MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Ciddi və qeyri-ciddi Buş

Amerikanın 43-cü prezidenti tarixin yaddaşında nələrlə qaldı?

 

Sabah - yanvarın 20-də yeni prezident seçilmiş prezident Barak Obamanın andiçməsi ilə ABŞ tarixinin 8 illik oğul Corc Buş dönəmi başa çatır. Artıq Ağ Evdən köçünü hazırlayan C.Buş fövqəldövlətin rəhbəri kimi sonuncu mətbuat konfransını keçirdi və üst-üstə səkkiz illik fəaliyyətindən, olub-keçənlərdən danışdı.

 

Buşun bundan sonra fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi isə hələ məlum deyil.

 

Birləşmiş Ştatlarda “aristokrat kovboy” kimi tanınan oğul Buş, eyni zamanda, ABŞ tarixinə ən ciddi və həm də qeyri-ciddi prezident kimi düşdü.

 

C.Buş 1946-cı ildə anadan olub. Atası Corc Buş 1988-1993-cü illərdə ABŞ-ın prezidenti olub. C.Buşun qardaşı Ceb Buş isə hazırda Florida ştatına rəhbərlik edir. Buş 1968-ci ildə Yale Universitetini bitirib. Hərbi xidmətini 1968-1973-cü illərdə yaşadıqları Texas ştatındakı Milli Havadan Müdafiə Qüvvələrində təyyarə pilotu olaraq keçib. 1989-1994-cü illərdə Texas Rangers peşəkar beysbol komandasına rəhbərlik edib və həmin illərdə öz adına - Buş Neft və Qaz Şirkətini yaradıb. 1994-cü ildə Texas ştatının qubernatoru seçilib. 1977-ci ildə Laura Buşla ailə qurub və əkiz qızı var. Buş iki dəfə – 2000 və 2004-cü illərdə keçirilən prezident seçkilərində qalib gələrək son 8 ildə Birləşmiş Ştatlara rəhbərlik edib.

 

Oğul Corc Buş 8 illik hakimiyyəti dövründə ABŞ-ın dünyada hegemonluğuna çalışdı. Şərqə “səlib yürüşü”nə çıxan Buş dünyanın iki nöqtəsində müharibə ocağı yaratdı. Yalnız atasının yenə bilmədiyi İraq prezidenti Səddam Hüseyni devirdi və edamına nail oldu. Bunların müqabilində ABŞ-ı bir sıra təhlükələrlə, xüsusilə də terror təhlükəsi ilə üz-üzə qoydu.

 

Buş Üsamə Ben Laden adlı terrorçunu dünyanın gündəminə gətirdi. Buş dönəmində ABŞ tarixindəki ən böyük terror təhlükəsi ilə üzləşdi. Terrorçu kamikadzenin qaçırdığı sərnişin təyyarəsini Nyu-Yorkdakı əkiz göydələnlərə çırpması nəticəsində minlərlə insan həlak oldu.

 

ABŞ-ı 21-ci əsrə 2 qanlı müharibə ilə keçirən Buş 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə isə İraqa qoşun yeritdi. Bu müharibələr Birləşmiş Ştatlara milyardlarla dollar maddi ziyan vurdu, minlərlə insan hərbi əməliyyatlarda həlak oldu. Buş hakimiyyəti Əfqanıstan və İraqdakı hərbi əməliyyatlara 7 il ərzində 904 milyard dollar vəsait xərclədi ki, bunun ABŞ-ın Vyetnam müharibəsinə xərclədiyi vəsaitlərdən dəfələrlə çox olduğu bildirilir. Təkcə 2003-2008-ci illərdə Buş iqtidarı İraqda hərbi əməliyyatlara 687 milyard dollar yönəldib ki, bu da İkinci Dünya Müharibəsinin xərclərindən çoxdur.

 

Oğul Corc Buşun qeyri-ciddi, yanındakılar üçün gözlənilməz hərəkətləri çox olub və bu haqda son 8 ildə nəinki ABŞ mətbuatı, eləcə də dünya KİV-ləri zaman-zaman yazıb. Bu hadisələrin bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən, gözlənilmədən baş verib. Necə deyərlər, maraqlı hadisələr “Buşu tapıb”.

 

Oğul Buş ABŞ tarixinin yeganə prezidentidir ki, onunla bağlı 20-dən artıq kompüter oyunu yaradılıb.

 

C. Buşun qəribə hərəkətləri qeyd etdiyimiz kimi, medianın diqqətindən yayınmırdı. Belə ki, Şotlandiyada Böyük Səkkizliyin (G-8) zirvə toplantısında ayaqyolundan çıxıb sürətli addımlarla toplantı zalına gələn Buş qəfildən qarşısına çıxan mühafizəçi ilə toqquşur. Gözlənilməz zərbədən yerə sərilən C.Buş əlini möhkəm əzərək, bir müddət bundan əziyyət çəkməli olur. “Qazdan ayıq” fotoqraflar dərhal Buşun mühafizəçi ilə toqquşma anını fotolara köçürməyə nail olurlar.

 

2004-cü ilin fevral ayında Ağ Evdə jurnalistlərin də iştirak etdiyi tədbirdə yediyi suxarının yekə bir tikəsi prezidentin boğazında qalır. Udquna bilməyib boğulan Buş stuldan yıxılır. Mühafizəçilər dərhal yardım göstərərək Buşu boğulub ölməkdən xilas edirlər.

 

“Katrina” qasırğasından zərərçəkənlərlə görüş zamanı vətəndaşlardan biri prezident C.Buşdan avtoqraf istəyir. Vətəndaşın könlünü qırmayan Buş bir qədər aralıda dayanmış köməkçisinə “qələmi mənə tulla!”,- deyir. Lakin o, qələmi tuta bilmir. Avtomat qələmin iti ucluğu Buşun sifətinə bataraq qana qərq edir. Qələmin nizə kimi havada Buşun üzərinə gəlməsini və prezidentin sifətini necə qana boyamasını bu dəfə də fotoqraflar lentə köçürməyə macal tapa bilirlər.

 

2007-ci ildə CNN televiziyası Buşla bağlı qəribə bir xəbər yayımladı. Nüfuzlu telekanal ABŞ prezidentində gənə xəstəliyi (bit olduğu) aşkarlandığını və onun 2006-cı ildən bu xəstəlikdən müalicə aldığı bildirdi.

 

Bir dəfə Vaşinqton jurnalistlərinin şərəfinə verilən ənənəvi şam yeməyində Buş yenə də qəribə hərəkətləri ilə hamını təəccübləndirdi. “Gridiron Club”da kovboy şlyapasında səhnəyə çıxan ABŞ prezidenti müğənni Tom Consun “Green Gras of Home” mahnısını sözlərini dəyişməklə ifa edir. Buşun “yeni oranjimanda” təqdim etdiyi mahnıda iti Barnidən, həmçinin dövlət katibi Kodoliza Rays və vitse-prezident Dik Çeynidən söhbət açılırdı.

 

Jurnalistlər üçün verdiyi şam yeməyinin birində Buş təqribən 2 dəqiqə məşhur vətənpərvərlik marşına dirijorluq edir.

 

Ağ Evin həyətində bir neçə dəfə velosipeddən yıxılmış Buş bir dəfə möhkəm əzildikdən sonra bu idman növündən kənarlaşmağı məcbur olur.

 

Şükran günündə qucağına aldığı hindquşu gözlənilmədən Buşun üstünü çox pis şəkildə bulayır. Bu halda ətrafdakılara yalnız gülümsəməklə reaksiya verən Buş həmin hindquşunu kəsməkdən imtina edir.

 

2005-ci ildə gürcüstana səfər edən Buş, Tbilisinin mərkəzi meydanlarından birində qəflətən səhnəyə çıxaraq, gürcü havasına rəqs etməsi ilə yadda qaldı.

 

C.Buşun Nyu-Orlean şəhərində “Katrina” qasırğasından zərərçəkənlərlə görüşündəki çıxışının CNN-də birbaşa translyasiyası zamanı başqa bir qəribə hadisə baş verir. Qeyri-adi hərəkətləri ilə hamını təəccübləndirən ABŞ prezidenti bu dəfə özü qəribə hadisə ilə üzləşir. Ekranda danışan Buş olsa da onun səsi əvəzinə iki qadının qeybəti efirə verilir. Belə ki, “Live From” proqramının aparıcısı Kira Filipps studiyanı tərk edərək ayaqyoluna yollanır və naqilsiz mikrofon da onun yaxasında işlək vəziyyətdə qalır. Təxminən 1,5 dəqiqə ərzində CNN ABŞ prezidentinin səsi yerinə K.Filipsin ayaqyolunda hansısa qadına əri və qardaşı barədə danışdıqları translyasiya etməli olur. Ayaqyolundakı unitaza buraxılan suyun və bağlanan qapının səslərindən sonra Filipsin kiminsə ünvanına “eşşək” dediyi də efirə yayımlanır.

 

Gəncliyində alkoqol düşkünü olduğunu etiraf edən C.Buş ABC telekanalına müsahibəsi zamanı bildirib ki, 21 il əvvəl spirtli içki qəbul etməyi dayandırmasaydı, prezident ola bilməzdi. O, içini atmağın həddən artıq çətin olduğunu da deyib.

 

Buşun vida dönəmində Ağ Evin mətbuat xidməti elə Buşvari qəribə bir məlumatla çıxış etdi. Fələstində qanlı döyüşlərin getdiyi, minə yaxın insanın həlak olduğu bir vaxtda Ağ Ev Buş ailəsinin sevimli pişiyi İndiyanın öldüyünü, “prezident, xanım Buş, Barbara və Cenninin pişikləri İndiyanın ölümündən dərin kədər hissi keçirdiklərini” bəyan etdi: “Amerika cinsindən olan 18 yaşlı qısa tüklü qara pişik yanvarın 4-də Ağ Evdə ölüb. İndiya təxminən 20 il ərzində Buş ailəsinin sevimli ev pişiyi olub. Onun yoxluğu ailədə hiss olunacaq”.

 

Pişiyin ölümü zamanı dünyaya məlum oldu ki, hazırda Corc Buşun evində Barni və Miss Bizli adlı iki şotland terryeri (it cinsi) yaşayır. Onların hər birinin İnternetdə şəxsi səhifələri, şəkilləri və videoçarxları var.

 

C. Buşun 8 illik fəaliyyəti dönəmində ən məşhur olayı isə 2008-ci ilin dekabrında İraqa səfəri oldu. İraqın baş naziri ilə keçirdiyi mətbuat konfransında iraqlı jurnalist etiraz əlaməti olaraq ayaqqabılarını çıxararaq Buşa tulladı. Buş cəld hərəkətlə ayaqqabı zərbəsindən xilas olsa da jurnalisti həbs etdilər. Dünyada rezonans yaradan bu hadisə bir gün sonra İnternetdə “Buşa ayaqqabı atın” oyununun yayılması, Buşa atılan ayaqqabının qiymətinin 10 milyon dollara qalxması, həmin ayaqqabı modelinə “Buş ayaqqabısı” adı verilməsi və s. hadisələrlə yadda qaldı... Bir sıra ölkələrdə, o cümlədən İranda Buşun şəklinə ayaqqabı atma yarışı keçirildi.

 

Yəqin ki, bundan sonra müsəlman dünyası Buşu məhz “ayaqqabı olayı” ilə xatırlayacaq.

 

Görək, Obama nə göstərəcək...

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74187 ziyaretçi (120052 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol