MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Hafiz SƏFIXANOV: «Dünyada mina qurbanları arasında mülki şəxslər, bizdə isə hərbçilər çoxluq təşkil edir»

Aprelin 4-ü Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günüdür. Bu gün mina və partlamamış hərbi sursatlar (PHS) problemi ilə üzləşən dövlətlər sırasında Azərbaycanda da var. Azərbaycanda bu sahədə mövcud vəziyyət və görülən işlərlə bağlı suallarımızı «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov cavablandırır.

-Hafiz müəllim Azərbaycanda mina və partlamamış hərbi sursatlarlarla bağlı problem 17 ilə yaxındır ki mövcuddur. Sözügedən problemin bu günədək tam həllini tapmaması nə ilə bağlıdır?

-Azərbaycanda mina və PHS problemini doğuran birinci faktor Ermənistanla müharibənin hələ başa çatmamasıdır. Səbəblərdən digəri isə Azərbaycanın müxtəlif ərazilərində keçmiş sovet ordusunun hərbi bazalarının yerləşməsi ilə bağlıdır. Sovet qoşunları Azərbaycan ərazilərindən çıxarılandan sonra, bu bazaların yerləşdiyi ərazilərdə çoxlu sayda mina və PHS-lər qalıb. Bizdə olan məlumata görə, sovet qoşunları Azərbaycandan çıxarılarkən minalı ərazilərin xəritələrini hökumətə təqdim etməli və ya həmin əraziləri təmizləməli idilər. Amma onlar bunu etməyiblər. Bu gün həmin mina və PHS-lərin qalıqlarına Azərbaycanın bütün ərazilərində təsadüf olunur. Rəsmi məlumatlara əsasən 290,6 kvadrat kilometr ərazidə minaların olması ehtimalı var və bundan başqa döyüş əməliyyatları aparılmış daha 15,2 kvadrat kilometr ərazidə minalarla çirklənmiş hesab olunur. Ölkədə minaların təmizlənməsi əməliyyatları həyata keçirilir və NATO ilə bağlanmış müqaviləyə əsasən Ağstafa rayonu ərazisində yerləşən keçmiş SSRİ hərbi bazasında qalmış partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirilir. PHS problemi isə daha çox Ağstafa rayonunun Saloğlu kəndi ərazisində özünü göstərir. Saloğluda sovet ordusunun Cənubi Qafqazda ən böyük hərbi sursat anbarı yerləşib və burada 138 bunker olub. 1991-ci ildə bazanı tərk edən sovet ordusunun törətdiyi partlayış 3 gün davam edib və nəticədə 44 min kv.m ərazi PHS-lə çirklənib.

-Azərbaycanı mina və PHS-lə təhlükəliliyinə görə, hansı kateqoriyalı ölkə hesab etmək olar?


-Qeyd edim ki, belə bir kateqoriya indiyədək müəyyənləşdirilməyib. Dünyada mina təhlükəliliyinə görə, ilk yerləri Əfqanıstan, Kamboca, Saxara və İraq tutur. Ötən il ərzində daha 5 ölkə Ottava Konvensiyasına qoşulmuş və beləliklə bu Konvensiyaya üzv dövlətlərin sayı 156 olub. Hazırda Konvensiyaya üzv olmayan dövlətlərin sayı 39-a enib. 7 ölkə öz ehtiyatlarını məhv edib və nəticədə 81 ölkə üzrə məhv edilmiş ehtiyatların ümumi miqdarı 42 milyon piyada əleyhinə mina olub. Yalnız 2 ölkə – Myanmar (Birma) və Rusiya hesabat dövründə minalardan istifadə edib. Bundan başqa 8 qeyri-dövlət silahlı qrupun minalardan və improvizə olunmuş partlayıcılardan istifadəsi barədə məlumatlar alınıb. Hesabat dövründə 140 kvadrat kilometr minalanmış ərazi və döyüş aparılmış 310 kvadrat kilometr ərazi təmizlənib. Daha çox təmizlənmiş ərazilər Əfqanıstan, İraq və Kampocada olub. Ümumilikdə hesabat dövründə 217 min piyada əleyhinə mina, 18 min tank əleyhinə mina və 2,15 milyon ədəd müharibənin partlaycı qalıqları tapılaraq məhv edilib. Əvvəlki hesabatla müqayisədə ötən dövr ərzində mina qurbanlarının sayı 16% azalaraq 5751 nəfər olub. Mina qurbanlarının 3/4 hissəsi mülki şəxslər olub ki, onların da 34 % -ni uşaqlar təşkil edir. 2007-ci ilin Avqust ayına qədər dünyada 473 min insanın mina qurbanı olduğu qeydə alınıb. Hesabat dövründə minalar əleyhinə fəaliyyətə 20 donor tərəfindən 475 mln. ABŞ dolları ayrılıb ki, bu da ötən hesabatla müqayisədə təxminən 100 mln. dollar çoxdur. Hazırda Azərbaycanda 500 minə yaxın vətəndaş mina təhlükəsi olan ərazilərdə yaşayır.


-Mina qurbanlarının böyük əksəriyyəti məlumatsızlıqdan bu problemlə üzləşirlər. Azərbaycanda bu sahədə hansı işlər aparılır?


-Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1996-cı ildə cəbhə rayonlarında mina və PHS-lərlə bağlı əhalinin maarifləndirilməsi layihəsi həyata keçirilməyə başladı. ANAMA yaradıldıqdan sonra BQXK həmin proqramı dayandırdı. Bu gün Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq cəbhə rayonlarında 4 və 6-cı siniflərdə mina ilə bağlı maarifləndirmə dərsləri keçirilir. Bizim təşkilat hesab edir ki, SSRİ hərbi qüvvələri Azərbaycanın bütün ərazilərində olduğundan maarifləndirmə dərsləri də ölkənin bütün ərazisində keçirilsə yaxşı olar. Ötən il Bakı şəhərinin Müşfiq qəsəbəsində 2 məktəbli qumbara partlayışından zərər çəkmişdi. Bu cür faktlar digər şəhər və rayonlarda da baş verib.


-Azərbayycan Qızıl Aypara Cəmiyyəti də bu sahədə layihələr həyata keçirir.


-Azərbaycan Qızıl Aypara Cəmiyyəti cəbhəyanı rayonlarda uşaqlar üçün «Təhlükəsiz oyun meydançaları» layihəsini həyata keçirir. Artıq 15 kənddə uşaqlar üçün təhlükəsiz oyun meydançaları tikilib.


-Hazırda Azərbaycanda nə qədər mina və PHS qurbanı var?


-Mina qurbanlarının statistikasının aparılmasında bütün dünyada olduğu kimi bizdə də müəyyən problemlər mövcuddur. İndiyədək dünyanın heç bir ölkəsində mina qurbanlarının dəqiq statistikası aparılmayıb. Azərbaycanda bu gün həm ANAMA, həm də bizim tərəfimizdən mina qurbanlarının statistikası aparılır. Qeyd edim ki, 2006-cı ildə 65, ötən il isə 32 nəfər mina və PHS qurbanı olub. Cari ilin ilk 3 ayında isə bizə 5 nəfər barədə məlumatlar daxil olub. Onlardan 4 nəfər mülki şəxs, 1 nəfər isə hərbçidir. Azərbaycanda 1991-ci ildən indiyədək 3 min nəfərin mina partlayışlarının qurbanı olması barədə məlumatlar toplanıb. Bunlardan 500 nəfər hadisə zamanı və ya bundan sonra eyni səbəbdən dünyasın dəyişib. Mülki şəxslər əsasən cəbhə bölgəsində yaşayan əhalidir. Onlar kənd təsərrüfatı işləri apararkən, mal-qara otararkən minaya düşüblər. Dünyada mina qurbanları arasında mülki şəxslər, bizdə isə əksinə, hərbçilər çoxluq təşkil edir.


-Sizcə bu nə ilə bağlıdır?


-Bizim apardığımız araşdırmalara görə, hərbçilərin minaya düşmələri əməliyyat şəraiti ilə bağlı məsələdir. Hərbçilər cəbhə xəttində müəyyən yerdəyişmələr, dumanda yolun itirərək minalı əraziyə keçmək, hərbi tapşırıqların yerinə yetirirərkən və digər bu kimi hallarda mina partlayışlarının qurbanı olurlar.


-Mina və PHS qurbanlarına daha çox hansı rayonlarda rast gəlinir?


-Bizdə olan məlumata görə, Tərtər, Goranboy, Füzuli və Ağdamda mina qurbanları daha çoxdur. PHS qurbanları isə Ağstafa rayonunun Saloğlu kəndindədir. Saloğluda 150 nəfərə yaxın şəxs PHS-dən zərər çəkib.


-Azərbaycanda minatəmizləmə işlərini həyata keçirən ANAMA-nın fəaliyyətini necə qiymətləndirirsiniz?


-Hesab edirəm ki, ANAMA-nın fəaliyyətini qənaətbəxş hesab etmək olar.


-Mina qurbanlarının əsas ehtiyacları nədir?


-Mina qurbanlarının ehtiyacları digər vətəndaşlarınkı ilə eynidir. Fərqlisi odur ki bu insanlar müəyyən əzalarını itiriblər. Bizim apardığımız tədqiqatların nəticələrinə görə, bu insanların böyük əksəriyyəti öz hüquqlarını bilmirlər. Onların əksəriyyətinin psixoloji yardıma ehtiyacları vardır. Bundan başqa mina qurbanları arasında işsizlər çoxdur. Minaya düşənlərin 78%-i 5 nəfər ailə üzvü olan şəxslərdir. Qeyd edim ki, mina qurbanlarının əksəriyyəti öz kiçik bizneslərini qurmaq istədiklərini bildirmşdilər. Hazırda müəyyən rayonlarda yaşayan mina qurbanlarına mikrokreditlərin verilməsini nəzərdə tutan layihə hazırlayırıq.


-Dövlətin bu sahədə həyata keçirdiyi işləri necə qiymətləndirirsiniz?


-Hazırda Azərbaycanda mina qurbanları da daxil olmaqla əlillərə dövlətin nəzdində 3 protez-ortopedik, 8 reablitasiya mərkəzi xidmət göstərir. Bu mərkəzlərdə bütün xidmətlər pulsuzdur. Keçmiş SSRİ-də yalnız Azərbaycanda müharibə əlillərinə pulsuz mənzillər tikilir. Yalnız Azərbaycan və Rusiyada əlillərə maşınlar verilir.


-Azərbaycanın hazırkı şəraitdə piyadalar əleyhinə minaların qadağan olunmsını nəzərdə tutan Ottava Konvensiyasına qoşulması mümkündürmü?


-Azərbaycan hökuməti bununla bağlı mövqeyini bəyan edib. Hökumətin mövqeyi odur ki, Azərbaycan münaqişə başa çatandan sonra Konvensiyaya qoşula bilər. Bir azərbaycanlı kimi biz bunu başa düşürük. Hesab edirik ki, aktiv döyüş əməliyyatları Azərbaycan ərazisində aparıldığından bizim bu Konvensiyaya qoşulmağımız bizim üçün vacibdir. Bir də ki, biz konvensiyaya Azərbaycan və Ermənistan eyni vaxtda qoşulmasını təklif etmişik. Bu gün Azərbaycan humanitar minatəmizləmə əməliyyatlarını həyata keçirir. Ermənistanda isə bu proses getmir. Əksinə Ermənistan mina istehsalı ilə məşğuldur. Qeyd edim ki. sovetlər dövründə Ermənistanrda mina istehsal edən zavod olub. Həmin zavod fəaliyyətini bu gün də davam etdirir.Biz Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistandakı hərbi bazaya göçürülməsi prosesini diqqətdə saxladıq və müəyyən olundu ki, Ermənistandakı hərbi bazaya köçürülən silahlar içərisində kasetli silah növləri də vardır. Bu silah növləri aşağıdakılardır:

«Qrad» tipli reaktiv atəş sistemi üçün 122 mm-lik mərmilər (cəmi 1240 ədəd), «Uraqan» üçün 220 mm-lik mərmilər (cəmi 572 ədəd), 152 mm-lik mərmi (cəmi 3500 ədəd)
Bundan başqa aşağıdakı mina növləri də Ermənistandakı hərbi bazaya köçürülən silahlar içərisindədir: Piyadalar əleyhinə minalar - PMD -6M (cəmi 4 ton), PMN – (cəmi 6 ton), POMZ – 2M (cəmi 20 ton), OZM -72 (cəmi 3 ton), MON -50 (cəmi 7 ton), Tank əleyhinə minalar – TM 57 və TM 62 (cəmi 16 ton). Bütün bunlar barəsində Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya və bu problemlərlə məşğul olan digər beynəlxalq təşkilatlar məlumatlandırılıb və araşdırmalar aparılır.

MİLAZ İA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74082 ziyaretçi (119874 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol