir.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74121 ziyaretçi (119944 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol