MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Bülənd TUDEŞ: «Azərbaycanın mina və partlamamış hərbi sursatları ləğv etmə təcrübəsindən digər ölkələrdə də istifadə oluna bilər»

NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeşlə müsahibə


- NAMSA Azərbaycanda hansı layihələrin icrasında iştirak edir?

- "Partlamamış hərbi sursatların ləğvi üzrə "Saloğlu layihəsi"nin həyata keçirilməsində mühüm rol oynayırıq. Bu layihə çərçivəsində keçmiş sovet ordusuna məxsus hərbi bazanın ərazisindəki sursatlar, bombalar toplanaraq məhv edilir. Biz həmçinin Ələt və Mingəçevirdəki anbarlarda saxlanılan melanj raket yanacağının ləğvinə də kömək göstəririk.

- Gələcəkdə hansı birgə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

- Hazırda bu barədə düşünürük. "Saloğlu"da torpağın dərinliklərindəki sursatların çıxarılıb zərərsizləşdirilməsi üçün yeni layihə planlaşdırırıq. Bununla yanaşı, Azərbaycan hökuməti ilə birgə minaların təmizlənməsinə dair layihə də həyata keçirə bilərik.

- İndiyədək minalarla bağlı layihə olmayıb...

- Düzdür, bu günədək Azərbaycan və NAMSA arasında belə bir layihə olmayıb. Sadəcə, yerin üstü və altındakı partlamamış sursatların ləğvi sahəsində çalışdıq.

- NAMSA bir sıra ölkələrdə hərbi bazaların konversiyasında iştirak edir. Azərbaycanla bağlı belə layihələr varmı?

- Var. Bunun üçün Azərbaycan hökuməti əvvəlcə NAMSA ilə birgə həmin layihələrə baxmalıdır. Qərar sonrakı mərhələdə verilir. Azərbaycan hökumətindən bizə təklif gələrsə, müsbət cavab verə bilərik.

- NATO-nun ən böyük strukturlarından biri olan NAMSA-nın bu günədək Azərbaycanda tanınmaması, sizcə, nə ilə bağlıdır?

- Hazırda Azərbaycan - NATO əlaqələrində bir sıra problemlər mövcuddur. NATO standartları və inteqrasiya deyiriksə, burada NAMSA əsas rol oynayan strukturlardandır. Silah sistemlərinin müasirləşdirilməsi, onlara qulluq, logistika məsələlərində böyük təcrübəmiz var. Bunlar hələ ki Azərbaycan tərəfindən dəyərləndirilməyib. Fikrimcə, Azərbaycan ordusunun mütəxəssislərinin NAMSA-da kurslar keçməsinə ehtiyac var.

- Hərbi texnika və silahların müasirləşdirilməsi, hərbi logistika ilə bağlı MDB ölkələrindən hansında layihələriniz var?

- PfP çərçivəsində bizimlə əməkdaşlıq edən bir sıra tərəfdaş dövlətlərdə, eləcə də Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya və Baltikyanı ölkələrdə bu cür layihələr keçirdik. Qeyd etmək istəyirəm ki, belə layihələrə başlamazdan əvvəl Azərbaycanın ehtiyaclarının nədən ibarət olduğunu bilməliyik. Ölkənin ehtiyacları təqdim olunmalı və yardımlar da buna uyğun göstərilməlidir.

- Bu gün Azərbaycan və MDB ölkələrində keçmiş sovet istehsalı olan silah və texnikalardan istifadə olunur. Sizcə, texniki uyarlığın təmini hansı formada aparılmalıdır?

- Texniki uyarlılıq NATO standartları və bu quruma inteqrasiya vasitəsilə həyata keçirilir. Bu gün NATO ölkələrinin ordularında "T-72", "MiQ", "BMP" və digər sovet texnikaları var. Onlar alınaraq müasirləşdirilir. Belə halda texnikaların həm gövdələri, həm də daxili elektronik, atış-kontrol sistemləri NATO standartlarına uyğun qurulur. Bu gün bir çox ölkələr bu sistemləri tətbiq etməkdədir.

- NAMSA-nın Azərbaycanda ANAMA-dan başqa hansı qurumlarla əlaqəsi var?

- Biz AMEA və Müdafiə Nazirliyi ilə birgə çalışırıq. NATO-nun dəstəyi ilə AMEA-nın tərkibində yaradılmış "Azeko" laboratoriyası ilə əməkdaşlıq edirik. Bu laboratoriyaya cihazlar vermişik ki, onunla çayların suyunun təmizliyi, dənizdə çirklənmə səviyyəsini və s. müəyyən etmək olur. Yaxın perspektivdə Müdafiə və Xarici İşlər nazirlikləri ilə əməkdaşlığa başlayacağıq. Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqələr qurmaq niyyətindəyik. Belə olan halda NAMSA olaraq imkanlarımız daxilində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə hər cür kömək göstərə bilərik. Təbii ki, müdafiə təyinatlı məhsulların istehsalı və alınması çox baha başa gəlir. Azərbaycanın özünün hərbi sənaye kompleksini qurması böyük imkanlar yaradacaq. Bu günədək PfP Etimad Fondu çərçivəsində Azərbaycan hökuməti ilə belə müzakirələr aparmasaq da, perspektivdə danışıqlara başlamaq istəyirik. Burada başqa bir məsələ də var. Biz NAMSA olaraq NATO əməliyyatlarına dəstək veririk. Azərbaycanın da Əfqanıstanla bağlı qərarları var. Eyni zamanda Azərbaycanla Əfqanıstanda minatəmizləmə sahəsində müəyyən addımların atılması və müzakirələrin başlanması planlaşdırılır.

- Aprelin sonlarında NAMSA-nın qiymətləndirmə missiyası Azərbaycana gələrək "Saloğlu layihəsi"nin gedişi ilə tanış oldu. Bununla bağlı yekun hesabat hazırdır?

- "Saloğlu"da proseslər davam edir. Bu layihə çərçivəsində 600 hektar ərazi təmizlənib və bir müddət sonra əkin üçün təhvil veriləcək. ANAMA sözügedən layihə çərçivəsində PHS təmizləmə sahəsində böyük təcrübə qazanıb. Bu təcrübədən və ANAMA-nın imkanlarından digər ölkələrdə də istifadə edilmə ehtimalları var. Düşünürəm ANAMA bu sahədə öz xidmətlərini digər ölkələrə də təklif edə bilər.

- "Saloğlu layihəsi"nin 3-cü mərhələsinin başlanılmasına NAMSA yardım göstərəcək?

- 3-cü faza ilə bağlı layihə artıq hazırdır. Bu layihəyə əsasən, yerin daha dərin qatlarındakı sursatlar çıxarılıb zərərsizləşdirilməlidir. Bunun üçün xeyli vaxt və böyük vəsait lazımdır. Bizim yeni təklifimizdə mərmilər çox dərinliyə getdiyi üçün zirehli qazma sistemlərindən istifadə edilməsi əsas yer tutur. Bu avadanlıqlarla 2 il ərzində ərazinin tam təmizlənməsi mümkündür. 2010-cu ilin sonuna qədər bu layihənin davam edəcəyini düşünürük. Azərbaycan hökuməti də artıq təmizləmə əməliyyatlarına büdcədən vəsait ayırıb.

- Türkiyə bu layihədə Azərbaycana yenə kömək göstərəcək?

- Türkiyə tərəfi NAMSA-dan təklifləri istəyib. Təkliflər dəyərləndiriləndən sonra, güman ki, yardımları davam etdirəcəklər.

- Melanj layihəsi başa çatdı. Layihənin icrasını necə qiymətləndirirsiniz? Layihə Azərbaycana və NATO-ya nə verdi?

- Melanj çox təhlükəli maddədir. Uzun illər anbarlarda saxlanılıb. Anbarlar köhnəldikcə sızmalar yaranıb, bu da öz növbəsində ətraf mühit, insanların həyatı üçün təhlükələr yaratmağa başlamışdı. NAMSA-nın icra etdiyi layihə nəticəsində, birincisi, yaxınlıqda yaşayan insanlar bu təhlükədən qurtardı. İkincisi, təhlükəli maddə gübrəyə çevrilərək əkinçilikdə istifadəyə verildi. Üçüncüsü, Azərbaycanın müxtəlif qurumları NAMSA ilə əməkdaşlıq çərçivəsində çalışma imkanları əldə etdi. NAMSA-ya faydasına gəlincə, melanjın ləğvi pilot layihə idi və ilk olaraq Azərbaycanda reallaşdırıldı. Biz layihə çərçivəsində melanjın ləğvini öyrəndik. Azərbaycandan sonra belə bir layihəni Özbəkistanda həyata keçirəcəyik.

- Digər ölkələrdə icra ediləcək layihələrə azərbaycanlı mütəxəssislər də cəlb olunacaq?

- Əlbəttə. Azərbaycanlı alim və mühəndislərin əməyindən Özbəkistanda da faydalanmaq istəyirik.

- Azərbaycanda minaaxtaranlar məktəbinin yaradılması planlaşdırılır. Dəstək verəcəksiniz?

- Şübhəsiz. Biz bu kimi layihələrə texniki dəstək veririk. Əgər NAMSA mütəxəssislərinin bu məktəblərdə dərs keçmələri istənilərsə, bunu da edə bilərik. Eyni zamanda, həmin məktəbin müəllimlərinin digər ölkələrdə təcrübə keçməsinə də şərait yarada bilərik.

- NAMSA Cənubi Qafqaz ölkələrindən daha hansında fəaliyyət göstərir? Perspektivdə bölgəylə bağlı hansı layihələriniz olacaq?

- Ermənistanda heç bir layihəmiz yoxdur və ümumiyyətlə, İrəvanın bizimlə hər hansı anlaşması mövcud deyil. Amma Gürcüstanla əlaqələrimiz var. Orada raketlərin ləğvi layihəsini həyata keçirdik. Biz Gürcüstanda realizə olunan layihə çərçivəsində "S-75" və "Kruq" raketlərini ləğv etdik. Hazırda 8 mindən artıq hava sisteminin ləğvi üzrə başqa bir layihəni başlamaq üzrəyik.

 

MİLAZ İA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74235 ziyaretçi (120121 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol