MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Hikmət ÇƏTIN: “NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunmalıdır”

Türkiyənin sabiq xarici işlər naziri və parlament sədri, NATO-nun Əfqanıstandakı sabiq baş mülki zabiti Hikmət Çətinin müsahibəsi

 

- Hikmət bəy bu gün dünyanın diqqəti Əfqanıstana yönəlib. Oradakı vəziyyəti və son vaxtlar Talibanın fəallaşmasını necə xarakterizə edirsiniz?

 

- Əfqanıstandakı durum 2006-cı ildən etibarən pisləşməyə doğru gedir. Taliban yenidən təşkilatlanıb və yeni maliyyə qaynaqları taparaq güc qazanır. Bunun səbəbi NATO və ABŞ daxil olmaqla dünya ölkələrinin Əfqanıstana tam şəkildə lazımi dəstək verməməsidir. Ehtiyac duyulan əsgər sayı artırılmadı, eləcə də iqtisadi yardımlar kifayət qədər olmadı. Həmçinin Əfqanıstan hökuməti təsirini bütün ölkəyə yaya bilmədi. Amma bugünkü durum yaxşıya doğru hərəkətlərin olduğunu deməyə əsas verir. Burada Pakistanla bağlı problemlər də çoxdur. Pakistanın Əfqanıstanla 2500 kilometr sərhədi var. Bu sərhədin hər iki tərəfində puştular olduğundan bölgəyə nəzarət etmək çox çətindir.

 

ABŞ Əfqanıstana əlavə olaraq 20 min əsgər göndərməyi planlaşdırır. Digər NATO ölkələri, eləcə də Azərbaycan daxil olmaqla tərəfdaş dövlətlər həm əsgərlərini artırmağı, həm də Əfqanıstana iqtisadi yardımlar göstərməyi nəzərdə tuturlar. Bu çərçivədə əfqan ordusu və polisinə təlimlərin keçirilməsi, onların lazımi texniki vasitələrlə təchizatı mövzusunda NATO-nun qərarı var. NATO Əfqanıstandan əsgərlərini Əfqanıstan ordusu və polisi bu vəzifəni özü tam yerinə yetirə biləcəyi təqdirdə çıxaracaq.

 

- Obamanın Əfqanıstanla bağlı strategiyasını necə qiymətləndirirsiniz?

 

- Bu, çox doğru və yerində olan bir yanaşmadır. Bu strategiyanın 5 ünsüri var: Əfqanıstanı region olaraq düşünmək, ora daha çox əsgər göndərmək, iqtisadi yardımı artırmaq, Əfqanıstan ordusu və polisinin təlimində daha çox iştirak etmək və Əfqanıstan hökumətinə dövlətin yenidən qurulması üçün yardımlar göstərmək. Əfqanıstan probleminin həllində nəinki ABŞ, eləcə də Rusiya və İran başda olmaqla bölgə ölkələri iştirak etməlidir. İranın da Əfqanıstanla sərhədi var, bu ölkənin Əfqanıstanda asayişin təmin olunmasına töhfəsi önəmlidir. Əfqanıstanda yetişdirilən narkotik bitkilər İran üçün böyük problemlər yaradır. İran Talibana qarşıdır. Taliban vəhhabi məsləkli ideologiya olduğundan İran onu istəmir. Eləcə də Rusiya bu gün Əfqanıstanın inkişafına yardım göstərir. NATO Əfqanıstana qoşun yeridəndə İranın heç bir etirazı olmadı. İran Əfqanıstanda asayişin qorunmasında həm hazırkı Əfqanıstan hökuməti, həm də NATO ilə işbirliyinə hazırdır.

 

- Bu gün Əfqanıstanda asayişi təmin etmək üçün nə lazımdır? Daha çox hərbi qüvvə, yoxsa maddi yardımlar?

 

- Daha çox hərbi qüvvə ilə nəyəsə nail olmaq mümkün deyil. Hərbçilərlə hansısa problemi həll etmək olmaz. İnsanların könlünü və beynini, xalqın dəstəyini qazanmasaq, terrorla mübarizə nəticəsiz qalacaq.

 

- Sizcə NATO Əfqanıstanda insanların könlünü qazana bilibmi?

 

- Əfqanıstanda insanların bir nömrəli önəm verdiyi məsələ təhlükəsizliyi və öz yaşayış səviyyəsidir. Bura iş, təhsil, sağlamlıq və s. iqtisadi və sosial ehtiyaclarının ödənilməsi daxildir. Bu baxımdan Əfqanıstan dünyanın ən kasıb ölkəsidir. Digər önəmli məsələ əməliyyatlar zamanı mülki əhaliyə zərər vurmamaqdır. Hansı ki bu məsələ qarşıda əsas problemlərdən biri kimi durur.

 

- NATO-nun ən müasir silah və texnologiyalarla silahlanmış ordusu hansı səbəbdən bir qrup Taliban yaraqlısının öhdəsindən gələ bilmir?

 

- Taliban bu gün əfqan xalqı deməkdir. Talibançılar bu və ya digər formalarda xalqdan dəstək alırlar. Əfqanıstan isə NATO üçün yeni bir döyüş meydanıdır. Alyans «soyuq savaş»da mühüm rol oynasa da, bir güllə belə atmayıb. Balkanlarda isə yalnız hava əməliyyatları həyata keçirib. NATO öz tarixinin ilk quru savaşını və terrorla mübarizə əməliyyatını Əfqanıstanda başladı. Bu baxımdan Əfqanıstanda hərbi əməliyyatlar, quruda döyüş taktikaları NATO üçün yenidir. İkincisi, terrorla mübarizə asan məsələ deyil. Nizami ordu vasitəsi ilə terrorla mübarizə aparmaq çox çətindir. Taliban bu gün təhlükəli bir metoddan, kamikadzelərdən istifadə edir. Biz terrorçularla mübarizə aparmaq üçün yerli qəbilələrlə görüşdük. Yerli qəbilələrin silahlı insanları Daxili İşlər Nazirliyinə tabe olmaqla terrorçularla mübarizə aparacaqlar.

 

- Belə çıxır ki, Əfqanıstanı itirmək NATO-nun hərbi alyans kimi sonu deməkdir.

 

- NATO-nun Əfqanıstanı itirmək qorxusu yoxdur. Əfqanıstana gəldiyi üçün NATO üzərinə düşən vəzifəni yerinə yetirməyə məcburdur. Bu ölkədə asayişi təmin edə bilməzsə, demək olar ki NATO və beynəlxalq ictimaiyyət terrorla mübarizədə uduzacaq. Bununla da terrorçular bütün dünyada aktivləşəcək. Əfqanıstanı uduzmaq “NATO-nun gələcəyi həll olunur” deməkdir. Ona görə də NATO hazırkı şəraitdə Əfqanıstanla bağlı nə lazımsa etmək məcburiyyətindədir.

 

- Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayının artırılacağını demişdiniz.

 

- Qeyd etmək istəyirəm ki, Azərbaycan 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq proqramına (PfP) qoşulandan sonra hərbi sahədə bir çox nailiyyətlə imza atıb. Xüsusilə də Türkiyə, ABŞ və digər NATO ölkələrinin yardımı ilə. Türkiyə səfirinin 15 il NATO üzrə əlaqələndirici dövləti olması da bu işlərdə mühüm rol oynayıb. Bu gün Azərbaycan dünyada sülh və asayişin qorunmasında yaxından iştirak edir. Əfqanıstanda Türkiyə hərbi birləşməsinin tərkibində Azərbaycanın da taqımı var. Azərbaycan əsgərləri çox gözəl xidmət edirlər. Kabildə olduğum zaman Azərbaycan əsgərləri ilə görüşürdüm. 18-19 il əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan müstəqil dövlət olaraq dünyada sülhün qorunmasında iştirak edəcək? Bu sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı çox önəmli məsələdir. O ki qaldı sülhməramlıların sayının artırılmasına, bu mümkündür. Azərbaycan bu yaxınlarda İSAF-dakı hərbçilərinin sayını artırıb. Amma NATO-nun yenə təklifi var ki, alyansa üzv və tərəfdaş ölkələr hərbi yardımlarını da artırsınlar.

 

- Azərbaycan mülki yardımlar göstərəcəyini də açıqlayıb.

 

- Bundan xəbərim var. Ötən ilin avqust ayında Əfqanıstan hökuməti ilə Azərbaycan arasında hərbi yardımlardan əlavə köməklərin göstərilməsi müzakirə olunub. Məndə olan məlumatlara görə, Azərbaycan Əfqanıstana hərbçilərin və polislərin öyrədilməsi, bu ölkədə məktəblərin açılması, tibb xidmətlərinin təşkilində iştirakını təklif edib. Əfqanların buna ehtiyacı var. Onlar digər tərəfdən Azərbaycanı bir qardaş ölkə olaraq görürlər.

 

- Əfqanıstandakı qüvvələrin təchizatı üçün TRACECA dəhlizindən istifadə nə dərəcədə məqbuldur?

 

- TRACECA çox önəmli marşrutdur. Bununla bərabər Rusiya da ərazisindən tranzit keçidə razılıq verib və yüklərin bəziləri Rusiya üzərindən Əfqanıstana ötürülüb. TRACECA-ya gəlincə, yüklərin bu dəhlizlə, ötürülməsi çox səmərəlidir və hesab edirəm ki, Azərbaycan başda olmaqla milli hökumətlər buna razılıqlarını verməlidir. TRACECA dəhlizi daha təhlükəsizdir və lazımi infrastruktur var.

 

- NATO-nun Qarabağ münaqişəsinin həllində hər hansı formada iştirakı mümkündürmü?

 

- Məncə, son zamanlarda münaqişənin həlli istiqamətində səylər inkişaf edir. Xatırladım ki, ATƏT-in Minsk Qrupu yaradılanda mən Türkiyənin xarici işlər naziri idim. Aradan 17 il keçib və münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Hər şey unudulub və dondurulmuş hala gəlib. Proseslər uzandıqca problemlərin həlli çətinləşir. Elə nümunə olaraq Kipri götürək. 1974-cü ildən bu yana neçə illər keçib. İlk illərdə problemin həlli daha asan idi. İndi isə fərqlidir. Artıq Minsk Qrupu da daxil olmaqla dünya Qarabağ hadisələrini unutmaqdadır. Bu nədən irəli gəlir? Fikrimcə, nəinki Minsk Qrupu, eləcə də ABŞ, Türkiyə və Rusiyanın, həmçinin NATO-nun iştirakı ilə bu problemin həlli istiqamətində nəyəsə nail olmaq olar. NATO-nun əlində olan imkanlar daha böyükdür. Ona görə də hesab edirəm ki, NATO prosesə cəlb olunmalıdır. Qarabağ Azərbaycan və Ermənistanın problemi deyil, bu dünya əhəmiyyətli problemdir. Problemin həll olunmaması həm bölgəni, həm də dünyanı narahat edir.

 

- Türkiyənin Ermənistanla sərhədləri açmaq istəyinə necə baxırsınız? Bu mümkündürmü?

 

- Türkiyə Ermənistanla sərhədi bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq bağlayıb. Mən bir zamanlar bu prosesin iştirakçısı olmuşam və əmin edirəm ki, Türkiyə heç bir formada, Azərbaycanın əleyhinə və azərbaycanlıları üzən qərar çıxarmaz. Son vaxtlar baş verən məsələlərdən narahat olanlar, eləcə də bundan istifadə edərək Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlər oldu. Türkiyə və Azərbaycan arasında əlaqələr o qədər sağlamdır ki bunu kimsə poza bilməz.

APA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74131 ziyaretçi (119965 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol