MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  73 yaşlı Azərbaycan generalı təyarədən paraşütlə tullanacaq

General Dadaş Rzayev: “Əsgərləri incidən zabitləri “nakazat” etmişəm”

 

Azərbaycan Müdafiə Nazirliyinin ilk 4 zabitindən biri, sabiq müdafiə naziri Dadaş Rzayevin Lent.az-a müsahibəsi

- Cənab general, necə oldu ki, hərbçi peşəsini seçdiniz?

- Uşaqlıqda hərbçi olmaq barədə düşünməmişəm. Arzum təyyarəçi olmaq idi. 1953-cü ildə Politexnik İnstistutuna daxil oldum və bir il sonra hərbi xidmətə çağrıldım. Belarusda hava desant qoşunlarında xidmət etdim. O vaxt hərbi xidmət 3 il idi. Karantin qurtarandan sonra məni 1 illik serjant məktəbinə göndərdilər. Rus dilini çox zəif bilməyimə baxmayaraq, serjant məktəbini oxudum. Hərbi xidmətimi qurtarmağıma yarım il qalmış bizi hava desant qüvvələri üçün orta ixtisas məktəbinə göndərdilər. Dedim, hərbçi olmaq istəmirəm. Diviziya komandirinin müavini üstümə qışqırdı ki, “otur yerində. Əmrdir, getməlisən”. Bu, məxfi məktəb idi və Qazaxıstanda səhranın ortasında yerləşirdi. İmtahanlarda qəsdən zəif iştirak edib, pis qiymət alırdım ki, məktəbə götürməsinlər. İstəmirdim zabit olub 25 il xidmət edim. Sənədlərimlə tanış olan məktəbin rəisi dedi ki, necə ola bilər, orta məktəbi əla qurtarmış, xidmətində yüksək təltifləri olan bir adam pis qiymət alsın? Burada da inad etdim ki, hərbi məktəbi oxumaq istəmirəm. Xeyri olmadı. Biz bu məktəbin ilk kursantları olduq. Kursantlıq dövründə fərqləndim və “Qırmızı Ulduz” medalı ilə təltif olundum. Birinci kursu bitirəndə gördüm ki, artıq hərb peşəsinə bağlanmışam.

- Əsgərlik dövrünüzdə “dedovşina” ilə üzləşdinizmi?

- Sovet ordusunun “boevoy” hərbi hissələrində dedovşina olmayıb. “Dedovşina” tikinti hərbi hissələrində, eləcə də ixtisaslaşmış hərbi hissələrdə mövcud idi. Mən şəxsən 37 il hava desant qoşunlarında qulluq eləmişəm və “dedovşina” görməmişəm.

- 3 illik xidmət ərzində evinizdən ötrü darıxmısınızmı?

- Düzünü deyim ki desant qoşunlarında darıxmağa vaxt olmur. Səhərdən axşama kimi boş bir dəqiqə vaxt tapa bilməzsən ki nəyisə düşünəsən. Bütün günü məşq edir, paparaşütlə tullanır və s.

- Birincə dəfə paraşütlə tullananda qorxdunuz?

- Mən birinci dəfə paraşütlə 1955-ci il yanvarın 16-da tullanmışam. Aerostatla 500 metr yüksəyə qalxır və tullanırdıq. Aerostatdan tullanmaq çox qorxulu idi. Bu aparat yüksəkliyə qalxandan sonra dayanır və əsgərlərə tullanmaq əmri verilir. Hərəkət edən təyyarədən fərqli olaraq bu tullanış çox qorxuludur. İstər-istəməz aşağı baxırsan və gözün qaralır, başın gicəllənir. Düzü, ilk dəfə heç nə başa düşmədim və yerə necə enməyimi dumanlı xatırlayıram. Sonrakı dəfələrdə artıq düşünməyə başlayır və qorxursan.

- Zabitlik dövrünü necə başladınız?

- 1959-cu ildə məktəbi fərqlənmə ilə bitirib, orduda leytenant rütbəsində xidmətə başladımım. İlk təyinatım Tula şəhərində yerləşən diviziyaya oldu. Orada məni diviziya komandirinin adyudantı təyin etmək istədilər. Etiraz etdim ki, “mən generalın çəkməsini təmizləmək istəmirəm”. Bundan sonra hərbi hissələrdə tağım, bölük və tabor komandiri vəzifələrində çalışdım. Hava desant qoşunları tarixində ilk dəfə olaraq, kapitan rütbəsində tabor komandiri vəzifəsinə təyin olundum. Poliqona 40 km məsafəni digər tabor komandirləri maşında getdiyi halda, tabormun önündə qaçaraq gedirdim. Turnikdə əvvəlcə özüm idman hərəkətləri edir, sonra əsgərlərdən tələb edirdim. Ordu komandanı alayı yoxlayanda bütün taborlar “2” mənim taborum isə “4” aldı. Bundan sonra alayda mənim barəmdə fikir dəyişdi.

- Belə deyim var: “general olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. Bu fikrə münasibətiniz necədir?

- Bu, nağıldır. Heç vaxt belə fikri qəbul etməmişəm.

- Necə general oldunuz?

- Frunze adına akademiyanı qurtarandan sonra mən bir müddət Kaunasda, Bakıda hava desant alayında komandir, daha sonra Gəncədə 12 min nəfərlik diviziyanın komandirinin birinci müavini təyin olundum. Sonra Lvovda yeni hava desant briqadasını yaratdım. Polkovnik rütbəsində general vəzifəsində çalışdım. Qulluq etdiyim dövrdə nə kimdənsə nə rütbə, nə də vəzifə istəmişəm. Həmişə özləri çağırıb məni vəzifəyə göndəriblər. General rütbəsini isə 1991-ci ildə Azərbaycanda almışam.

- Siz Həbəşistan və Əfqanıstanda da qulluq etmisiniz...

- Əfqanıstana mən 4 tabor aparmışam. Hər dəfə də özüm bir neçə ay orada qalıb, onları əraziyə uyğunlaşdırmışam. Həbəşistan isə o vaxt Somali qoşunları və separatçılarla müharibə aparırdı. SSRİ bu ölkəyə kömək məqsədi ilə general rütbəli zabitləri göndərirdi. Məni Həbəşistana mülki geiyimdə və “kənd təsərrüfatı eksperti” sənədi ilə göndərdilər. Həbəşistanın Müdafiə Nazirliyi üçün desant briqadasını yaratdım.

- Savadlı sovet cəmiyyətindən fərqli olaraq, meşədə yaşayan qəbilələrdən yığılmış əsgərlərdən qoşun yaratmaq çətin olmadı ki?

- Bizim əsas çətinliyimiz həbəş dilini bilməmək idi. Həbəş zabitlərinin çoxunun savadı yox idi. Onları çox çətinliklə başa salırdıq. Təsəvvür edin, cəngəllikdən yığılmış adamları əsgər edirdik. Bizim bu ölkədə əsas qorxumuz düşməndən çox zəhərli həşəratlardan, kobra ilanlardan idi.

- Leytenant rütbəsindən general rütbəsini alana qədər neçə il xidmət etmisiniz?

- 32 il. Mə heç bir vəzifəni buraxmamışam.

- Bəs necə oldu Azərbaycan ordusunda xidmətə başladınız?

- Azərbaycan ordusuna gəlişim Qarabağa Xalq Yardımı Komitəsinindən başladı. Komitədən mənə bir vertolyot verdilər və Qarabağa getdim. Bütün dağ kəndlərini gəzdim. Hətta bəzi kəndlərə ərzaqla yanaşı qışda mal-qarası ac qalmaması üçün vertolyotla ot da daşıdım. 1991-ci ilin sentyabrında Müdafiə Nazirliyi yarandı və nazir Valeh Bərşadlı məni özünə müavin təyin etdi. Etiraz etsəm də xeyri olmadı. Dedi ki, əmr əmrdir. İşləməlisən, vəssalam. Bərşadlı Baş Qərargah rəisi təyin olunanda mənə şimal-qərb istiqamətində korpus yaratmağı tapşırdı. Tovuza gedərək 12 min nəfərlik korpus yaratdım. 1993-cü ilin martında prezident Əbülfəz Elçibəy məni çağırıb dedi ki səni müdafiə naziri təyin edirəm. Bu dəfə də etirazlarımın nəticəsi olmadı. Elçibəy məni maşınına mindirib nazirliyə gətirdi və zabitlərə təqdim etdi. Ordudan 1995-ci ildə tərxis olundum.

- Siz 1991-ci il dekabrın 8-i Azərbaycan ordusunun ilk əsgərlərini Şəhidlər Xiyabında Hərbi Anda apardınız. O günü necə xatırlayırsınız?

- Ordu təzəcə yaranmışdı. Biz zabitlər Hərbi Andın zəruriliyini nəzərə alaraq, mətnini hazırladıq və Ali Sovet təsdiq etdi. İlk taboru dekabrın 8-də Şəhidlər Xiyabanında andiçməyə apardıq. Bütün ictimaiyyət orada idi. Komandir Zaur Rzayevə dedim ilk andı o içsin. Azərbaycan cəmiyyəti görsün ki, ordusu yaranır. Andiçmə təntənəli oldu. Mən qürur hisssi keçirirdim ki, ordumuz yaranır. Bir maraqlı faktı da xatırladıram. Ordunun yaradılması haqqında qərar qəbul ediləndən sonra ilk hərbi hissənin ştatına düşən birinci əsgər Elnur Abbasov oldu.

- 40 il orduda xidmət keçmiş general hərbi mundir üçün darıxmır ki?

- Hərbi mundiri elə geyinmək lazımdır ki, baxanlar desin əsl hərbçidir. Zabit var, geyiminə fikir vermir. Papağı əlində, kəməri yox, ayaqqabı pis gündə və s. Bunları görəndə ürəyim ağrıyır. Amma hərbi mundirimi saxlayıram və tədbirlərə geyinirəm. Paradda geyinmişdim. Orden və medallarımı da taxmışdım. Bu gün 73 yaşım var və artıq formadan ötrü darıxmıram. Təəssüf edirəm ki, bir hərbçi kimi ölkəm üçün bir şey edə bilmirəm.

- Hərbi mundirə hörmətsizlik nədən yaranır?

- Birincisi, biz buna öyrənməmişik. Digər tərəfdən də hərbi ənənə hələ formalaşmayıb. Bu ənənə yaranmaqdadır.

- Uzun müddət çöl-səhra şəraitində xidmət etmiş bir hərbçini çağırıb nazir təyin etdilər. Bakının mərkəzində nazir kabineti sizə cansıxıcı görünmədi ki?

- Bu elə bir dövr idi ki, başqa çıxış yolumuz yox idi. Gecə-gündüz kabinetdə qalırdım.

- General rütbəsində, əldə silah açıq döyüşdə iştirak etmisiniz?

- Dəfələrlə. Əsgəran, Xramod, Başkənd əməliyyatlarında əlimdə silah özüm öndə getdim ki, əsgərlərim də ardımca gəlsinlər.

- Nə vaxtsa döyüşə gedəndə qorxmusunuzmu?

- Döyüşdə qorxmağa vaxt tapılmır. Amma qorxu hissi bütün insanlarda var.

- Hansı silahlardan şəxsən istifadə etmisiniz və istifadəni bacarırsınız?

- Həbəşistanda SSRİ-nin bütün silahlarını nümayiş etdirmişəm. Tapança və avtomatla yanaşı, qumbaraatan, minaaatan, top, tank, BMP-dən atəş açmışam. Şəxsən tank və BMP sürmüşəm. Biz desant qoşunlarında tək SSRİ-nin deyil, NATO ölkələrinin də silah və texnikalarını öyrənmişik. Yaşıma baxmayın, bu gün də istənilən silahdan istənilən hədəfə atəş açaram. Zabit bütün silahlardan istifadəni bacarmalıdır. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə danışmışam, yayda Qəbələdə paraşütçülərlə birgə təyyarədən tullanacam. Qeyd edim ki, mən xidmətim müddətində 1500 dəfə təyyarədən tullanmışam.

- Hərbi hissələrdə yenə sizə bir hərbçi kimi məruzə edirlərmi?

- Edirlər. Amma buna imkan vermirəm. İstəyirəm mülki şəxs kimi yanaşsınlar.

- Memuar yazırsınızmı?

- Mənim haqqımda bir kitab yazıblar. Materialları toplayıram. Bəlkə yazdım.

- Günahı, səhvi olan əsgərlərinizi necə tənbeh etmisiniz? Döymüsünüzmü?

- Mən həmişə əsgəri döyənlərə qarşı çıxmışam. Çar Rusiyasının ordusunda əsgəri döyən zabitlə digər zabitlər əl verib salamlaşmayıblar. Əsgərimə heç vaxt əl qaldırmamışam. Əsgərini vuran zabit zabit deyil. Amma əsgərləri incidən zabitləri “nakazat” etmişəm.

- Zabitlərin daha yaxşı xidmətinə nail olmaq üçün nə lazımdır?

- İstəyi, bacarığı və maddi təminatının yaxşı olması. Əgər zabit yaxşı maaş alarsa, maddi təminatı yaxşı olarsa o daha yaxşı xidmət edər. Bəzi neqativ məsələlər də aradan qalxar. Aşağı maaşla leytenant özünü və ailəsini necə saxlasın?

- Özünüz necə dolanırsınız?

- Bayılda ikiotaqlı evim var. Mənim nə bağım, nə də maşınım yoxdur. Normal yaşayıram. Nazir olanda özüm üçün nə istəsəm edərdim. Mən özümə bir ev də ala bilmədim. Fikrim onda idi ki torpaqlarımızı müdafiə edək.

- Azərbaycan ordusu bu gün hansı standartlara uyğundur. NATO, yoxsa, sovet?

- Hər bir standartların elmi əsasları var. Silah silahdır, sursat eynilə, tərbiyə də həmin tərbiyə. Mən hesab edirəm ki, bizim ordumuz üçün NATO standartalarını mənimsəmək daha səmərəlidir. NATO-da çox şeylər var. Biz nə qədər tez NATO standartlarına keçib, NATO-ya qəbul olunsaq, çox şey qazanarıq.

- Hərbi məktəblərə qəbul balının aşağı salınmasına necə baxırsınız? 100 balla hərbi məktəbə qəbul olunanlardan zabit ola bilərmi?

- Bunlar hərbi vətənpərvərlik tərbiyəsinin, hərbi hazırlığın aşağı olmasından irəli gəlir. Hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı dövlət tərəfindən tədbirlər həyata keçirilməsə nə televiziyada çıxış, nə qəzetdə yazmaqla bu problemi həll etmək mümkün deyil.

- Bu gün ölkədə 50-dən artıq general var. Bunlardan hansına simpatiyanız var?

- Bacarıqlı, səriştəli əsl generalların hamısına simpatiyam var. O cümlədən, müdafiə nazirimiz Səfər Əbiyevə...

Lent.az

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73868 ziyaretçi (119562 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol