MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  “Mavi”lərin və PKK-nın dəstəkçisi, “ən şəhvani deputat”, Obamanın babasının “dostu”...

Sabah Fransanın Strasburq və Almaniyanın Kehl şəhərlərində NATO-nun 60-cı Zirvə Sammiti işə başlayır. Şimali Atlantika Alyansı 60 yaşını iki gün ərzində müttəfiq və tərəfdaş dövlətlərlə birlikdə Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox qlobal problemlərin həlli yollarını araşdırmaqla qeyd edəcək. Eyni zamanda “ən çətin seçim”lərindən biri - NATO-nun yeni baş katibinin seçimi ediləcək.

 

NATO-nun hazırkı dövrdə qarşısında duran əsas məsələ Əfqanıstanda üzləşdiyi çətinliklərdir. Artıq alyansın aparıcı dövləti olan ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin sayının 17 min nəfər artırmağa qərar verib və sammitdə digər üzv və tərəfdaş ölkələrə də İSAF-dakı qüvvələrini artırmaq çağırışı səslənəcək. Qərb mətbuatının yazdığı məlumatlara görə, sammitdə NATO dövlətləri rəhbərlərinin Əfqanıstanda sabitliyin təmin edilməsi istiqamətində İranla danışıqlara münasibəti də açıqlanacaq.

 

Sammit çərçivəsində ən önəmli hadisələrindən biri kimi Fransanın NATO-nun hərbi blokuna qayıdışı gözlənilir.

 

Qeyd edək ki, bu gün Alyans sıralarına daha iki dövləti qəbul etdiyini açıqlayıb. Üzv dövlətlərin razılığı ilə Xorvatiya və Albaniya NATO-ya tamhüquqlu üzv qəbul olunub. Bununla da Alyansın üzvlərinin sayı 28-ə çatıb.

 

Sammitdə Gürcüstan və Ukraynanın NATO-ya üzvlük istiqamətidə həyata keçirdiyi tədbirlərə dair hesabatın təqdim olunacağı bildirilsə də, hələ ki, bu iki postsovet ölkəsinin Alyansa üzvlüyü yaxın perspektiv üçün gözlənilmir. Səbəb hər iki dövlətin ərazilərində separatçılıq meyllərinin olması, problemlər yaşaması ilə bağlıdır. Xatırladaq ki, ərazilərində etnik problemlər olan və yaxud belə problemlərə meyllərin mövcud olduğu ölkələri NATO öz sıralarına almır. Ukrayna və Gürcüstanın üzvlüyünü də məhz bu cür problemlərinə görə, Belçika, İspaniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Lüksemburq, Norveç və Hollandiya kimi NATO dövlətləri dəstəkləmirlər.

 

NATO-nun Baş Katibliyinə namizədlər kimlərdir?

 

NATO-nun baş katibi postuna 2004-cü ildən Hollandiyanın sabiq xarici işlər naziri Yaap de Hoop Sxeffer rəhbərlik edir. Sammitdə yeni namizədin adı bəlli olacaq və Sxeffer öz postunu xələfinə iyulun 31-də təhvil verəcək. Hazırda Sxefferin yerinə Danimarkanın baş naziri Anders Fogh Rasmussen, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Kanadanın müdafiə naziri Peter Mak Kay iddialıdır.

 

Xatırladaq ki, NATO-nun baş katibi postuna namizəd ittifaqın rəsmi dilləri olan ingilis və fransız dillərini mütləq bilməlidir. Baş katib seçimi üzv dövlətlərdən namizədlər arasından həyata keçirildiyi halda NATO-nun Avropa Qüvvələri Komandanı (SACEUR) ABŞ silahlı qüvvələrindən təyin edilir.

 

Anders Fogh Rasmussen - 1953-cü ildə fermer ailəsində anadan olub. Orxusun Universitetinin iqtisadiyyat fakültəsini bitirib və vergilərə dair bir neçə kitabın müəllifidir. 1987-1990-cı illərdə Danimarkanın vergilər naziri vəzifəsində çalışıb. Onun hökumətə rəhbərlik etdiyi dövrlərdə Danimarkada müəyyən vergi dərəcələri aşağı salınıb, ölkənin ərazi idarəetmə quruluşlarında dəyişikliklər aparılıb. İtaliyanın baş naziri Silvio Berluskoni Rasmusseni “Avropada ən yaraşıqlı baş nazir” adlandırıb.

Baş nazir kimi, Rasmussen 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyib. O, həmçinin homoseksualların evlənmələrinə tərəfdar olduğunu bəyan edib.

Rasmussenin baş katibliyə namizədliyi ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən dəstəklənir. Onun Məhəmməd peyğəmbərin Danimarka mətbuatında dərc olunmuş karikaturaları ilə bağlı mövqeyi isə alyansın hazırda yeganə müsəlman dövləti olan Türkiyənin narazılığına səbəb olub. Digər tərəfdən, Rasmussen Türkiyənin 5 ildir Danimarkadan yayımlanan PKK terrorçularına məxsus Roj TV-nin bağlanılması təkliflərinə qarşı çıxaraq, terrorçuları dəstəkləyən kanalı müdafiə edib.

 

Radoslav Tomas Sikorski - 1963-cü ildə anadan olub. Mühafizəkar Polşa siyasətçisi və jurnalistidir. R.Sikorski 1970-ci illərin sonunda Həmrəylik Sosial Hərəkatına qatılıb və 1981-ci ilin mart ayında Bıdqoşda tələbə tətil komitəsinə başçılıq edib. 1981-ci ilin dekabr ayında hərbi vəziyyət elan olunandan sonra İngiltərəyə qaçıb. Bir müddət İngiltərə qəzetləri üçün ştatdankənar müxbir işləyib. 1984-cü ildə Britaniya vətəndaşlığını alan R.Sikorski Əfqanıstanda və Anqolada hərbi müxbir kimi çalışıb. Əfqanıstandan çəkdiyi fotolara görə, 1988-ci ildə Dünya Fotomüxbirlər Assosiasiyasının yüksək mükafatı ilə təltif olunub. 1992-ci ildə Polşaya qayıtdıqdan sonra o müxtəlif dövlət vəzifələrində, 2005-ci ildə isə milli müdafiə naziri vəzifəsinə təyin olunub. 2007-ci ildən Polşanın xarici işlər naziridir. Həyat yoldaşı da tarixçi jurnalisti olan R.Sikorski amerikayönlü siyasətçi sayılır. R.Sikorski Barak Obama barəsində etdiyi irqçi zarafatla yadda qalıb. Xatırladaq ki, ötən ilin sonlarında ABŞ-da prezident seçkilərinə hazırlıq ərəfəsində o, demişdi ki, Obamanın babası vaxtı ilə avropalıların Afrikaya göndərdiyi missionerləri yeyib.

 

Piter Qordon Mak Kay - 1965-ci ildə Kanadanın Yeni Şotlandiya ştatında anadan olub. Kanada parlamentinin üzvü və milli müdafiə nazirdir. Mak Kay 1987-ci ildə Akadiya Universitetində incəsənət bakalavrı dərəcəsi ilə ali təhsil alıb. 1997-ci ildə Yeni Şotlandiya ştatından seçkilərə qatılaraq Kanada İcmalar Palatasına seçilib. Altı il ərzində ardıcıl olaraq “Hill Times” qəzeti tərəfindən “İcmalar palatasında ən şəhvani kişi parlament üzvü” elan olunub. Siyasətçi və hökumət üzvü olaraq olaraq 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyən Mak Kayın adı bir sıra qalmaqallarda da hallanıb. Onun adı Nazirlər Kabinetinin sabiq üzvlərindən birinin qızı ilə, həmçinin 2 il parlament üzvü Belinda Stronaşla romantik münasibətlərdə hallanıb. 2006-cı ildə isə bir sıra Kanada və ABŞ qəzetləri Mak Kay və Birləşmiş Ştatların sabiq dövlət katibi Kondaliza Raysın “isti münasibətlərindən” bəhs edib. Mak Kay yerli reqbi, beysbol, futbol və xokkey komandalarında oyunçu kimi aktiv iştirak edir.

 

Müdafiə naziri olaraq o, 2008-ci ildə Kanada silahlı qüvvələrinin təchizatını təkmilləşdirmək üçün geniş və çox bahalı 25 illik proqram hazırlayaraq təsdiqlənməsinə nail olub. Hansı ki bu proqramın dəyəri 400 mlrd. ABŞ dollarıdır.

 

Azərbaycan NATO-ya necə gedir?

 

NATO Sammitində Azərbaycan prezidentinin də iştirak edəcəyi bildirilir. Xatırladaq ki, Azərbaycan-NATO münasibətləri 1992-ci ildə rəsmi Bakının Şimali Atlantik Əməkdaşlıq Şurasına (hazırkı Avro-atlantik Tərəfdaşlıq Şurası) qoşulmasından sonra başlayıb. Azərbaycan 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramına qoşulub. 1997-ci ildən PfP Planlaşdırılma və Analiz Prosesində iştirak edir. 2005-ci ildən isə NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) qüvvəyə minib.

Azərbaycan 1999-cu ildə NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq üçün hərbi bölmə göndərib. 2001-ci ildə Bakıda “Koopereytiv Determination -2001” adlı çoxmillətli hərbi təlim keçirib. Hər il Azərbaycanın mindən artıq hərbçisi NATO-nun müxtəlif ölkələrdə keçirilən tədbirlərində iştirak edir. Azərbaycan 2002-ci ildə daha bir NATO əməliyyatına - Əfqanıstana hərbçi göndərib, 2003-cü ildə isə NATO-nun “Virtual İpək Yolu” layihəsinə qoşulub.

 

Hazırda Azərbaycan-NATO əməkdaşlığı islahat planları və siyasi dialoq prosesləri iki illik müddətə razılaşdırılmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) əksini tapıb. Əməkdaşlığın əsas sahələrinə silahlı qüvvələrin üzərində demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin planlaşdırılması və müdafiə büdcəsinin formalaşdırılması, NATO standartlarına uyğun olaraq silahlı qüvvələrin təşkilatı strukturunun yenidən təşkili daxildir. Hazırda Azərbaycan NATO-nun bir sıra proqramlarında iştirak edir. Bunlar Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planın (PAP-T), Sülh və Təhlükəsizlik üçün Elm (STE), Planlaşdırma və Analiz Prosesi (PAP) və s. Bu proqramlarla yanaşı NATO-nun yardımı ilə Azərbaycanda sovet ordusundan qalma 1500 ton zərərli raket yanacağı (melanj) məhv edilib, sovet ordusunun partlatdığı Saloğlu hərbi bazası ərazisinin sursatlardan təmizlənməsi işləri aparılır.

İPAP çərçivəsində Azərbaycanın Strateji Müdafiə İcmalı, müdafiə və təhlükəsizlik üzrə strateji sənədlər hazırlanmaqdadır.

 

Azərbaycan NATO-ya nə zaman üzv olacaq?

 

Bu sual tez-tez səsləndirilir və hər dəfə regiona səfəri zamanı təkrar-təkrar NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsa ünvanlanır. Simmons da eyni cavabı verir: “Hələlik üzvlükdən söhbət getmir”.

 

Ümumiyyətlə yerləşdiyi coğrafi region, eləcə də bu bölgədə baş verən hərbi-siyasi hadisələr Azərbaycanı NATO ilə münasibətlərdə ehtiyatlı davranmağa vadar edir.

 

Ekspertlər hazırkı şəraitdə Azərbaycanda yalnız müdafiə və təhlükəsizlik sektorunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində işlərin aparıldığını bildirirlər. Ölkənin alyansla razılaşdırdığı proqramlar da özündə daha çox bu məsələləri əhatə edir. NATO-ya üzvlük üçünsə ölkənin siyasi bəyanatı, vətəndaşların razılığı olmalıdır. Yəni bu proses referendum yolu ilə həll olunmalıdır. Aparılan araşdırmalar isə hələ ki Azərbaycanda vətəndaşların NATO-ya meylinin aşağı səviyyədə olduğunu göstərir və bu da əhalinin düşünən təbəqəsinə sovetlər dövründə NATO-nun militarist blok kimi aşılanması ilə əsaslandırılır.

 

NATO rəsmiləri isə Azərbaycanın NATO-ya üzv olmaq barədə müraciət etmədiyini, ümumilikdə isə belə bir müraciət olacağı təqdirdə də qəbul ehtimalının az olduğunu qeyd edirlər. Bunun isə bir səbəbi var - Azərbaycan müharibə şəraitindədir və ərazisində münaqişə mövcuddur. Bu isə o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca NATO-ya üzv ola bilməyəcək.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74221 ziyaretçi (120101 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol