MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Qubad İBADOĞLU: «Azərbaycanın hərbi xərclərin sürətli artımından yarana biləcək problemi yoxdur»

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu ilə müsahibə

- Qubad bəy, Azərbaycanda müdafiə xərclərinin artım prosesini necə qiymətləndirirsiniz?

- Azərbaycanın hərbi potensialının artırılması və Silahlı Qüvvələrin maddi-texniki təchizatının yüksəldilməsi çox vacibdir. Bu istiqamətdə Azərbaycan hökuməti müəyyən addımlar artır ki, onlardan biri də hərbi sahəyə ayrılan vəsaitlərin ilbəil artırılmasıdır. Ölkənin müharibə şəraitində olduğu bir zamanda dövlətin təhlükəsizliyi naminə bu addımlara böyük ehtiyac var. Yeri gəlmişkən, unutmamalıyıq ki, bu gün hərbi xərclərin artımı ilə yanaşı bu vəsaitlər üzərində şəffaflığın təmin olunması da vacibdir. Çox təəssüflər olsun ki, Silahlı Qüvvələrin təchizatı ilə bağlı məlumatlar gizli saxlanılır. Düzdür elə məlumatlar var ki, onlar məxfidir. Bu başadüşüləndir. Amma hərbçilərin sosial vəziyyəti ilə bilavasitə bağlılığı olan məlumatların gizlədilməsinə ehtiyac yoxdur. Biz çox istərdik ki bu cür bəzi məlumatlara çıxış imkanları yaransın və bu rəqəmlər açıq büdcə sənədlərində əksini tapsın.

- Bunu parlament də həyata keçirə bilər.

- Adətən ayrı-ayrı ölkələrin təcrübəsində hərbi xərclərlə parlament nəzarəti mövcuddur. Bu məqsədlə parlamentdə qapalı komissiya fəaliyyət göstərir. İcraçı təşkilatlar mütəmadi olaraq bu komissiyaya hesabatlar təqdim edir və komissiya hərbi xərclərin istifadəsinə nəzarəti yerinə yetirir.

- Milli Məclisin Hesablama Palatası kimi audit təşkilatı mövcuddur. Sizcə, bu qurumun hərbi xərclərlə bağlı audit aparması mümkündürmü?

- Hesablama Palatası tərəfindən hələ ki bu sahədə hansısa təşəbbüs olmayıb. Hesab edirəm ki, Azərbaycan hökuməti hərbi xərclərin üzərində şəffaflığın təmin olunması sahəsində qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməlidir. Bu öz növbəsində hərbi xərclərin təyinatı üzrə ünvanlı xərclənməsinə gətirib çıxaracaq.

- Azərbaycan hərbi xərclərinə görə militarist dövlət sayıla bilərmi?

- Bu gün Azərbaycan müdafiə xərclərinin artımına görə militarist dövlət hesab edilə bilməz. Azərbaycanda sadəcə olaraq göstəricilər böyük görsənir. Hərbi xərclər dövlət büdcəsi xərclərinin 14%-nə bərabərdir. Amma mütləq rəqəmləri götürsək hərbiyə 2 milyard dolların ayrılması dünya üzrə elə də böyük rəqəm deyil. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycan militarist ölkələr qrupuna daxil edilə bilməz.

- Hərbi xərclər üzərində şəffaflığın təmin olunmaması nə ilə bağlıdır?

- Bilirsiniz, burada birinci amil dövlət sirri məsələsidir. Buna görə hökumət də həmişə ehtiyatlı mövqe nümayiş etdirir. Digər tərəfdən, cəmiyyətin ümumi problemi heç də hərbidən yan keçmir. Hərbi sistemdə də korrupsiya və s. kimi faktlar mövcuddur. Qapalılıq eyni zamanda bu problemlərdən də qaynaqlanır.

- Daxili Qoşunlar və Milli Qvardiya kimi hərbi qurumlara ayrılan vəsaitlər büdcə xərclərinin «müdafiə xərcləri» funksional bölməsində deyil, «hüquq mühafizə və məhkəmə orqanları» bölməsində göstərilir. Halbuki bu qurumlar hərbi təyinatlı birləşmələrdir. Eləcə də «əsaslı xərclər»də hərbi təyinatlı obyektlərin tikintisi üçün vəsaitlər ayrılır. Sizcə bütün bunların bir funksional bölmədə cəmləşdirilməsi mümkündürmü?

- Bu müxtəliflik Nazirlər Kabinetinin «Vahid büdcə təsinfatı haqqında» qərarının tətbiq olunmaması ilə əlaqədardır. Digər tərəfdən, burada müəyyən maraqlar da rol oynayır. Bütövlükdə götürəndə, ölkələr üzrə qapalı xərclərin səviyyəsi ümumi büdcə xərclərinin kiçik hissəsini təşkil edir. Burada hərbi xərclərdən söhbət getmir. Eyni zamanda bunu tikinti büdcəsinə də şamil etmək olar.

- Region dövlətləri hərbi xərclərini artırır. Bu sürətli silahlanma region iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsir göstərməyəcək ki?

- Bizim digər dövlətlərdən fərqli olaraq hərbi xərclərin sürətli artımından yarana biləcək problemimiz yoxdur. Azərbaycanın xaricdən borc kimi cəlb olunan vəsaitə ehtiyacı yoxdur. Bu gün Azərbaycan özünün əldə etdiyi vəsaitləri hara xərcləmək barədə düşünür. Hərbi büdcənin bu cür artımı ölkə iqtisadiyyatı üçün problem yarada bilməz. Bundan əlavə, Azərbaycan özünün hərbi sənaye kompleksini yaradır. Hərbi sənayenin inkişafı, yeni məhsullar istehsalı ilə biz bu sahədə daha geniş imkanlar qazanarıq. Azərbaycan gələcəkdə özünün istehsal etdiyi hərbi təyinatlı məhsulları Mərkəzi Asiya və Gürcüstan bazarlarına çıxara bilər. Bu sahədə perspektivlər mövcuddur.

“MİLAZ” İA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74112 ziyaretçi (119921 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol