MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycanda ov silahlarının satışı 2 dəfə artıb

Son illər Azərbaycanda ov silahlarının satış həcmi 2 dəfə artıb. Təxmini hesablamalara görə, Azərbaycanda əvvəllər il ərzində ilkin bazarda 100-150 ədəd müxtəlif markalı ov tüfəngləri satılırdısa, artıq bu göstərici 250-300-ə çatıb.

Qeyd edək ki, əgər əvvəllər ov silahı almaq üçün Ovçular Birliyində üzvlük mütləq idisə, bu tələb artıq götürülüb. Bu da öz növbəsində ölkədə ov silahlarının satış məntəqələri şəbəkəsinin genişlənməsinə və satış həcminin artmasına təsir göstərib. Hazırda təkcə Bakı şəhərində ov silahlarının satışını həyata keçirən 12 mağaza fəaliyyət göstərir. Mövcud qanunvericiliyə və «Silah haqqında» qanuna əsasən, 18 yaşına çatmış hər bir vətəndaş istənilən markalı ov silahını ala bilər. Silahın alınmasına xüsusi icazəni əldə etmək üçün isə vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunmalıdır: ərizə (polis orqanından alınmış blankda), Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında tibbi arayış, 3x4 sm ölçüdə iki ədəd fotoşəkil. Həmçinin, ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Hüquq-mühafizə sistemində çalışan şəxslər barədə belə yoxlamalar aparılmır. Mülki silahın əldə edilməsinə xüsusi icazənin verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir. Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.
Araşdırmalar göstərir ki, Azərbaycanda ov silahları bazarı müstəqillik illərində müəyyən dərəcədə inkişaf etsə də, yerli istehsalın olmaması, eləcə də silah və sursatın digər ölkələrdən gətirilməsi böyük tələbatın müşahidə edildiyi bu bazarda müəyyən problemləri üzə çıxarıb. Qeyd edək ki, Azərbaycanda döyüş və odlu fərdi mühafizə silahlarının satışı olmadığından, ov silahları həm də bu məqsədlər üçün istifadə olunur.
Aparılan araşdırmaların nəticələrinə görə, Azərbaycanın silah bazarı inkişafına və aktivliyinə görə, qonşu Gürcüstandan xeyli geri qalır. Burada digər maneələr silah almaq üçün qoyulan tələblərin və lazımtələb edilən sənədlərin çoxluğudur. Mağazalardan bildirilib ki, avtomatik ov tüfəngləri üçün artıq DİN-in qeydiyyatı lazımdır.
Qeyd edək Ki, qonşu Gürcüstanda istər ov tüfənglərinin, istərsə də avtomatik döyüş tüfənglərini (AK-74-dən M-16-dək) silah mağazalarından əldə etmək mümkündür. Bunun üçün heç polisdə də qeydiyyata düşməyə ehtiyac yoxdur. Silah satan mağaza silahın nömrəsi və pasportu təqdim etməklə alıcını qeydiyyata alır.
Araşdırmalarımıza görə, Azərbaycana ov tüfəngləri əsasən Rusiya və Türkiyədən, həmçinin, qismən bəzi Avropa ölkələrindən gətirilir. Son illər Rusiyadan silah gətirilməsi bir qədər çətinləşdiyindən RF istehsalı olan tüfənglərin qiymətində 15-20% bahalaşma baş verib.

Satış həcminə görə silahların ilk beşliyi:

Tüfəngin markası

Tüfəngin növü

Kalibri

İstehsalçı ölkə

İj-27

qoşalülə

12

Rusiya

İj-43

qoşalülə

12

Rusiya

Vinchester

yarımavtomatik

12

ABŞ, ABŞ-Türkiyə

«Sarsılmaz»

qoşalülə

12 və 20

Türkiyə

Cherchill

yarımavtomatik

12

İngiltərə



Azərbaycan Ovçular Birliyinin sədr müavini Füzuli Əşrəfovun sözlərinə görə, bu gün Azərbaycanda ən geniş yayılmış ov silahları Rusiyanın İjevsk və Tula zavodlarının istehsalı olan 12, 16 və 20 kalibrli qoşalülə ov tüfəngləridir. Uzun illər sınaqdan yaxşı çıxdığından hazırda ov həvəskarları tərəfindən ən çox alınan da məhz bu silahlardır. Bununla yanaşı, Azərbaycandakı silah həvəskarları Rusiyanın avtomatik beşaçılanlarına, İngiltərənin «Cherchill» və ABŞ-ın «Vinçestr» tüfənglərinə də böyük maraq göstərirlər.

Ən çox satılan ov silahlarının qiyməti:

Silahın adı və kalibri

Silahın növü

İstehsalçı ölkə

Qiyməti (manatla)

İJ-27 – 12 k

Qoşalülə - 1 çaxmaqlı

Rusiya

900-1100

İJ-27 – 20 k

Qoşalülə - 1 çaxmaqlı

Rusiya

1000-1200

İJ-27 – 28 k

Qoşalülə - 1 çaxmaqlı

Rusiya

1100-1250

İJ-43 – 12 k

Qoşalülə - 2 çaxmaqlı

Rusiya

800-1000

İJ-43 – 20 k

Qoşalülə - 1 çaxmaqlı

Rusiya

1000-1150

Cherchill – 12 k

Yarımavtomatik beşaçılan

İngiltərə

550-700

Vinchester – 12 k

Yarımavtomatik

ABŞ

1000-1200

SAYQA–410K

Avtomatik

Rusiya

1400-1800

Sarsılmaz - 12 k

Qoşalülə

Türkiyə

300-450



Monitorinqin nəticələri göstərir ki, 2007-ci ilin əvvəli ilə müqayisədə güllələrin qiymətində də təxminən 15-30% bahalaşma baş verib. Hazırda Azərbaycanda ov tüfəngləri üçün 12 kalibrli güllələrin 1 ədədinin qiyməti 1 manat, 16 kalibrli güllələrin 1 ədədinin qiyməti isə 1,4 manatdır. Güllə üçün pistonun 1 ədədi 6 qəpik, barıtın 250 qramlıq qutusu isə 20 manatdır.
Son yarım il ərzində Rusiyadan ov tüfənglərinin gətirilməsinin çətinləşməsi və 16 kalibr tüfənglərin istehsalının dayanması bu sursata tələbatı artırıb. Bu səbəblərdən 16 kalibr gilizlərin qiymətində təxminən 40%-lik bahalaşma olub.
Silah üzrə mütəxəssis Tamerlan Tuayevin sözlərinə görə, ov tüfənglərinin qiymətinə bir sıra amillər təsir göstərir. Bura tüfəngin markası, keyfiyyəti, satışda sursatının çox və ya az olması və s. aiddir. Məsələn, «Cherchil» tüfəngləri İngiltərə istehsalı olmasına baxmayaraq, davamlılığının az olması onun qiymətinin digər silahlarla müqayisədə aşağı olmasına müəyyən təsir göstərir.
Mütəxəssis bildirib ki, ən keyfiyyətli ov silahları İngiltərə, Rusiya, Belçika, Almaniya və İtaliyanın istehsalı olanlardır.
T.Tuayevin sözlərinə görə, Rusiyanın istehsal etdiyi silahlar bir sıra üstünlüklərə malikdir. Məsələn, Rusiya istehsalı olan ov tüfənglərinin materialları keyfiyyətli olmaqla yanaşı davamlılığı yüksəkdir. Türkiyə istehsalı olan silahların lüləsi keyfiyyətli olsa da, silahın digər mexanizmləri Rusiya silahları ilə müqayisədə keyfiyyətsiz hesab olunur. Həmçinin, tez sıradan çıxır. Eyni zamanda, atış imkanları Rusiya istehsalı olan silahlardan 2 dəfə aşağıdır.
«Bunu eyni zamanda «Vinchester» və «Cherchill» yarımavtomatik silahlarına da aid etmək olar. Bu silahların sistemi gözəl olsa da, bir sıra nöqsanları var və onlar davamsız hesab edilir», - deyə T.Tuayev qeyd edib.
Avropa ölkələrinin istehsalı olan silahlar arasında isə ən keyfiyyətliləri İtaliya istehsalı olan «Beretta» və «Browning» tüfəngləri sayılır.
Araşdırmalar göstərir ki, son bir neçə ildə avtomatik və yarımavtomatik ov tüfənglərinin satışında da müəyyən irəlləyişlər var. Ümumiyyətlə, bu tüfənglər ov məqsədləri üçün deyil, reallıqda daha çox fərdi mühafizə vasitəsi üçün alınır. Mütəxəssislərin sözlərinə görə, xarici görünüşü və daxili sistemi Kalaşnikov avtomatları ilə uyğun olan SAYQA tüfənglərinin bir neçə modeli var. Onlardan bəzilərinin qundağı AKS və AKSU avtomatlarında olduğu kimi qatlandığından, bu tüfəngləri hətta maşında və çantada belə gəzdirmək, asanlıqla harasa daşımaq mümkündür. Lakin SAYQA-lar ov üçün o qədər də əlverişli silah sayılmır.
Ekspertlər Azərbaycanda ov tüfəngləri bazarının genişlənməsi üçün yerli istehsalın qurulmasının vacibliyini önə çəkirlər. Mütəxəssislərin fikrincə, ölkənin müdafiə təyinatlı məhsullar istehsal edən müəssisələrində ov silahlarının, o cümlədən, piston və gilizlərin istehsalını həyata keçirmək mümkündür. Bu sahəni lisenziyalaşdırmaqla Türkiyədə olduğu kimi özəl şirkətlərə də həvalə etmək olar. Əks halda isə xarici ölkələrin məhsullarından tam şəkildə asılı qalan bu bazarın yaxın illərdə inkişafından danışmağa dəyməz.
Xatırladaq ki, bu gün ölkədə yalnız ov tüfəngləri üçün qırma (saçma) istehsal edilir.

 

APA-Economics

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73889 ziyaretçi (119637 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol