MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  General Novruzəli Orucov: “Əsgər formasını geyinib zibil daşıyırlar”
Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucovla müsahibə
 
- Artıq üç ildir KHVTİC-ə rəhbərlik edən Novruzəli Orucovun generallığa yüksələn yolu haradan başlayır?
 
- Mən 1962-ci ildə Ucar rayonunda anadan olmuşam və Ucardakı 2 nömrəli orta məktəbdə təhsil almışam. Uşaqlıq, gənclik həyatım çox çətin keçib. 1969-cu ildə, 6 yaşımda ikən atamı itirmişəm. Altı nəfərlik ailənin ən kiçiyi mən idim. Atam müharibədən sonra rayonda fəhlə işləyib. Anamın da təhsili olmayıb. Atamdan sonra biz anamızın ümidinə qaldıq. Anam bizi saxlamaq üçün əziyyətə qatlaşdı, işlədi və bizi böyütdü. Onu da deyim ki, ailədə bizə “oxuyun” deyən də olmayıb. Çətinlikləri görüb oxumuşuq. Orta məktəbdə əlaçı olmuşam, oxumağıma, nümunəvi davranışıma görə məktəbdə daim irəli çəkilmişəm. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Politexnik İnstitutuna sənəd versəm də müsabiqədən keçə bilmədim və az keçməmiş hərbi xidmətə çağırıldım. İki qardaşıq. Mən xidmətə çağırılanda qardaşımın xidməti qurtarmasına 6 ay qalmışdı. Anamı, bacılarımı tək qoymaq istəmirdim. Hərbi komissara müraciət etdim ki, qardaşım gələnə qədər mənə möhlət verilsin. Vermədilər və beləcə hərbi xidmətə yollandım.
 
- Əsgər olaraq həqiqi hərbi xidmətinizi harada keçmisiniz?

- Hərbi xidmətə çağırılandan sonra bizi Zaqafqaziya hərbi dairəsinə göndərdilər. Öncə Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursuna göndərdilər. Altı ay bu kursu keçəndən sonra mənə birbaşa serjant rütbəsi verildi. İdmançıydım, nümunəvi əsgər idim. Buradan sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasına göndərdilər. Bölüyümüzün starşinası olmadığından komandir elə ilk gündən məni bölük starşinası təyin etdi və qalan 1 il 6 ayı beləcə xidmət etdim.

- Bu günün generalı dünən əsgər həyatını necə xatırlayır?

- Axalkələk sərhəd bölgəsi olduğundan bizim diviziya Türkiyə ilə müharibə aparmaq üçün təyin olunmuşdu. Buna da tam hazır idi. Əsgərliyimin qurtarmasına az qalmış bir hadisə baş verdi. Tanklara həyəcan komandası verilmişdi. Gənc əsgərlərdən birinin ehtiyatsızlığı ucbatından tanklardan biri örtülü qarajda yanmağa başladı. İçərisində də 37 mərmi. Təsəvvür edin ki, bu tank partlasaydı bazada olan 100-dək tank partlayacaq, hərbi hissə alt-üst olacaqdı. Zabitlərdən əvvəl hadisə yerinə mən çatdığımdan və ən yuxarı rütbəli olduğumdan qərarı da mən qəbul etməli idim. Dərhal əsgərlərin hamısını tank yanan yerdən çıxardım. Lyuku açıb tanka əyləşəndə tankın oturacağı od tutmuşdu. Yaxşı ki qış paltarında idim və qalın olduğundan gec alışdı. Tankı işə salıb 50-60 metr uzaqlaşdırdım. Bu zaman kürəyim yanırdı. Heç nəyə baxmadan, özümü itirmədən tankdan çıxdım. Yerdən qar toplayıb tankın lyukundan içəri tökürdüm. Əriyən qar alovu söndürdü və partlayış olmadı. Amma özüm kürək yanığı alaraq hospitala düşdüm. Burada 10-15 gün müalicə alandan sonra xidmət müddətimiz başa çatdığından ordudan tərxis olunduq. Camaat əsgərdən gələndə saç uzadır, “dembel” paltarı hazırlayırdı. Buna mənim imkanım olmadı. Başımın arxası ütüldüyündən əsgərlikdən keçəl gəldim. Evdə mənə deyirdilər ki, sən hardan gəlmisən? Əsgərlikdən gələnə bənzəmirsən. Ordudan tərxis olunandan sonra hissə komandanlığı mənim barəmdə təqdimat verdi və «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olundum. Məlumat üçün bildirim ki, SSRİ dövründə bu medalı sülh vaxtı deyil, yalnız döyüş əməliyyatlarında iştiraka görə verirdilər.
 
- Bəs necə oldu ki, zabit peşəsini seçdiniz?

- Əsgərlikdən 1982-ci ilin noyabrında qayıtdım və bundan sonra 4 ay zavodda fəhlə işlədim. Bu dövrdə mənim təltif olunduğum medalı rayona göndərdilər. Bir vaxt mənə möhlət verməyən hərbi komissarımız medalı özü mənə şəxsən təqdim etdi. Açığını deyim ki, uşaqlıqdan mənim tankçı olmağa çox həvəsim vardı. Ancaq istiqamət verən yox idi ki bu peşəni seçim. Əsgərlikdən sonra əvvəlki təhsilim də demək olar ki, yaddan çıxmışdı. Bilmirdim ki ailəni dolandırmaq üçün çalışım, ya oxuyum. Bacım oxuyur, qardaşım isə şəhərdə işləyirdi. Qərara gəldim ki, ən yaxşısı hərbi məktəbə getməkdir. Qardaşımı rayona çağırıb ailəni ona təhvil verdim. Zabit olmaq üçün üz tutdum Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə. İmtahan uğurlu oldu, həmçinin medalım olduğundan müsabiqəsiz məktəbə qəbul etdilər. İmtahanları verib qurtaran gün məni 179 kursanta starşina təyin etdilər. Bu məktəbdə 4 il təhsil aldım və məktəbi bitirəndən sonra sərbəst təyinatla Macarıstanda xidməti seçdim. Macarıstanda 1 il müddətində kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri oldum. Bir il ərzində bölüyümü tank diviziyasının birinci yerə çıxardım və 4 il 8 ay Macarıstanda xidmət etdim. Qorbaçovun yürütdüyü siyasət nəticəsində 80-ci illərin sonlarında sovet qoşunları Macarıstandan çıxarılaraq Belarusa dislokasiya olundu. Bir hadisəni xatırlatmaq istəyirəm. 20 yanvar hadisələri baş verəndə biz Belarusda xidmət edirdik. Hadisə baş verən gün mən alay növbətçisi, başqa bir azərbaycanlı zabit isə əməliyyat növbətçisi idi. Gecə gəlib gözlənilmədən bizi naryaddan azad etdilər ki, gedin istirahət edin. Səbəbini soruşduqda sabah deyəcəklərini bildirdilər. Sabahı hadisələri öyrəndik. Məlum oldu ki, ruslar ehtiyatlanıblar ki, hərbi hissə 100 tank, minə yaxın insan bizim əlimizdədir. Nə isə edərik. Bu hadisələrdən sonra raport yazaraq sovet ordusunda xidmətdən imtina edib Azərbaycana qayıtdıq.
 
- Tankçıların xidməti Quru Qoşunlarının digər növləri ilə müqayisədə çətindir. İngilislərin “dəmir tabut” adlandırdığı bu texnikanı idarə etmək üçün həddən artıq peşəkar olmaq lazımdır.
 
- Macarıstanda bir dəfə tankda partlamışam. Təlimdən qayıtmışdıq. Əsgərlərdən biri tankın tırtılını təmizləməyə ərinir, tezbazar olsun deyə tankı işə salıb dala-qabağa sürür ki, tırtılın palçığı təmizlənsin. Bu vaxt tankın yerə düzülmüş mərminin üstünə çıxması nəticəsində partlayış baş vermişdi. Kumulyativ mərmilərdən biri tankın böyrünə dəymişdi. Qaçaraq hadisə yerinə gələn biz zabitlər dərhal əsgərləri oradan uzaqlaşdırdıq və tankları işə salıb ərazidən çıxarmağa çalışdıq. Artıq 11-ci tank partlayırdı. Tankı hərəkətə gətirmək üçün saxlayarkən çəkilən əl əyləcini endirməli idik. Dördüncü tankın üzərinə çıxanda tank partladı. Təsəvvür edin, tankın 11 tonluq qülləsinin üzərində 10 metrə yaxın havaya qalxıb yerə düşdüm. Huşumu itirdim. İkinci dərəcəli kontuziya almışdım. Zabit kimi xidmətimdə dəfələrlə məni ölümdən Allah saxlayıb. Bir dəfə əsgərlərə tankdan əl qumbaraları ilə atış təlimini keçirdik. Əsgərlər qumbaranın partladıcısını çəkir, tankın lyukunu açıb bayıra, müəyyən olunmuş nöqtəyə atırdılar. Əsgərlərdən biri partladıcını açdıqda qumbara sürüşüb tankın içinə düşdü. Düşünməyə macal yox idi. Dərhal tankdan çıxdım və əsgərin çiynindən yapışaraq onunla bir yerdə tankdan tullandım. Qumbara biz yerə düşməmiş tankın içində partladı. Amma bir dəfə əsgərin səhvi ucbatından az qala öləcəkdim. Atış qurtarmışdı. Komandirlər məruzə elədilər ki, silah boşdur və qoruyucuya qoyulub. Özüm də necə oldusa, tankın önündə durmuşdum. Sən demə pulemyotda bir güllə qalıbmış. Tankdan çıxan əsgərin ayağını səhvən pulemyotun mexaniki atəş dəstəyinə qoymağı ilə silah açıldı. Güllə tankçı papağımı deşib, başımın dərisini bir qədər cızaraq getdi.

- Azərbaycan silahlı qüvvələrində xidmətə nə vaxtdan başlamısınız?

- Azərbaycana 1991-ci ildə gəldim və bir müddət Respublika Hərbi Komissarlığının sərəncamında olduqdan sonra Salyan Rayon Hərbi Komissarının müavini təyin olundum. O vaxt döyüşlər gedirdi, orduya peşəkar zabitlər çatışmırdı. Xatırladım ki, o vaxt belə bir təlimat verilmişdi ki, rayon komissarları və müavinləri yerlərində qalmaqla, digər işçilər döyüşə getməliydi. Mənim döyüşə getməmək statusum olsa da, bir zabit kimi öyrəndiklərimi vətənimdə tətbiq etmək üçün döyüşə yollandım. Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə döyüşlərin iştirakçısı oldum.

- Hər halda döyüş xatirələriniz də olub.
 
- O qədər... 1992-ci ildə Qazaxa gedəndə orada bir T-54 tankı vardı. Əsgərlər tankı yamacda o qədər irəli, geri vermişdilər ki, sürət ötürmələri qutusundakı bir bolt sıradan çıxmışdı. Tank buna görə 6-7 ay idi işləmirdi. Mən tank mühəndisi olduğumdan bunu dərhal aradan qaldırdım. Bu tankın nişangahı da dəqiq deyildi. Onu da qaydaya saldım. Nişangahı nizamlayandan sonra dəqiqliyi yoxlamaq üçün bir neçə mərmidən atəş açmalıydıq. Mərmimiz az olduğundan qərara gəldim ki, boşa atmayım. Tankın optik nişangahı ilə ermənilərin postuna nəzər yetirəndə üstü maskalanmış bir lülə gördüm. Alov söndürücüsündən topa oxşayırdı. Hədəfi tuşlayıb atəş açdım. Elə birinci mərmidən top havaya uçdu. Toz-torpağın içində göyə əsgər “buşlatları” da qalxdı. Həmin gün ermənilərin rabitəsinə girmişdik. Danışırdılar ki, topu azərbaycanlılar vurub, 2 əsgərləri də ölüb. 1993-cü ilin oktyabrında Heydər Əliyevin çağırışından sonra yenidən döyüşə yola düşdük. Bu dəfə tabor komandiri təyin olundum və bu vəzifədə atəşkəsə kimi Füzuli rayonunda xidmət etdim. Atəşkəsdən sonra isə uzun müddət hərbi komissarlıq sistemində çalışdım.
 
- “General olmaq istəməyən əsgər yaxşı əsgər deyil” fikri ilə razısınız?

- Bəli. Mən əsgərlik dövrümdə də zabit olmaq istəmişəm. Bizim bir diviziya komandirimiz balacaboy general idi. Çox nizam-intizamlı zabit idi. Əslində bu rütbə əsl hərbçi üçün ən yüksək zirvədir. Bəzən hərdən əsgər və zabitləri görürəm. Geyim formaları xoşuma gəlmir. Öz özümə əsəbiləşirəm. Deyirəm ki, bu adam niyə özünü sevmir. Mən istər hərbi komissarlıqda, istərsə də sovet ordusunda xidmət edəndə evdən çıxarkən on dəfə güzgünün qarşısında dayanıb üst-başıma baxmışam. Görüm nişanlar yerindədirmi, poqon əyri deyil ki, pencək əzilməyib ki... Axşam yatanda ayaqqabını parıldadıb yatırdıq. Səhər yenidən təmizləyib geyinirdik.

- Cənab general, qeyd etdiniz hərbi geyimə hörmətsizlik, diqqətsizlik nədən irəli gəlir?
 
- Bu hərbçinin məsuliyyətsizliyi və onun komandirinin tələbkar olmamasından qaynaqlanır. Əgər zabit öz şəxsi heyətinə qarşı tələbkar deyilsə, o heç vaxt qələbə əldə edə bilməz. Sovet ordusunda belə bir deyim vardı: “Harada nizam-intizam varsa, orada qələbə də var”. Mənə çox pis təsir edir ki, bu gün əsgər formasını geyinib zibil daşıyırlar. Əlacım olsa, deyərəm ki, “soyun o paltarı, niyə hərbi paltarı təhqir edirsən”. Yaxud zabit yolda gedir, papağı əyri qoyub, kəməri əlində fırladır, yaxa açıqdır. Bununla da zabit hərbçi geyiminə hörmətsizlik edir.
 
- Zabitin vətəninə canla-başla xidmət etməsi üçün nə lazımdır?

- Birincisi zabitlərin sosial məsələləri həll olunmalıdır. Sovet ordusunda zabitlər evlə təmin olunurdu. Evlər ailə tərkibinə görə müəyyənləşdirilirdi. Ailə tərkibi böyüdükcə mənzil də genişlənirdi. Zabitlərə ərzaq talonu verilirdi. Biz ezamiyyətə gedəndə, təlimə gedəndə ailəmiz həmin talonlardan istifadə edərək hərbi hissənin anbarından zəruri olan ərzaqları pulsuz alırdı. Bu çox yaxşı təcrübə idi. Zabitin fikri evində, sosial məsələlərinin həllində olmamalıdır. O fikrini peşəsinə yönəltməli, əsgərin tərbiyəsinə, hazırlanmasına sərf etməlidir.

- KHVTİC-in sədri olaraq bu gün Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinin səviyyəsini necə qiymətləndirirsiniz?
 
- Faiz şkalası ilə bunu 80% qiymətləndirmək olar. Bu sahədə görülən işlər dövlət tərəfindən mütləq himayə olunmalıdır. Bizim qurum özünü maliyyələşdirən təşkilatdır. Dövlət dəstəyi olmalıdır ki, biz də fikrimizi konkret tədbirlərə, fəaliyyətə yönəldək. Bayaq qeyd etdiyimiz kimi, mən işçilərin maaşını haradan pul tapıb verməyi düşünməməliyəm. Mənim işim hərbi vətənpərvərliyin yeni metodlarını ortaya çıxarmaq və bu işi qurmaqdır. Biz KHVTİC-in dövlət büdcəsindən maliyyələşdirilməsi üçün Ali Baş Komandana müraciət etmişik. Yəqin ki, bu məsələ həllini tapacaq. Ondan sonra mənə 6-7 ay vaxt verin. Necə işlər həyata keçirildiyini görəcəksiniz.
 
- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- Böyük oğlum Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında oxuyur. Gələcəyin zabitidir. İkinci oğlum də hərbçi olmağa hazırlaşır. Adı Rüstəmdir və ötən il 13 yaşında paraşütlə müstəqil şəkildə tullanmaqla dünyada ən gənc paraşütçü rekordunu vurdu. Mən general-rütbəsi ilə təltif olunandan sonra onda həvəs daha da artıb.

- Ermənistan DOSAAF-nın rəisi, general Arkadi Ter-Tadevosyan tez-tez hərbi bəyanatlarla çıxış edir. MDB çərçivəsində keçirilən tədbirlərdə ermənilər də iştirak edir. Bir hərbçi kimi, beynəlxalq tədbirlərə qatılan ermənilərin hazırlığını necə qiymətləndirirsiniz?

- Mən üç ildir MDB tədbirlərində iştirak etsəm də onu görməmişəm. Amma müavin səviyyəsində tədbirlərə qatılırlar. Yeri gəlmişkən, KHVTİC-in məndən əvvəlki sədri, rəhmətlik Sərdar İsrafilov bir dəfə tədbirdə Ter-Tadevosyanı pis günə qoyub... Tadevosyan Azərbaycanda təhsil alıb, çörəyimizi yesə də bizə qarşı çıxıb. Qarabağ döyüşlərində qəddarlığı ilə tanınıb. Bir dəfə internetdə onun bir müsahibəsini oxudum, Azərbaycan haqqında artıq-əskik danışmışdı. Ötən il MDB ölkələri DOSAAF-larının Moskvada keçirilən beşinci qurultayına gedəndə həmin müsahibəni kağıza çıxarıb özümlə apardım. Tadevosyanın müavininə dedim ki, get rəisinə çatdır, ağlına gələni çərənləməsin. Azərbaycanın çörəyini yeyib, Azərbaycanın əleyhinə danışmasın. Ondan sonra ermənilər tədbirdə bizə yaxınlaşmadılar.
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74244 ziyaretçi (120132 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol