MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Türkiyə şirkəti Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalını qurmaq niyyətindədir

«Koza İnşaat Savunma Sanayi Ticaret» şirkətinin rəhbəri Tahsin ÖZGÜMÜŞ: «İstəyimiz müasir avadanlıqları Azərbaycanda istehsal edib buradan başqa ölkələrə satmaqdır»

Noyabrın 5-dən 7-dək Bakıda keçirilən I Xəzər Beynəlxalq «Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri» Sərgisində (CİPS) diqqəti çəkən şirkətlər arasında Türkiyənin «Koza İnşaat Savunma Sanayi Ticaret» hərbi şirkəti də var idi. Sərgiyə elektron atış sistemləri, KNİGHT adlı bomba zərərsizləşdirən robot, bomba axtaran itlər, xilasetmə vasitələri çıxaran bu şirkətin Azərbaycanda da müəyyən layihələrdə iştirak etdiyi məlum oldu. «MİLAZ» İA baş redaktor müavini Rəşad Süleymanov «Koza İnşaat Savunma Sanayi Ticaret» şirkətinin idarə heyətinin sədri Tahsin Özgümüşlə şirkətin Azərbaycanda fəaliyyəti və perspektiv planlarına aydınlıq gətirib.

- Tahsin bəy, rəhbərlik etdiyiniz şirkət Azərbaycanla hansı əlaqələrə malikdir? Siz Azərbaycana hansı hərbi məhsul və xidmətləri təklif edirsiniz?

- Bizim şirkət Azərbaycana 3 il əvvəl gəlib. Bir sıra işlərdə çalışmışıq. Xüsusilə də təhlükəsizlik və müdafiə sənayesi sahəsində çalışmalarımız, layihələrimiz var. Biz müdafiə sənayesi dedikdə əsgər və polisin təlimi üçün müəyyən avadanlıqların istehsalı, atış poliqonlarının qurulması və s. nəzərdə tuturuq. Azərbaycanda çalışmalarımıza Xüsusi Dövlət Mühafizə Xidməti ilə başladıq və bu qurum üçün 2 tədris mərkəzi inşa etdik. Bundan sonra bir sıra dövlət strukturları üçün poliqonlar və müxtəlif mühafizə sistemləri qurduq. Qeyd etmək istəyirəm ki, ABŞ, İsrail, Rusiya kimi ölkələrində hansı modern sistemləri, avadanlıqları qurmuşuqsa, onları Azərbaycana da gətirmişik. Bizim təqdim etdiyimiz virtual atış sistemləri bu tip texnologiyaların ən müasiridir. Biz bunları açar təhvili prinsipi ilə hazırlayıb təhvil veririk.

- Bəs digər qurumlarla necə?

- Hazırda Müdafiə Nazirliyi ilə müzakirələr aparırıq. Görüşmələrimiz davam edir və ümid edirəm ki, müsbət nəticələri olacaq.

- Sizin yeni virtual atış sistemlərinzə, xüsusilə də canlı insanlara bənzəyən maketlərə Azərbaycanın bəzi qurumlarının maraq göstərdiyi bildirilir.

- Xüsusi Dövlət Mühafizə Xidməti bu sistemlərlə, maketlərlə maraqlanır. Hazırda Xidmətlə bu sistemlərin alqı-satqısına dair müzakirələr aparılır.

- Sizin Azərbaycana bomba zərərsizləşdirən robot texnologiyalarını da təklif etdiyiniz bildirilir.

- Bəli. Bu robotlar həm partlayıcı vasitələrin zərərsizləşdirilməsi, həm də zəlzələ, sel, uçqun kimi təbii fəlakətlər zamanı müxtəlif qurumlarda insanların xilas edilməsində istifadə oluna bilir.

- İndiyədək Azərbaycana belə robotlar göndərmisinizmi?

- Xeyir. İlk dəfədir gətiririk. Azərbaycanda buna bənzər və bundan kiçikləri var. Amma bizim təqdim etdiyimiz robotun çox üstünlükləri var.

- Məsələn.

- Bu robotun üzərində tək lüləli silahı var. Əvvəlcə robot kəşfiyyat aparıb ərazini öyrənir və operatora həm səsli, həm də görüntülü məlumatları göndərir. Əgər ərazidə düşmən varsa, robot ona atəş açıb məhv edə bilər.

- Sizin şirkət bu günlərdə Bakıda keçirilən «Mühafizə, təhlükəsizlik və xilasetmə» sərgisində bir sıra maraqlı xidmətlərlə çıxış edib. Orada siz həm də bomba-detektor aramasını həyata keçirən, xüsusi öyrədilmiş itləri də təqdim etdiniz. Belə bir xidmətə Azərbaycanda maraq varmı?

- Biz Azərbaycanda bu sahədə bir layihə həyata keçirdik. Xüsusi Dövlət Mühafizə Xidmətinə bomba-detektor itləri hazırladıq. Bu canlı itlər gizlədilmiş partlayıcıları axtarıb tapa bilirlər. Prezidentin mühafizə xidməti üçün belə itlər hazırlamışıq. Bunlar iki maşındır. Xarici qonaqların və prezidentin gedəcəyi əraziyə əvvəlcə bu itlər aparılır və həmin ərazidə onların vasitəsi ilə arama aparılır.

- Şirkətiniz Azərbaycanın hərbi sənaye kompleksində hansısa layihələri, iştirakı planlaşdırırmı?

- Bəli. Biz hazırda Müdafiə Sənayesi Nazirliyi üçün sınaq-test poliqonunu inşa edirik. Bu çox böyük poliqondur və orada istehsal edilmiş yeni silah və texnikaların nümunələri sınaqdan çıxarılacaq. Poliqon ən müasir texnologiyalar əsasında qurulur və yaxın iki aya təhvil veriləcək. Biz Azərbaycanda bir sıra hərbi layihələr həyata keçirməyi və istehsal qurmağı planlaşdırırıq. Biz istəyirik ki, bu cür müasir avadanlıqları Azərbaycanda da istehsal edək və ya yığaq. Buradan başqa ölkələrə sataq.

- Azərbaycanda hansı məhsulların istehsalını qurmaq niyyətindəsiniz?

- Bunlar əsasən virtual hərbi tədris sistemləri ola bilər. Bizim marağımız hərbi proqramların, elektronikanın istehsalıdır.

- Bu gün şirkətiniz hansı ölkələrdə çalışır?

- Biz Rusiya, Qazaxıstan, Türkmənistan, bəzi ərəb ölkələri və Türkiyədə fəaliyyət göstəririk. Rusiya Xüsusi Mühafizə Xidmətinin və Kremldəki atış sistemlərini qurmuşuq. Bizə həm NATO, həm Amerika, həm də keçmiş sovet ölkələri maraq göstərir.

- Rusiyanın dünyada tanınmış şirkətlərinin təsiri altında olan MDB bazarında işləmək sizin üçün çətin deyil ki?

- Xeyir. Artıq biz bu çətinliyi keçmişik. Elə bu gün Rusiyanın özündə də bizi qəbul edirlər. Yenə xatırladıram, Kremlin mühafizəsində atış təlim sisteminin qurulmasını həyata keçirdik. Rusiyaya məhsul satırıq. Bizim istehsal etdiyimiz sistemlər daha çox amerikan və NATO standartlarına uyğundur. Amma biz bir şirkət olaraq NATO, amerikan, Rusiya və digər ölkələrin sistemlərini öyrənir və bunların ən yaxşılarını uyğunlaşdırırıq.

MILAZ IA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74087 ziyaretçi (119884 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol