MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  NATO-nun Cənubi Qafqazla bağlı planlarına dəyişikliklər ediləcək?

NATO-nun Cənubi Qafqazla bağlı planlarına dəyişikliklər edilməsi gözlənilir. «MİLAZ» İA-ya bu barədə «Manevr» Jurnalist Araşdırmaları Mərkəzindən məlumat verilib.

Mərkəz təqdim olunan araşdırmanı NATO-nun mənzil qərargahındakı mənbələrə və Azərbaycan-NATO əməkdaşlığı üzrə Hökumət Komissiyasına istinadən hazırlayıb.

Mərkəzin qeyd olunan mənbələrdən əldə etdiyi məlumatlara görə, bu çərçivədə region dövlətlərindən Gürcüstan və Azərbaycanla əlaqələrə yenidən baxılaraq əməkdaşlığın daha konkret proqramlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Yaxın vaxtlarda alyans region dövlətlərinə özünün yeni əməkdaşlıq prioritetlərini də təklif edəcək. Qeyd edək ki, bu konteksdə tərəfdaş ölkələrin üzləşdiyi hərbi təhdidlərin qarşısının alınması məsələsinin oktyabr ayında NATO müdafiə nazirlərinin toplantısında müzakirəyə çıxarılıb.

Tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığını istiqamətləndirən Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP), Planlaşdırma və Analiz Proqramı (PARP) və s. proqramlara bir sıra əlavə və dəyişikliklərin edilməsi kimi məsələlər gündəmdədir. Hansı ki bu əlavələr bilavasitə hərbi sektoru əhatə edəcək.

NATO həmçinin üzv dövlətlərin yaxından iştirakı ilə Azərbaycan, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrində həyata keçirilən islahatların sürətləndirilməsinə yardımları artırmaq niyyətindədir. Alyansın mərkəzi qərargahında hesab edirlər ki, adıçəkilən ölkələr Rusiyaya qarşı kardan yaratdığından bu dövlətlərin ordularının tez bir zamanda NATO standartlarına transformasiyası zəruridir.

«Belə olan təqdirdə NATO hərbi cəhətdən öz imkanlarını bir qədər artırmış olacaq. Eyni zamanda alyansın şərqə – Mərkəzi Asiyaya doğru genişlənmə perspektivlərinə münbit zəmin yaranacaq», - deyə «Manevr» Mərkəzi bəyan edir.

Bu kontekstdə NATO-nun Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstana hərbi yardımları söhbət mövzusu ola bilər.

Mərkəzin əldə etdiyi digər məlumatlara görə, NATO Azərbaycan da daxil olmaqla region dövlətləri ilə təhlükəsizlik sektoruna bağlı bir sıra yeni layihələr, proqramlar reallaşdırmaq niyyətindədir. Bunların arasında regional və beynəlxalq əhəmiyyətli infrastrukturların və obyektlərin mühafizəsinin təşkili ilə bağlıdır. Bura neft-qaz infrastrukturu, yol və nəqliyyat sektoru, hava və dəniz limanları, terminallar, su anbarları, elektrik stansiyaları və s. etibarlı mühafizəsinin təşkili daxildir.

«Manevr» Mərkəzi bildirir ki, sözügedən məsələ Azərbaycanla NATO arasında razılaşdırılmış İPAP-ın ikinci mərhələsində də öz əksini tapıb.

«Rusiyanın Gürcüstana hücumu zamanı TRACECA dəhlizində nəqliyyat sisteminin iflic vəziyyətə düşməsi, əsas ixrac boru kəmərlərinin bombardman edilməsi, regiondakı terrorçu qrupların aktivləşməsi Avropanın alternativ marşrut olaraq seçdiyi bu regionda təhlükəsizlik üçün beynəlxalq tədirlər görməyə vadar edir»,- deyə mərkəzin araşdırmasında qeyd olunur.

Azərbaycan-NATO əməkdaşlığı üzrə Hökumət Komissiyasından da NATO-nun qeyd olunan istiqamətlər üzrə yardımların göstəriləcəyini istisna etməyiblər.  Bu çərçivədə NATO ölkələri tərəfindən Azərbaycana həm maddi, həm texniki, həm də mütəxəssislərin hazırlanması sahəsində yardımların göstərilməsi nəzərdə tutulur. Kəmərlərin və əsas nəqliyyat xətlərinin keçdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumlarının məlumat mübadiləsinin artırılması, koordinasiyanın gücləndirilməsi, hər üç dövlətin müvafiq qurumlarının birgə komanda-qərargah təlimlərinin təşkili və s. burada yer alacaq. Eyni zamanda təmənnasız və ya güzəştli şərtlərlə Azərbaycan və Gürcüstana qərb ölkələrinin istehsalı olan, təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə edilən avadanlıqlar, müşahidə və rabitə cihazları veriləcək.

NATO-nun ikinci yardımının isə rabitə-kommunikasiya sistemlərinin dayanıqlılığının artırılması, rabitə infrastruktrunun mühafizəsi ilə bağlı olacağı bildirilir: «Nəzərə almaq lazımdır ki, Gürcüstan müharibəsi zamanı Rusiya ilk olaraq bu ölkənin rabitə-kommunikasiya sistemlərini sıradan çıxarmağa çalışıb. Digər tərəfdən, rabitə sistemləri daim terrorçuların hədəfi ola bilər».

Qeyd edək ki, bu məsələ İPAP-ın birinci hissəsində qismən öz əksini tapıb. İPAP çərçivəsində Azərbaycanın müvafiq qurumları bu sahədə müəyyən işlər həyata keçirib.

Başqa bir yardım isə kiber hücumlardan müdafiə məqsədi ilə kadrların hazırlanması, dayanıqlı internet şəbəkəsinin formalaşdırılmasına yönələcək. Adıçəkilən proqram çərçivəsində haker hücumlarının qarşısının alınması, internet şəbəkəsində, eləcə də dövlət qurumlarının kompüter şəbəkəsinin mühafizəsinin gücləndirilməsi ilə bağlı yardımlar olunacaq. Bu sahədə artıq NATO-ya üzv olan 15 ölkənin ixtisaslaşdığı bildirilir. Tərəfdaş ölkələrə bu yardımları əsasən Baltik ölkələri tərəfindən göstəriləcəyi istisna deyil.

«Manevr» Mərkəzi xatırladır ki, bu ilin avqust ayında Gürcüstanda hərbi əməliyyatlar başlanan gün Rusiya xüsusi xidmət orqanlarına yaxın hakerlər tərəfindən Gürcüstanın «.ge» domen zonasındakı bütün internet saytları dağıdılmış və ya müvəqqəti olaraq həmin saytlara giriş-çıxış bağlanmışdı.

Digər yardım isə fövqəladə vəziyyətlərdə çevik idarəetmə sisteminin yaradılması, böhranların vaxtında aradan qaldırılması üçün imkanların artırılmasını özündə etiva edən proqramların realizasiyası ilə bağlı olacaq.

Bunlardan başqa, NATO silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması, çevik, effektiv idarəetmənin yaradılması, səfərbərlik resurslarının az zaman kəsiyində hazırlanması və komplektləşdirilməsi, orduda peşəkar heyətin artırılması, bir sıra vacib avadanlıqlarla, xüsusilə də hava hücumundan mühafiə sisteminin vacib elementləri sayılan radiolokasiya avadanlıqları ilə təchizatı sahəsində yardımları artırmağı planlaşdırır.

online

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73872 ziyaretçi (119569 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol