MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Yavər Camalov: « Azərbaycanda yeni hərbi müəssisələr tikiləcək»

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla müsahibə

- Müdafiə Sənayesi Nazirliyi bir neçə ay əvvəl motodor və morodor tipli zirehli texnikanın ilk nümunələrini nümayiş etdirib. Bu texnikanın seriya ilə istehsalına nə vaxt başlanacaq?

- Xatırlatmaq istəyirəm ki, bizim texnikanın nümunələri bu ilin iyun ayında dövlət başçısına təqdim olunub. Nümunələrlə tanış olan ölkə prezidenti həmin texnikanın seriya ilə istehsalının başlanılması barədə tapşırıq verib. Bizdə motodor və morodor tipli hərbi texnikanın ilk nümunələri yaradılıb. Bu ilin sonuna qədər bu texnikaların yığımını təşkil edəcəyik. Gələn ildən isə seriya ilə istehsalına başlamaq niyyətindəyik.

- Bu texnikaların silahlanmasında xarici və ya yerli şirkətlərin istehsal etdiyi silahlardan istifadə olunacaq?

- Bütün hərbi texnikalarımızın silahlanması əsasən yerli istehsal hesabına təşkil ediləcək. Artıq bizim belə bir imkanımız var.

- Xaricdə keçirilən hərbi sərgilərdə Azərbaycan məhsullarının nümayişi planlaşdırılırmı? Ümumiyyətlə, perspektivdə Azərbaycanda hərbi sərginin keçirilməsi nəzərdə tutulubmu?

- Bu gün beynəlxalq sərgilərdə ziyarətçi kimi iştirak edirik. Artıq bir ildir ki, müəyyən hərbi məmulatların istehsalı həyata keçirilir və onları beynəlxalq sərgilərdə nümayiş etdirməyi planlaşdırırıq. O ki, qaldı Azərbaycanda hərbi sərgilərin təşkilinə, bu məsələ perspektiv planlarımızda var və buna baxıla bilər.

- Hərbi sənaye kompleksinin inkişaf proqramının icrasının gedişi haqda məlumat verməyinizi istərdik.

- Müdafiə sənayesinin inkişaf proqramı 2016-cı ilə qədərki dövrü əhatə edir. Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində həm bu proqrama, həm də Dövlət Müdafiə Sifarişi proqramına uyğun olaraq 80 adda müdafiə təyinatlı məmulatın yaradılması nəzərdə tutulur. Bundan başqa, 444 adda məmulatı istehsal etməyi planlaşdırırıq. Bu məmulatların həm yaradılması, həm də istehsalı Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili Qoşunların və digər qurumların sifarişi əsasında həyata keçirilir. Bu gün demək olar ki, hazırlıq işlərinin 70%-i başa çatıb. Ötən il adıçəkilən qurumların sifarişi ilə 29 adda silah, döyüş sursatı və onların ehtiyat hissələrinin istehsalına başlanılıb.

- Türkiyənin müdafiə sənayesi müşaviri Murad Bayar Azərbaycanla birgə bəzi hərbi məhsullar istehsal etmək niyyətində olduqlarını bildirmişdi.

- Hazırda bu istiqamətdə Türkiyə şirkətləri ilə danışqlar aparırıq. Türkiyənin dünyada tanınmış «Aselsan», «Roketsan» və digər bir neçə şirkəti bizim imkanlarımızla maraqlanır. Eyni zamanda, bir sıra xarici ölkənin nüfuzlu şirkətləri ilə görüşlərimiz olub.

- Bu gün regionun silah bazarı demək olar ki, Rusiya və Ukraynanın inhisarındadır. Azərbaycanın yaranmaqda olan hərbi sənayesi bu bazarda rəqabətə davam gətirə biləcəkmi?

- Yaxın və uzaq bazarların marketinqi aparılır və hansı məhsullara ehtiyacın olduğu öyrənilir. Təbii ki, istehsal etdiyimiz məmulatlar rəqabətə dözümlü olmalıdır və biz buna daha xüsusi diqqət yetiririk. Hesab edirəm ki Azərbaycan məhsulları həm regionda, həm də xarici bazarda öz yerini tutacaq. Misal üçün deyə bilərəm ki, bu gün Azərbaycan ən müasir, dünya standartlara cavab verən optik cihazlar istehsal edir. Azərbaycanın tələbatı tam ödənildikdən sonra biz bu cihazları ixrac etməyi planlaşdırırıq. Bizim müəssisələr həm müdafiə, həm də mülki təyinatlı məhsullar istehsal edir.

- Bu il Azərbaycanın hərbi sənaye kompleksinin inkişafına nə qədər investisiya yatırılıb?

- Bu il üçün büdcədən bizə müdafiə xərcləri üzrə 66 mln. manat, investisiya xərcləri kateqroriyası üzrə isə 35 mln. manat vəsait ayrılıb. Gələn il büdcədən ayrılan vəsaitin artımı gözlənilir. Hələ ki, büdcə layihəsi müzakirə olunduğundan həmin məbləği deyə bilmərəm.

- Azərbaycanın regionlarında yeni müəssisələrin yaradılması planlaşdırılırmı?

- Gələn il bir neçə regionda yeni müəssisə inşa etməyi planlaşdırırıq. Bunlar Xaçmaz və Gəncədə olacaq. Həmçinin, digər regionlarda da müxtəlif təyinatlı məhsullar istehsal edən zavodların inşası, mövcud müəssisələrin bərpası həyata keçiriləcək. Hərbi sənaye kompleksinin 2008-2011-ci illər üzrə hazırlanmış bərpa proqramında 53 obyektin yenidən qurulması nəzərdə tutulub.

- Perspektiv planlarda təyyarə və vertolyot istehsalının nəzərdə tutulduğu bildirilir. Bu proqramlar nə vaxtdan reallaşacaq?

- Yaxın illərdə bu ideyanın reallaşması mümkün deyil. Perspektivdə belə proqramlar olacaq. Bir sıra xarici şirkətlərlə, o cümlədən Türkiyə şirkətləri ilə bu barədə müzakirələr apardıq. Gələcəkdə Türkiyə ilə birlikdə vertolyotların birgə istehsalının təşkili məsələsinə baxa bilərik.


MİLAZ İA




Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:

 
Reklam
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 55548 ziyaretçi (89638 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Kataloq
placebo Pepsi center